Şrift:
Fərəc Quliyev: “Zelenskinin mövqeyi Azərbaycanın və Türkiyənin doğru yolda olduğunu bir daha isbatlayır”
30.03.2022 [10:50] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Prezident Zelenski dövlət başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb. Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Telefon danışığı əsnasında Prezident Zelenski, tibbi ləvazimat da daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

Zelenski İlham Əliyevlə danışması barədə tvitter hesabında aşağıdakı məzmunda paylaşım edib:

“Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Dinc əhaliyə qarşı vurulan yeni zərbələr barədə məlumat verdim. Yaşıl dəhlizlərə olan ehtiyacı müzakirə etdik. Humanitar yardıma və əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür etdim”.

Qeyd edək ki, müharibə başlayandan sonra bu, Zelenskinin İlham Əliyevə etdiyi ilk təşəkkür deyil. Maraqlıdır ki, Azərbaycandakı bəzi radikal müxalif dairələr ölkəmizin Ukrayna ilə bağlı düzgün siyasət yürütmədiyini əsas teziz kimi qabardırlar. Zelenskinin İlham Əliyevə etdiyi təşəkkürlər elə həmin radikalların iradlarını alt-üst edən dəlil sayıla bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bu yöndə çox doğru siyasət yürüdür: “Müharibə ilə bağlı müzakirələrin ən qızğın çağında bizim Prezidentin Ukraynaya səfəri oldu. Belə təəssürat yarandı ki, həmin səfər Rusiyada qıçıq yaradacaq. Amma bir müddət sonra Rusiyada Putinlə görüş oldu. Bütün bunlar göstərdi ki, Azərbaycan hər tərəflə bərabər məsafə saxlamaqla nə prosesə daxil olur, nə də prosesdən kənarda qalır. Bu çox ehtiyatlı davranışdı. Hesab edirəm ki, burada həm də Türkiyə ilə razılaşdırılmış gedişlər vardı. Türkiyədə müharibə tərəflərinin baş tutan danışıqlarında Azərbaycanın da rolu az deyil. Ərdoğan dedi ki, onlar bu məsələləri cənab İlham Əliyevlə razılaşdırırlar, çünki Azərbaycan dövlət başçısı Rusiyaya çox yaxşı bələddir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, müharibənin gedişində ora humanitar yardımlar göndərir. Buna qədər də Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Biz Rusiya ilə münasibıtləri də normal saxlayırıq. Biz barışdırıcı mövqe tutmaq istəyiriksə bundan başqa davranış yolu qalmır. Zelenskinin məmnunluğu göstərir ki, biz həm dövlət, həm cəmiyyət, həm də media səviyyəsində doğru yolla gedirik. Ola bilər ki, bəziləri daha radikal addımların atılmasını tələb etsin. Bunlar doğru olmaz. Biz özümüzü də kataklizmlərdən qorumağı bacarmalıyıq. Həm bir dövlətin öz maraqları var. Bizim hazırda Qarabağda separatçılarla mübarizəni sərtləşdirməyimizi Ukrayna özünə böyük dəstək sayır. Bu məsələdə çox da dərinə getmək istəmirəm. Sizinlə razılaşıram ki, Zelenskinin mövqeyi Azərbaycanın və Türkiyənin doğru yolda olduğunu bir daha isbatlayır”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed