Şrift:
Vyanada erməni terrorizminin qurbanı olmuş türk diplomatlarına həsr olunan sərgi açılıb
25.04.2022 [08:54] - Xəbərlər, Siyasət
Aprelin 25-də Vyanada erməni terror təşkilatlarının şəhid etdiyi türk diplomatlarının xatirəsinə “Şəhid diplomatlar” adlı sərgi açılıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə hazırlanan sərgidə dünyanın müxtəlif ölkələrində ASALA və ESƏD (Erməni Soyqırımına qarşı Ədalət Döyüşçüləri) kimi erməni terror sui-qəsdləri nəticəsində şəhid olan türk diplomatların həyat hekayəsini anladan foto, sənəd və informativ materiallar nümayiş etdirilib.

Sərginin açılışında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun videoformatda çıxış edib və sayca beşincisi Vyanada təşkil olunan sərgi barədə danışıb. Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan çıxışında Vyanada erməni terrorçuları tərəfindən üç diplomatın qətlə yetirildiyini diqqətə çatdırıb.

Açılış nitqlərindən sonra “Etnik terrorizmin qurbanları: şəhid diplomatlar“ mövzusunda panel təşkil olunub. Paneldə Yıldırım Bəyazid Universitetinin professoru Yücel Acer türk diplomatlarına sui-qəsdlərin tarixi kökləri və bu qisasçılığın əsl səbəbinin gizləndiyi 1915-ci il hadisələrindən bəhs edib. Bildirilib ki, ötən əsrin 70-ci illərində geniş vüsət alan terror aktları beynəlxalq miqyas alıb və 1973-1994-cü ildə müxtəlif erməni terror təşkilatları 42 türk diplomatını qətlə yetirib. Şimali Amerika, Asiya, Avstraliya və əsasən də Qərbi Avropada, ümumiyyətlə 21 fərqli ölkədə törədilən terror aktlarında türk diplomatları ilə yanaşı, mülki şəxslər də həlak olublar.

Vyana Cinayətlər Muzeyinin direktoru Harald Seyrl isə Vyanada qətlə yetirilmiş üç türk diplomatlarına qarşı törədilmiş sui-qəsdin təfərrüatlarını məhkəmə aktları əsasında nəql edib. Qeyd edilib ki, nə səfir Danış Tunalıgil, nə də sonrakı illərdə Evner Ergün və Erdoğan Özenə qarşı terror aktlarını törədən şəxsləri həbs etmək mümkün olmayıb.

Beynəlxalq münasibətlər üzrə ekspert və jurnalist Klaus Yürqen isə çıxışında ermənilərlə bağlı hadisələr ətrafında Qərb ictimaiyyətinin təktərəfli mövqe tutduğunu, əsasən erməni tərəfinin mövqeyinə geniş meydan verilərək, Türkiyənin mövzuya dair açıqlama və çağırışlarının nəzərə alınmadığını deyib. Vurğulanıb ki, terror təşkilatlarının həyata keçirdikləri cinayət aktlarının əsas hədəfi müasir Türkiyə dövlətidir və Qərb ölkələri bu terrora qarşı lazımi həssaslıq və etiraz nümayiş etdirmirlər.

Sərgidə türk diplomatlarına qarşı terror aktları ilə yanaşı 1915-ci il hadisələrini aydın şəkildə izah edən və əsl həqiqətin ictimaiyyətə çatdırılmasına xidmət edən materiallar da nümayiş olunur.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed