Şrift:
Azərbaycan Türkiyə Konstitusiya Məhkəməsinin yubiley mərasimində təmsil olunub
26.04.2022 [10:24] - Xəbərlər, Sosial
Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü qeyd edilir.

Yubiley tədbirində Azərbaycanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Əlamətdar tarixlə əlaqədar Ankarada "Əsas hüquq və azadlıqların müdafiəsində Konstitusiyanın şərhi" mövzusunda beynəlxalq simpozium işə başlayıb.

Tədbirə qatılan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Konstitusiya Məhkəməsinin tarixini əks etdirən qalereyanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

İki gün davam edəcək konfransda Azərbaycan da daxil olmaqla, 26 ölkənin Konstitusiya məhkəmələrinin sədrləri və üzvləri, nüfuzlu beynəlxalq qurumların rəhbərləri iştirak edirlər.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan rəhbərlik etdiyi qurumun keçdiyi yol və əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Simpoziumda çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə Konstitusiya Məhkəməsini dünyada bu sahədə fəaliyyət göstərən ən köklü, əsaslı dəyərlərə sahib olan qurumlardan biri kimi səciyyələndirib.

Fərhad Abdullayev, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında ətraflı məlumat verib, simpoziumun beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Yubiley mərasiminin açılışında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.

Simpozium işini aprelin 26-da davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 1464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed