Şrift:
Elnur Allahverdiyev: Xarici bazarlardan asılılığı azaltmaq üçün iqtisadiyyatın müxtəlif sferalarının inkişaf etdirilməsi tədqirəlayiqdir
18.03.2022 [09:52] - Gündəm, İqtisadiyyat
Azərbaycan güclü dövlət olduğunu 2020-ci ildə torpaqlarının azadlığı uğrunda apardığı haqq mübarizəsində bir daha göstərdi. Ölkəmiz Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə başladı. Qısa müddət ərzində həmin ərazilərdə mühüm layihələr reallaşdırıldı və bu istiqamətdə nəhəng işlər davam etdirilir.

Bu fikirləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın qazandığı uğurların arxasında Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət və uğurlu kadr islahatları dayanır: “Müasir dünyagörüşə və yeni təfəkkürə malik peşəkar kadrların mühüm vəzifələrə təyin olunmasının özünü doğrultduğunu biz bu gün əyani şəkildə görürük. Dünyada baş verən qlobal dəyişikliklərə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlər görmək bacarığı müasir şəraitdə mühüm keyfiyyətlərdir.

Statistikaya nəzər salanda görürük ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri 27,4 milyard manat məbləğində icra edilib ki, bu da 2020-ci illə müqayisədə 3,8 faiz, yaxud 1 milyard manat çoxdur. Bundan başqa, milli təhlükəsizlik və müdafiə tədbirlərinin icrasına ayrılan vəsait əvvəlki illə müqayisədə 21 faiz, yaxud 786,5 milyon manat çox olub. Hazırkı şəraitdə bu, olduqca vacibdir. Strateji valyuta ehtiyatlarımız 2021-ci il ərzində 2,4 milyard dollar (4,8 faiz) artaraq 53 milyard dollar təşkil edib. Xarici dövlət borcumuz 2021-ci ilin əvvəli ilə müqayisədə 8,7 faiz, yəni 707 milyon dollar azalıb və hazırda 7,4 milyard dollar təşkil edir”.

E.Allahverdiyevin sözlərinə görə, hazırda milli iqtisadiyyatımızda başlıca inqilabi təzahür ölkəmiz üçün ənənəvi olan büdcənin enerji daşıyıcılarının ixracından asılılığının azaldılması istiqamətində atılan addımlardır. Sağlam rəqabət, şəffaf biznes mühiti və vergi sisteminin bərqərar olması istiqamətində 2021-ci ildə də köklü tədbirlər görülüb və təsirli islahatlar paketi reallaşdırılıb. İqtisadiyyat Nazirliyi iqtisadiyyatın diversifikasiyası istiqamətində ciddi uğurlar əldə edir. Bu tədbirlərin ürəkaçan nəticələri özünü statistik göstəricilərdə əks etdirir.

“Pandemiya bizə dünyadakı abu-havanın, belə demək mümkündürsə, çətin proqnozlaşdırıldığını göstərir. Bölgəmizə yaxın regionda irimiqyaslı hərbi əməliyyatların getməsi isə bir daha nümayiş etdirdi ki, xarici bazarlardan asılılıq maliyyə əməliyyatlarından tutmuş logistik problemlərədək ciddi maneələrlə müşahidə olunur və biz istənilən tələbatımızı ödəməkdə ilk növbədə özümüzə güvənməliyik. Bu baxımdan xarici bazarlardan asılılığı azaltmaq üçün iqtisadiyyatın müxtəlif sferalarının inkişaf etdirilməsi, habelə qeyri-xammal ixracatının payının artırılması üçün görülən işlər tədqirəlayiqdir. Hazırda əsas ixracat məhsulumuz olan neft və qazın qiyməti olduqca əlverişlidir. Ancaq biz sabahı da düşünməliyik”, - deyə deputat vurğulayıb.

Azərbaycanın sosial dövlət olduğunu qeyd edən E.Allahverdiyev bildirib ki, vətəndaş, onun rifah halı dövləti hər zaman narahat edən başlıca problemdir. Maddi imkanların artımı ilə sosial təminat, rifah və məşğulluq problemlərinə də diqqət artır, mövcud problemlər həllini tapır, yaxud ən azı çətinliklər azalır. Sosial sahə istənilən halda vətəndaş narazılığının olacağı sahədir. Bununla belə, son bir neçə ildə, xüsusilə də, 2021-ci ildə bu istiqamətdə əhəmiyyətli işlər görülüb. Bu tədbirləri reallığa çevirmək tək dövlətimizin imkanlarının artması deyil, həm də son illərin əsas trendi olan hərtərəfli islahatlar nəticəsində formalaşmış şəffaflıq, habelə sağlam və qərəzsiz nəzarət mühitinin formalaşmasının nəticəsidir: “Əmək haqqı və pensiyaların miqdarındakı artım, şəhid ailələri və qazilərin evlə, avtomobillə təmin olunması, qazilərimizin müalicəsi dövlətimizin diqqət mərkəzindədir və həssas qrupdan olan insanların problemləri ən yüksək səviyyədə həll olunur. Düşünürəm ki, sürəti və miqyası baxımından müharibədən təzə çıxan bir ölkə üçün təqdirəlayiq və dünyada analoqu olmayan haldır”.

Ölkə iqtisadiyyatına töhfə verən sahələrdən birinin də turizm olduğunu vurğulayan deputat pandemiyadan əvvəl ölkəmizə gələn turistlərin sayında ciddi göstəricilər qeydə alındığını diqqətə çatdırıb: “Proqnozlar onu deməyə imkan verir ki, cari ildən etibarən ölkəyə gələcək turistlərin sayında çox böyük artım gözlənilir. Ölkəyə turistlərin cəlb olunması, ölkəmizin turizm cəlbedicliyinin xaricdə təbliği, bazanın yenilənməsi istiqamətində mühüm işlər görülür”.

E.Allahverdiyev bildirib ki, ölkəmiz qədim memarlıq nümunələri, maddi mədəniyyət abidələri, tarixi tikililərlə zəngindir. Bu tikililərin əcnəbilərə nümayiş etdirilməsi üçün ciddi təmir-bərpa işlərinə ehtiyac duyulur: “Vətənimizin ucqar bölgələrində tarixi abidələrimiz var ki, yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb. Biz son 30 illik tariximizdə tarixi abidələrin əhəmiyyətini bir növ yenidən dərk etməyə başlamışıq. Razılaşmalıyıq ki, bir çox hallarda Qarabağda, Şərqi Zəngəzurdakı qədim tarixi abidələrimizin düşmən tərəfindən özününküləşdirilməsinin bir səbəbi də məhz etinasızlığımız olub. Düşünürəm ki, hər kəs bu işdə öz töhfəsini verməyə borcludur. Dövlətimizin üzərində böyük yükü nəzərə alsaq, işğaldan azad olunmuş ərazilərimizdə tarixi və mədəni abidələrimizin bərpası işinə özəl sektorun könüllü şəkildə cəlb olunması turizm potensialımıza töhfə vermiş olardı”.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed