Şrift:
Zəlzələ və vəlvələ
01.11.2011 [10:03] - DAVAMın yazıları
Son iki həftənin ən yaddaqalan hadisəsi Vanda baş verən zəlzələ oldu. Türkün neçə onillikdən sonra yenidən ayağını yerə çırpması nəticəsində torpaq da bu zərbəyə davam gətirməyib ortadan ikiyə ayrıldı.7,9 bal gücündəki zəlzələ təkcə Van şəhərini yox, bütün dünyanı silkələdi. 51 ölkə Türkiyəyə yardım təklif elədi, Bəzi kəşfiyyat orqanları çeşidli iddialarla çıxış etdilər. Media qurumları bu hadisə vasitəsilə bəzi ekstrasensləri reklam elədilər. Qısası, iki həftə ərzində Van dünyanın mərkəz nöqtəsinə çevrildi. Mən bu versiyaların hamısını təhlillə dəyərləndirmək istədim. Başlayaq coğrafi məkandan.

Van kürdlərin kompakt yaşadığı, həmçinin Ermənistana yaxın ərazidir. Yəni iki düşmənin bitişdiyi ərazi. Amma bu iki düşmənin heç biri bu zəlzələni yaratmaq istəməzlər. Nə kürd öz millətinin qırılmağını istəyər, nə də Ermənistan özlərinin AES-lərinin yanında bu cür təhlükə törədəcək qədər ağılsızdırlar. Həm də bu qüvvələrin heç biri bu zəlzələni yaradacaq maddi hərbi bazaya sahib deyillər. Bəs bu zəlzələ kimə lazım idi?

Vəlvələdən doğulan zəlzələ?

Türkiyənin bu ərəfədəki siyasətini nəzərdən keçirsək, görərik ki, Van zəlzələsi vəlvələdən doğula bilər. Kiprdə Yunanıstana, Liviyada Fransaya, İraqda ABŞ-a, Qəzzada İsrailə, Suriyada İrana meydan oxuyan Türkiyəyə birinci xəbərdarlıq PKK idi. PKK-nın qələmini qıran Türk oğlunun sabah bütün Asiyada səltənətini bərpa etmək təhlükəsini duyan bəzi qüvvələr başa düşdülər ki, Türkün qarşısında ancaq təbiət dura bilər. Amma Türk bundan yıxılmadı. Bu silahın heç bir işə yaramaması sadaladığım 5 dövlətin hər biri üçün böyük təhlükə yaradır. İndi Türk PKK-çıların sərhəddi keçdiyini bəhanə edib İraqa və ya İrana (!) girəcək, istədiyi vaxt Kiprə hücum edəcək və canı bahasına da olsa Liviyanın müstəqilliyinə keşik çəkəcək. Türkiyə bu vəziyyətdə ona nə lazım olduğunu bildi, dostunu-düşmənini tanıdı. Üstəlik bundan sonra Ermənistan da təhlükə altındadır. Bunun fərqinə vardıqlarındandır ki, bir gündə Bərzani Xomeyni ilə, Yunanıstan və Cənubi Kiprin prezidentləri isə BMT baş katibi Pan Ji Munla görüşdü, ABŞ,Yunanıstan,Fransa, İsrail və İran Türkiyəyə dərhal kömək əlini (?) uzatdı. Bu gözüdönmüş türkü sakitləşdirmək üçün ideal plan idi. Məncə, bu mərhələdə zəlzələdə kimin maraqlı ola biləcəyini araşdırmaq məqsədə uyğun olar. Başlayaq, beşlikdən.

İran- bu zəlzələni istəməz, çünki zəlzələdən sonra PKK-çıların bir qismi İrana qaçacaqlar. Bu, rəsmi Tehrana böyük problemlər yaradır. Eyni məsələləri ABŞ-a şamil etmək olar. Çünki PKK-çıların böyük qisminin Şimali İraq Kürdüstanına qaçacağını və Türkiyənin bunu bildiyini nəzərə alsaq, bu zəlzələnin məntiqi nəticəsi Türkiyənin İraqa girməsidir ki, bu da ABŞ-a sərf etmir (Gərçi ABŞ artıq İraqdan çıxmağa məcbur edilir). Yunanıstana bu ancaq quru təhlükə törədəcək. Kvintetdən bu məsələdə qazançlı çıxan qüvvələr Fransa və İsraildir. Bu yolla İsrail Türkiyəylə əlaqələri bərpa etmək və öz varlığını qorumaq şansı əldə edir, Fransa isə Liviyadan neft qoparmaq üçün vaxt qazanır. Amma bunun daha qorxulu variantı var: Rusiyanın Yaxın Şərqə əks-hücumu. Baxın, Rusiya bu məsələdə heç bir halda uduzmur. Birinci halda havadarlıq elədiyi PKK-çılar İraqa girib ordakı Bərzani hökümətinin başına bəla olurlar. İkinci halda İrana qaçan PKK-çılar rəsmi Moskvanın adıçəkilən ölkədəki təsir rıçaqlarının sayını artırır. Üçüncü halda, PKK-çıların həyatını qurtarır. PKK-çılar Rusiyanın gələcək müttəfiqi olan dövlət yaratmağa çalışırlar. Burda yeni bir məsələ çıxır-Putin SSRİ sevdasından əl çəkməyib?

Rusiyanın daxili siyasətinə baxsaq, görərik ki, Rusiya hələ sosializmdən əl üzmək niyyətindən uzaqdır. Aradan 20 il keçib amma Rusiyada kolxoz təsərrüfatının olduğu bölgələr var. Putinin bu sevdadan əl çəkmədiyini sübut etmək üçünsə, onun keçən il kadr ixtisarının qarşısını almaq yolunu xatırlamaq kifayətdir. Nəzərinizə çatdıraq ki, Rusiya hökümətinin başçısı iş adamlarıyla dəyirmi masada oturmuş onlardan ixtisar olunmuş işçilərin yerinə qaytarılmasını tələb etmiş, razı olmayacaqları halda iş adamlarının müəssisələrini dövlətləşdirəcəyi ilə hədələmişdi. Bu, SSRİ-nin qayıda biləcəyi haqqında ilk siqnal idi. Avrasiya bloku isə bu ittifaqın təşkilati əsası kimi nəzərdə tutulub. Bəzi MDB ölkələrinin bu bloka daxil olmaqdan boyun qaçırması sırf bununla bağlı idi. Üstəlik, zəlzələnin tektonik hücum olması versiyasını ən birinci irəli sürən məhz Rusiya idi. Bu hadisə üçün ABŞ-ın Alyaskadakı HAARP stansiyasından olduğunu iddia edən də rəsmi Moskva idi. Bu ABŞ-Türkiyə münasibətini pozmağı ilə bağlıdır.

Xomeyni Türkiyənin İraqa girməsini niyə istəmir?

Oktyabrın 30-da Şimali İraq Kürdüstanının prezidenti Bərzani İrana səfər edib. Səfərin olduqca maraqlı təfərrüatları var. Belə ki, dövlət rəsmiləri ilə görüşdükdən sonra Bərzani İran İslam Respublikasının banisi Ayətullah Xomeyni ilə görüşüb. Və nədənsə kürd lideri Xomeyniyə Türkiyənin PKK əleyhinə Şimali İraqda apardığı döyüşlər barəsində məlumat vermək ehtiyacı duyub. Və o yenə nədənsə israrla qeyd edib ki, İraqa “bir nəfər də olsun Türk əsgərinin ayağı dəyməyib. Və məhz bundan sonra Xomeyni çıxışa başlayaraq İran-İraq qardaşlığından (?) danışıb. Burda ikinci nüans da budur. İran dini lideri kürd liderinə İran-İraq dostluğundan, qardaşlığından niyə danışır? Yəni, Xomeyni Bərzaninin kim olduğunu bilmir? Yoxsa, bu nəyəsə siqnal verir?

Kim nə deyirsə, desin. Mən İranın PJAK-a qarşı apardığı mübarizəni səmimi hesab eləmirəm. Bəlkə də bunun səbəbi PJAK tərəfdarlarının Cənubi Azərbaycanın qonşuluğunda məskunlaşmasıdır? İndiyə qədər İran yüzminlərlə edam həyata keçirib. Onun kürdlərdən olan hissəsi bilirsiniz neçə faizdir? Cəmi, 6%. Ümidvaram nəyə eyham vurduğumu anladınız.

Fransa PKK-nı niyə dəstəkləyir?

Elə həmin gün Fransanın paylaxtı Parisdəki Bastiliya meydanında bir qrup türk vətəndaşı terroru qınamaq üçün etiraz aksiyası keçirib. Qəfildən etirazçılara PKK tərəfdarları hücum edib taxta parçalarıyla türk vətəndaşlarını döyüblər. 15 nəfər yaralanıb, birinin vəziyyəti ağırdır. Maraqlısı odur ki, bu hadisə bitəndən sonra Paris polisi etirazçı türkləri mühasirəyə alıb onları bibər tozu vasitəsilə meydandan uzaqlaşdırıblar.

Sonda, həmin gün Ərdoğan Türk millətinə ünvanladığı nitqində “bu zəlzələ nəticəsində biz dünyaya millət olmağın nə demək olduğunu göstərdik. Bundan sonra heç kimə bizim bəxtimizi qaraltmağa imkan verməyəcəyik” deməklə Türkün yıxılmadığını göstərmiş oldu.
Bu zəlzələnin Türkiyəyə iki əsas xeyri oldu:

1) Azərbaycanla İsrail məsələsindən doğan soyuq münasibəti isindi;
2) Türkiyədəki kürdlər onlara qarşı laqeyd olmadığına görə Türkiyə dövlətinə bir az da bağlandılar.
P.S. Arzu edirəm ki, bu zəlzələ türk ulusunun həyatında sonuncu fəlakət olsun! Tanrı Türkü qorusun!

Şahlar RUHİ
Bu xəbər oxucular tərəfindən 1560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed