Şrift:
Şose velosipedi üzrə Azərbaycan kuboku yarışında beşinci mərhələyə yekun vurulub
25.04.2022 [08:55] - Gündəm, İdman
Şose velosipedi üzrə Azərbaycan kuboku yarışında beşinci mərhələyə yekun vurulub.

Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən bildirilib ki, Hərbi Qənimətlər Parkının önündə keçirilən turnirdə iştirakçılar kriterium ötüşməsində mübarizə aparıblar.

Reqlamentə görə 3 kateqoriyada təşkil olunan yarışda 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənclər və U23/elit yaş kateqoriyası üzrə velosipedçilər arasında qaliblər müəyyənləşib.

Qızlar arasında yarışın nəticəsinə əsasən, Viktoriya Sidorenko aralıq finişlərində hamıdan çox xal toplamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova ikinci, Lalə Abdurahmanova isə üçüncü olub. On yeddi yaşadək oğlanlar arasında Tural İsrafilov bütün rəqiblərini geridə qoyub. Ravi Rzayev və Burhan Abdullayev isə 2-3-cü yerləri bölüşüblər.

Gənclər, U23/elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində isə Azərbaycanın elit yığma komandasının və Türkiyənin “Sakarya BB Pro Team” kontinental komandasının velosipedçisi Elçin Əsədov hamıdan güclü olub. Musa Mikayılzadə və Nəcəf Bağırov isə, müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

Sonda qaliblər mükafatlandırılıblar.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed