Şrift:
Çində xəstəlik əlamətləri yüngül olan COVID-19 pasiyentləri xəstəxanalara yerləşdirilməyəcək
17.03.2022 [10:49] - Gündəm, Sağlıq
Çində son günlər COVID-19 virusuna yoluxmaların artması fonunda pasiyentlərin müalicəsi və onların karantinə cəlb olunması qaydalarında dəyişiklik edilib.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin təsdiq etdiyi yeni qaydalara əsasən, bundan sonra xəstəlik əlamətləri olmayan və ya yüngül olan COVID-19 pasiyentləri xəstəxanalarda deyil, xüsusi ayrılmış yerlərdə karantinə cəlb olunacaq. Əgər pasiyentlərin halında ağırlaşma müşahidə olunarsa, onlar xəstəxanaya yerləşdiriləcək. İndiyədək qüvvədə olan qaydalara əsasən, PZR testi müsbət olan hər kəs vəziyyətindən asılı olmayaraq xəstəxanalara yerləşdirilirdi. Bu da öz növbəsində ölkənin səhiyyə sistemi üçün əlavə yüklənmələrə səbəb olurdu.

Digər dəyişiklik isə müalicə alan və ya təcrid rejimində olan pasiyentlərin sağalmasının müəyyən edilməsi ilə bağlıdır. Bundan sonra pasiyenlərin PZR testinin “dövr həddi” əmsalı 35-dən yuxarı olarsa, onlar sağalmış hesab olunaraq, evə yazılacaq. Bu rəqəm dünyanın bir çox ölkəsində pasiyentin testinin neqativ hesab olunması üçün əsas götürüldüsə, Çində indiyədək hədd 40 idi. Əmsal nə qədər yüksək olarsa, yaxma nümunəsində virus olması ehtimalı az olur.

Bundan başqa, xəstəxanalarda müalicəni başa vuran pasiyentlər 14 gün məcburi olaraq xüsusi karantin yerlərində qalmaq əvəzinə, bir həftə ev şəraitində özünənəzarət rejimində yaşayacaqlar.

Qeyd edək ki, Çində martın əvvəlindən sutkalıq yoluxmalar davamlı çoxalır. Ötən sutka 1226 təsdiqlənmiş və 1206 asimptomatik yerli yoluxma qeydə alınıb. Bu cür yüksək rəqəmlər Çində COVID-19 böhranının qızğın vaxtlarında (2020-ci il yanvar-fevral ayları) qeydə alınırdı. Yoluxma halları paytaxt Pekin də daxil olmaqla Çinin 63 şəhərində aşkarlanıb. Artıq bir neçə şəhərdə tam və ya qismən qapanma tətbiq olunur, pasiyentlərin yerləşdirilməsi üçün mobil xəstəxanalar inşa edilir, kütləvi test prosesi həyata keçirilir. Hökumət infeksiyaya yoluxmanı ev şəraitində müəyyən etmək üçün sürətli antigen testlərindən istifadəyə icazə verib.

Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 virusu ilə növbəti böyük mübarizəsi kimi dəyərləndirirlər.
Bu xəbər oxucular tərəfindən 2299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed