Şrift:
BMT-nin Baş katibi: pandemiyanın öhdəsindən gələ bilməmək dünyamız üçün mənəvi hökmdür
11.03.2022 [09:57] - Xəbərlər, Sağlıq
Koronavirus pandemiyasının başa çatmasını hesab etmək böyük səhv olardı.

Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin pandemiyanın rəsmi başlanğıcının ikinci ildönümünə həsr edilmiş bəyanatında deyilir.

“COVID-19 bütün dünyada sürətlə və amansızcasına yayılır. Pandemiya dünya iqtisadiyyatını dayandırıb, nəqliyyat şəbəkələrini və mal-təchizat zəncirlərini pozub, məktəbləri bağlayıb, bir birlərinə yaxın olan insanları ayırıb və milyonlarla insanı yoxsulluğa düçar edib”, – deyə A.Quterreş bildirib.

Baş katibin təqdim etdiyi BMT-nin məlumatına görə dünyada insanların psixi sağlamlığının pisləşməsi ilə əlaqədar saysız-hesabsız problemlər qeydə alınıb.

Vaksinlərin paylanmasının son dərəcə ədalətsiz olaraq qaldığını xatırladan Antonio Quterreş deyib: “Dünyada ayda 1,5 milyard doza vaksin istehsal edilir, lakin təxminən üç milyard insana hələ də birinci peyvənd vurulmayıb. Bu müvəffəqiyyətsizlik varlı ölkələrdə olan insanların sağlamlığını yoxsul ölkələrdə olan insanların sağlamlığından üstün tutan siyasətin birbaşa nəticəsidir. Bu, dünyamıza mənəvi hökmdür”.

BMT-nin Baş katibi hazırda bəşəriyyətin yaşadığı digər böhranlara baxmayaraq, cari ilin ortalarına bütün ölkələrdə insanların 70 faizinin peyvənd edilməsi ilə əlaqədar qoyulmuş məqsədə nail olunmasına çağırıb.

“Biz bəşəriyyətin tarixində bu kədərli fəsli birdəfəlik bağlayaraq pandemiyaya son qoymalıyıq”, – deyə Antonio Quterreş bəyanatında bildirib.
Bu xəbər oxucular tərəfindən 2453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed