Şrift:
Türkiyə idmançısı: Bakıdakı Milli Gimnastika Arenasındakı gözəl şəraitdən məmnunam
01.04.2022 [10:32] - Gündəm, İdman
Bakıda Milli Gimnastika Arenasında yaradılan gözəl şəraitdən məmnunam. Bu mənim Azərbaycana ikinci səfərimdir. Mən ölkənizə böyük məmnuniyyətlə gəlirəm. Burada bizi həmişə çox səmimi qarşılayırlar. Milli Gimnastika Arenası idmançıların məşq edə, dincələ və sağlamlıqlarına diqqət yetirə biləcəyi əla kompleksdir. Burada hər şey ən xırda detallara qədər düşünülüb.

Bunu açıqlamasında Türkiyəli idmançı, Bakıda keçirilən bədii gimnastika üzrə FIG dünya kubokunun iştirakçısı Adem Asil söyləyib.

Davam edən dünya kubokunda rəqiblərindən danışan türkiyəli gimnast rəqiblərinin hamısının güclü olduğunu vurğulayaraq deyib: "Bakıda keçirilən dünya kubokunda olimpiya mükafatçıları, dünya və Avropa çempionları - bütün təcrübəli gimnastlar iştirak edir. Türkiyənin də güclü və layiqli komandası var. İdmançılarımızın yaxşı nəticə göstərəcəyinə inanıram”.

A.Asil təsnifat mərhələsinin ilk günündəki çıxışından razı qaldığını bildirib. "Bu gün iki proqram üzrə çıxış etdim və finala çıxdım. İlk sıralanma günündə bir az narahat oldum, amma ümumilikdə nəticədən razı qaldım", - deyə idmançı əlavə edib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed