Şrift:
Mingəçevirdə narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığının artırılması müzakirə olunub
18.03.2022 [09:42] - Gündəm, Sosial
Mingəçevir Dövlət Universitetində (MDU) “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından biri olan narkomaniyanın fəsadları barədə tələbələrin maarifləndirilməsi və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığının daha da artırılması məqsədi daşıyıb.

Universitetin mətbuat xidmətindən bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şöbənin əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

MDU-nun rektoru Şahin Bayramov ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində, ictimai asayişin möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında Azərbaycan polisinin mühüm rolunu qeyd edib. Rektor həm 44 günlük Vətən müharibəsi dövründə, həm də pandemiya şəraitində daxili işlər orqanlarının əməkdaşlarının yüksək vətənpərvərlik, fədakarlıq və humanizm nümayiş etdirdiklərini diqqətə çatdırıb. Gənclərin sağlam və vətənpərvər ruhda yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsinin universitetin başlıca vəzifələrindən olduğunu bildirən Ş.Bayramov belə tədbirlərin təşkilini narkomaniya əleyhinə həyata keçirilən müvafiq dövlət proqramlarının icrasına töhfə kimi dəyərləndirib. Ali təhsil ocağının rəhbəri sağlam və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin əhəmiyyətini qeyd edib.

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq onların fəsadları barədə geniş məlumat verib. Vurğulanıb ki, dünyada narkomaniyaya qarşı müxtəlif vasitə və üsullarla mübarizə aparılmasına baxmayaraq, problemin aktuallığı və miqyası artmaqda davam edir. Bəşəriyyət üçün təhlükəli olan bu bəlanın Azərbaycan cəmiyyətindən də yan keçmədiyini diqqətə çatdıran polis rəisi ölkəmizdə narkotik cinayətkarlığa qarşı aparılan uğurlu əməliyyatlardan, eləcə də həyata keçirilən məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərindən bəhs edib.

Məruzə ilə çıxış edən Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları psixotrop maddələrin insan orqanizminə zərərli təsirləri barədə tədbir iştirakçılarına məlumat veriblər. Bildirilib ki, narkomaniya sağlamlıq üçün ciddi təhlükə yaratması ilə yanaşı, cinayətkarlığın artmasına təkan verən ən böyük sosial bəlaya çevrilib. Polis əməkdaşları gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat tərzinə və mənəvi kamilliyə çağırıblar.

Tədbirdə, həmçinin “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və ”Yol hərəkəti qaydalarına əməl edək“ mövzularında çıxışlar dinlənilib.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed