Şrift:
İtaliya Baş nazirinin Prezident İlham Əliyevə zəng etməsi İtaliya mətbuatının diqqət mərkəzindədir
10.03.2022 [09:37] - Xəbərlər, Siyasət
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi və telefon söhbəti vaxtı müzakirə olunmuş mövzulara geniş diqqət ayırıb.

İtaliyanın aparıcı xəbər agentlikləri olan “ANSA”, “Adnkronos”, “Agenzia Nova”, “AGI”, “AISE”, “La Presse”, eləcə də “Insideover”, “Notizie Geopolitiche”, “Kmetro0”, “Giornale Diplomatico”, “Startmag”, “Tusiaweb”, “RTL”, “Affari Italiani”, “Borsa Italiana”, “La Ragione”, “La Sicilia”, “Notizie Yahoo”, “Informazione”, “TFNews”, “Alto Adige”, “Radio Studio Due”, “TV7”, “Sasari Notizie”, “Olbia Notizie”, “Giornale Radio” və sair kimi mətbuat orqanlarında dərc olunmuş yazılarda İtaliya Respublikası Nazirlər Şurasının Mətbuat Xidmətinin və Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatlarına əsasən martın 8-də Mario Draqinin Prezident İlham Əliyevə zəng etməsi, söhbət zamanı Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi, xüsusilə də enerji sahəsində əməkdaşlıq, Ukraynadakı böhranla bağlı vəziyyətə dair mövzuların müzakirə edildiyi qeyd olunub.

Məlumatlarda telefon söhbəti zamanı bu il Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu vurğulanıb. Bu müddət ərzində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub. Habelə bildirilib ki, söhbət zamanı Azərbaycan və İtaliya arasında iqtisadi, ticarət və enerji sahələrində səmərəli əməkdaşlığın qurulduğu, enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yer tutduğu qeyd edilib. Yazılarda telefon danışığı zamanı mədəniyyət və təhsil sahələrində həyata keçirilən uğurlu əməkdaşlıq layihələrinin müzakirə olunduğu, bu xüsusda Bakıda İtaliya-Azərbaycan universitetinin yaradılmasının əhəmiyyətinin vurğulandığı, eləcə də tərəflərin iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını bildirdikləri qeyd olunub. Məlumatlarda eləcə də, telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed