Şrift:
15 Aprel - Ümumdünya İncəsənət Günüdür
15.04.2022 [10:47] - Xəbərlər, Mədəniyyət
Bu gün Ümumdünya İncəsənət Günüdür.

Bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub.

UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

UNESCO-nun rəsmi saytında bununla bağlı yayılan məlumatda qeyd olunur ki, incəsənət, bütün dünyada insanların yaradıcı potensialına, innovasiyalara və mədəni müxtəlifliyə zəmin yaratmaqla bərabər, bilik və bacarıqların mübadiləsində və dialoqun təşviqində mühüm rol oynayır. Bu günün incəsənət günü kimi qeyd edilməsi bədii yaradıcılıq və cəmiyyət arasında bağların möhkəmləndirlməsinə kömək edir, incəsənət adamlarının davamlı inkişafa töhfələrini bir daha diqqətə çatdırır. Bu həmçinin məktəblərdə bədii təhsilin vacibliyini, hər kəs üçün ədalətli və inklüziv təhsilin əhəmiyyətini vurğulamaq üçün daha bir imkandır.

Onu da qeyd etmək lazımdır ki, 15 aprel - Ümumdünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq beynəlxalq mədəniyyət günü kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə bağlı idi.

Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalayıb. Sonradan bu paktın bır sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirilib. 90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel beynəlxalq mədəniyyət günü kimi irəli sürülüb və ayrı-ayrı ölkələrdə (Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s.) qeyri-rəsmi qeyd edilməyə başlanıb.

İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub.

Azərbaycan xalqı da qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınaraq bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib. Tarix boyu xalqımızın mədəni özünəməxsusluğu qorunaraq yeni nəsillərə ötürülüb.

Dünyada hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxaraq onu təbliğ və inkişaf etdirməyə çalışır. Əks halda özünəməxsusluğunu qoruya, yaşada bilməz. Sevindirici haldır ki, Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanınır. Ölkəmiz dünyanın nüfuzlu qurumları, o cümlədən ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir. Bir sıra maddi və qeyri-maddi mədəni irs nümunəmiz bu təşkilatın müvafiq siyahılarında öz yerini alıb.
Bu xəbər oxucular tərəfindən 2048 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed