Şrift:
Haaqada “Şuşa İli” çərçivəsində ədəbi-bədii gecə keçirilib
05.03.2022 [09:39] - Gündəm, Mədəniyyət
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi, Niderland Milli Teatrı və “Avrasiya Türk Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq ədalət şəhəri Haaqada Niderland Milli Teatrının binasında “Şuşa İli” çərçivəsində “Natəvanın ayaq izləri” adlı ədəbi-bədii gecə keçirilib.

Ədəbi-bədii gecə Şuşanın 270 illiyinə, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə və Azərbaycan-Niderland diplomatik münasibətlərinin 30 illiyinə həsr edilib.

Ədəbi-bədii gecədə Niderlandda fəaliyyət göstərən səfirliklərin diplomatları, bu ölkənin mədəniyyət, incəsənət nümayəndələri, eləcə də Azərbaycan və türk icmalarının, yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Holland dilində keçirilmiş ədəbi-bədii gecədə Qarabağ xanlığı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa, eləcə də Xan qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Səhnələr nümayiş olunub. Gecədə milli musiqilərimiz, rəqslərimiz və mahnılarımız təqdim edilib. Azərbaycan icmasının üzvü Fatma Aktaşın təşkilatçılığı ilə Xurşidbanu Natəvanın həyatından səhnələr göstərilib.

Gecədə Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov çıxış edərək təşkilatçılara təşəkkür edib. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində mədəniyyət paytaxtımız Şuşa 28 illik erməni işğalından azad oldu. Şuşada aparılan bərpa işlərinə toxunan səfir deyib ki, artıq Şuşa əvvəlki kimi yenə də mədəniyyət festivallarına ev sahibliyi edir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib. Qarabağın tacı, xalqımız üçün müqəddəs məkan olan Şuşanın təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Bu il müqəddəs Şuşanın 270 illiyi qeyd edilir. Şuşanın ölkəmizin, eləcə də Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rolu olub”, - deyə səfir F.Axundov vurğulayıb. Diqqətə çatdırıb ki, Şuşada böyük şəxsiyyətlər, tanınmış şairlər, musiqiçilər yetişib. Bu il Şuşada tanınmış şairə, ictimai xadim, xeyriyyəçi Xurşidbanu Natəvanın doğma məkanında onun anadan olmasının 190 ili qeyd edilir.

Səfir, həmçinin bu il Azərbaycan-Niderland diplomatik münasibətlərinin 30 iliyinin qeyd edildiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed