Şrift:
Fərəc Quliyev:“Çavuşoğlunun “Bozqurd” jesti təkcə ermənilərə bir mesaj deyildi, həm də...”
26.04.2022 [18:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Türkiyə bölgə gücündən dünya gücünə çevrilib, hər kəs üzünü ona tutur”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvayda ona etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərərək cavab verməsi xeyli maraqla qarşılanıb. Xatırladaq ki, hadisə XİN başçısının paytaxt Montevideoya rəsmi səfəri çərçivəsində oradakı Türkiyə səfirliyinin açılışından sonra baş verib. Belə ki, bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib. Çavuşoğlu isə səfirliyin binasını tərk edərkən xidməti avtomobildən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib.

“Clarin” qəzetinin yazdığına görə, naziri Mövlud Çavuşoğlunun bu jestinə görə Türkiyənin Uruqvaydakı səfiri Hüseyn Müftioğlu ölkənin xarici işlər nazirliyinə çağırılıb.

Bəs “Bozqurd” işarəsi necə yaranıb? Tarixçəsi nədir, müəllifi kimdir? Kimlər bu işarədən nəyə görə qorxur, xoflanır?

“Bozqurd” işarəsi, salamlaşması (çeçələ barmaqlarının irəli uzadılması və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) Altaylardan üzü bəri gələn türk simvoludur. Milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyəti “Bozqurd” işarəsini öz ideya mənsubiyyəti üçün simvol seçiblər.

Belə rəvayət olunur ki, türklərin savaş uranı olan boz qurd yeni yurd salanda, savaşa gedəndə qabağa düşüb bələdçilik edir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra türkçülük, turançılıq ideyaları daha da geniş vüsət almağa başlayır. “Bozqurdlar” hərəkatı yaranır və bu hərəkata İsgəndər Həmidov rəhbərlik edir. Sonra bu hərəkat Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasına çevrilib.

2018-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Mersin şəhərində keçirilən konqresində salondan kənarda gözləyənləri əli ilə “Bozqurd” işarəsi göstərərək salamlamışdı. Onun bu hərəkəti böyük marağa səbəb olmuşdu.

“Bozqurd” işarəsi ilə salamlaşan məşhurlardan biri ABŞ-ın sabiq prezidenti Barak Obamadır. Xatırladaq ki, B.Obama 2014-cü ildə Kaliforniyada İrvine Universitetində keçirilən tədbir zamanı tələbələri “Bozqurd” işarəsi ilə salamlayıb. Onun bu cür davranışı uzun müddət dünya mətbuatında müzakirə edilmişdi.

Türk dünyasına nifrət bəsləyən bəzi qüvvələr belə bir yanlış fikir yaratmaq istəyirlər ki, “Bozqurd” işarəsi türk irqçilərinin işarəsidir və onu simvolizə edir. Amma bu, yanlış və qərəzli bir uydurmadır. Tarix boyu türklərdə irqçilik olmayıb. Bu gün Uyğurustandan Avropaya kimi böyük bir ərazidə yaşayan türklər bu işarəni “Turan həmrəyliyi”nin simgəsi kimi qəbul edirlər.

Hətta Avropanın bir hissəsi olan Macarıstanda da bu işarə Turançılıq simvolu kimi populyarlaşıb. Yəni “Bozqurd” işarəsi istər yaranışında, istərsə də sonrakı transformasiyasında hansısa millətin, soyun, etnosun digərindən “üstünlüyünü”, digərinə nifrəti təcəssüm etməyib.

Ancaq son illərdə bir çox Avropa ölkələrində “Bozqurd” işarəsinə qarşı sərt təpkilər müşahidə olunur. 2018-ci ildə Almaniyada “Bozqurd” işarəsinin qadağan olunması ilə bağlı qərar qəbul edilmişdi.

2019-cu ilin 1 mart tarixində Avstriyada da bu işarələrdən istifadəni qadağan edən qanun qəbul edilib.

2020-ci ildə Avstriyada “Bozqurd” işarəsi tutaraq facebookda canlı yayım edən azərbaycanlı avtobus sürücüsü işdən çıxarılmışdı.

“Bozqurd” işarəsi Güney Azərbaycanda da türkçülüyü simvolizə edir. Lakin İranda da bu işarə çoxlarını narahat etməyə başlayıb. Belə ki, ötən il İranda dərslikdə “Bozqurd” işarəsini radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb.

Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a danışıb:

“Mövlud Çavuşoğlu çox doğru davranış nümayiş etdirdi. Hesab edirəm ki, onun bu jesti təkcə Uruqvayda etiraz edənlərə mesaj deyildi. Çavuşoğlu çox təcrübəli diplomatdır və o, bu jesti ilə bütün dünyaya mesaj verdi. O, bununla demək istəyirdi ki, bütün türklər bir yerdədir. Yəni hansı coğrafiyada, ərazidə dövlət qurmağımıza, hansısa mənsəblərə, dinlərə aid olmağımıza baxmayaraq biz türkük, taleyimiz birdir, harada kimsə bizə qarşı çıxarsa, türk olaraq onların qarşısındayıq. Bu həm də o dövlətlərə, insanlar işarə idi ki, onlar son vaxtlara Türkiyəni içdən qarışdırmağa çalışırdılar. Ola bilər ki, Türkiyədəki siyasi partiyalar hərəsi bir mövqedə dayanıb, lakin milli məsələ ortalığa gələndə onlar birləşirlər.

Bəzilərinin türklərdən qorxmaları da vacibdir, lazımdır, doğru edib qorxurlar. Türklə düşmənçilik etmək çox çətindir. Tarixən bizi parçalamağa, hissə-hissə üzərimizə gəlməyə çalışsalar da biz də kiçik olanda belə böyük düşmənə qarşı döyüşmüşük.

Bu gün Türk Dövlətləri Təşkilatı adlı quruluş, sistem var. Biz artıq dünyanın gücüyük. Türkiyə bölgə gücündən dünya gücünə çevrilib, hər kəs üzünü ona tutur. Azərbaycan-Türkiyə tandemi bütün bu bölgədə söz sahibidir, bütün reseptləri biz ortaya qoyuruq.

Hesab edirəm ki, gələcəkdə də Türkiyə dünyada son sözünü deyən dövlət olacaq. Bayden Türkiyəyə qarşı uydurma “soyqırım” haqqında danışarkən xatırlamalıdır ki, onun mənsub olduğu dövlət, millət zamanında bütün qızıldərililəri, qaradərililəri qırıb-çapıblar. Özləri də bunu etiraf edirlər. Dünyanın elə bir yerində dövlət qalmayıb ki, qırıb-çapmasınlar. İndi isə qalxıb Türkiyəyə qarşı uydurma “soyqırım” haqqında fikir bildirirlər.

Beləliklə, bizə toxunanlar cavab alacaqlar. Cavuşoğlunun tutduğu “Bozqurd” işarəsi bizim süngəmiz, sancağımızdır və hər kəsin qarşısında da dayanırıq.

Cavuşoğlunun bu jestini biz də dəstəkləyirik və bütün dünya bununla hesablaşmalıdır".

Xalidə GƏRAY/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed