Şrift:
Çempionlar Liqasında bütün dörddəbir finalçılar bəlli olub
17.03.2022 [10:10] - Gündəm, İdman
Martın 17-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulub.

Gecənin sensasiya nəticəsi Turində qeydə alınıb.

İspaniyanın "Vilyarreal" komandası İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 78-ci dəqiqədə penaltidən Jerar Moreno vurub. Matçın 85-ci dəqiqəsində Pau Torres fərqi iki topa çatdırıb. Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə penaltidən fərqlənən Arno Qrüneveld isə yekun hesabı müəyyənləşdirib. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından ispaniyalılar növbəti mərhələyə adlayıblar.

Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "zadəganlar" cavab görüşündə də qələbə qazanıb - 2:1. Oyunda hesabı meydan sahibləri açıblar. Qarşılaşmanın 38-ci dəqiqəsində Türkiyə millisinin hücumçusu Burak Yılmaz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Kristian Pulişiç tarazlığı bərpa edib. Qarşılaşmada son nöqtəni isə 71-ci dəqiqədə "Çelsi"nin kapitanı Sesar Asplikueta qoyub. Bu nəticədən sonra İngiltərə təmsilçisi adını növbəti raunda yazdırıb.

Beləliklə, "Çelsi", "Vilyarreal", “Real Madrid”, “Mançester Siti”, “Liverpul”, “Atletiko Madrid”, “Benfika” və “Bavariya” klubları dörddəbir finala vəsiqəni təmin ediblər.

Dörddəbir finalın püşkü martın 18-də baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed