Şrift:
Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi prosesi necə baş vermişdir
11.01.2013 [12:43] - Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Məlum tarixi həqiqətdir ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan deyilən dövlət olmamışdır. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra imperiya dağılmış və onun keçmiş ərazilərində yaşayan bir sıra xalqlar öz müqəddəratlarını təyin etmək hüququ əldə etmişlər. 1917-ci ilin martından 1918-ci ilin mayın 26-dək Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və 1804-1813, 1826-1830-cu illərdə və XX əsrin I yarısında Azərbaycan ərazilərinə (İrəvan, Naxçıvan və Qarabağ) keçmiş Rusiya və sovet imperiyalarının hərbi-strateji maraqlarını təmin etmək məqsədilə köçürülən ermənilər birləşdilər. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Azərbaycandan olan deputatlar Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər. Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun türk ordusu tərəfindən tutulduğunu qeyd edir və İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi məsələsini müzakirə etməyi təklif edirlər. Müzakirələrdən sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz zərurət, Azərbaycan xalqı üçün isə qaçılmaz acı bir bəla olduğu Milli Şura üzvləri tərəfindən etiraf edilir. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı onun Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəlixan məktubunda yazırdı ki: "Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatumumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərə güzəştə getdik".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. 1918-ci ildən bugünədək Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı işğal siyasətinə dəfələrlə toxunan dövlət başçısı 2012-ci il dekabrın 24-də Sumqayıtda Bakı şəhərinin Zabrat, Hövsan qəsəbələrində, Gəncə, Şəki, Şəmkir şəhərlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binalarının istifadəyə verilməsi mərasimində iştirak edərkən öz çıxışında bu məsələyə yenidən qayıdarkən atılan addımla bağlı demişdir: "Ebu qərar haqqında mən fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, böyük səhv və böyük cinayət idi. Ancaq bu tarixi həqiqətdir. İrəvan xanlığı bizim tarixi torpağımızdır (Bax: "Azərbaycan" qəzeti, 25 dekabr 2012-ci il). Ölkə Prezidenti öz fikri ilə tarixi həqiqəti təsdiqləmişdir. Bəs bu tarixi həqiqət arxiv sənədlərində öz əksini neçə tapmışdır, bu hadisələr neçə baş vermişdir - sualına cavab tapmaq üçün arxiv sənədlərinə müraciət edək.

1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi ilə bağlı məsələ müzakirə olunur. Birinci dəfə məsələ müzakirə edilərkən iclasda Milli Şuranın 28 nəfər üzvü iştirak edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf qalmaqla 8 nəfərin hansı mövqe tutduğu göstərilmir. Həmin gün keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə qarşı etiraz ərizəsilə müraciət etsələr də, iştirak edən 26 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verirlər. İrəvandan olan deputatların yazılı şəkildə təqdim etdikləri etiraz məktubu işə tikilsə də, indi bu sənəd arxivdə yoxdur! Milli Şura üzvlərinin bu məsələdə tutduqları belə mövqe bir sıra suallar doğrurur. İrəvan şəhərini ermənilərə güzəştə gedərkən şəhər əhalisinin və onları təmsil edənlərin rəyi soruşulmuşdumu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv olduğunu bir daha təsdiq edir. Digər tərəfdən, bu şəhərin ermənilərə verilməsi məsələsi ilə bağlı son illərdə tədqiqatlar, xüsusilə də arxiv sənədlərinin üzə çıxarılması Azərbaycan xalqını daim düşündürən bir sıra suallara aydınlıq gətirmişdir. Bu baxımdan tarix üzrə fəlsəfə doktoru V.Qafarovun 2011-ci ildə nəşr etdirdiyi "Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)" adlı monoqrafiyası böyük əhəmiyyət kəsb edir. Monoqrafiya Türkiyə Cümhuriyyəti Baş Bakanlığın Osmanlı Arxivindən bu məsələyə müəllif tərəfindən aşkar edilmiş sənədlər əsasında yazılmışdır. Əsərdə qiymətli məlumatlar çoxdur. Lakin İrəvan şəhərinin verilməsi ilə bağlı diqqəti cəlb edən ən mühüm sənəd Azərbaycan Xalq Cümhuriyyətini yaradanların Osmanlı Türkiyəsinin hərb naziri Ənvər paşaya 1918-ci il mayın 22 və 23 tarixlərində ünvanladıqları müraciətdir. Müraciətin mətnini heç bir şərh vermədən bu məqalədə verməyi məqsədəuyğun sayıram. Müraciətdə deyilirdi: "Paşa Həzrətləri! ...Osmanlı hökumətinin tashihi-hüdud haqqındakı təklifi ilə müttəhid Qafqaz fikri məhv olur. Üç - gürcü, müsəlman və erməni kantonu əvəzinə yalnız iki kanton qalır. Çünki Axalkələk, Aleksandropol, Eçmiəzdin, Sürməli sancaqları ilə İrəvan sancağının bir qisminin ilhaqından sonra Ermənistan kantonunun qtisiküllisi Türkiyəyə keçmiş olur. Qeyd edilən kantonun Cənubi Qafqaz daxilində qalan qismi isə o qədər məhdud və az bir şeydir ki, həmin hüdud daxilində bir kanton təşkilindən qətiyyən bəhs oluna bilməz. Sayca ermənilər Cənubi Qafqazda çox bulunuyorsalar da, onlar ufak-ufak kıtalarla müsəlman ərazi meyanına səpilmiş bir halda olub, bu ayrı-ayrı parçalardan bir erməni kantonu biçmək nə coğrafiyaca mümkün, nə də felən təsəvvür olunur, müsəlman əhali belə bir təklifi dinləmək belə istəməz. İki kantonlu müttəhid Qafqaz hökumətinə gəlincə, buna da gürcülər qətiyyən razı deyildirlər. Onlar işin belə müşkül bir şəklə müncər olacağı ilə hasil olacaq ihtilat-ı daxiliyəyi kamilən təqdirdə kəndi yüklərini sudan çıxarmaq üçün ika olunucağını təxmin eylədikləri yanğında iştirak etməmək, ermənilərlə əlaqəni pisləşdirməmək və eyni zamanda da kəndi ərazilərini bir sel kimi gələcək olan erməni mühacirətinə qarşı müdafiə eyləmək üzrə kəndi istiqlallarını elan ilə Qafqaz vahdaniyətindən xaric müstəqil bir siyasət ittihazına qərar vermişlərdir. İş bu dərəcəyə gəlincə, təbiidir ki, biz də Şimali Qafqaz ilə birlikdə Qafqaz müsəlmanlarının istiqlalını elan etməliyik. Fəqət indiki halda məsələnin belə bir şəkil alması müvafiqdirmi?

Bizə elə gəlir ki, bu, Trabzonda irae olunub da Batumda bir daha tevezzuh edən mulahazat ilə pek də müvafiq olmaz. Acaba Türkiyə, kiçik qardaş bulunan Azərbaycan və ümumiyyətlə, böyük türk siyasətindən ötrü bakalım hansı yol müvafiqdir. Kəndi daxilində hüsn-i intiqamla meşyu, daima fırsat ardından koşan və ilk imkan bulunca arxamızdan xəncəri vurmaq zeyniyətində qalan erməni arzu-yı milisi münker və hər zaman türk siyasəti əleyhində mudahelatı - əcnəbiyəyi ihtar edən intriqalara vasitə olacaq bir buçuk milyonluq bir erməni kütləsi bulundurmaqmı, yoxsa türk akvamı ilə muhat, sevkülceyş noktayı-nazarınca zararsız və amalı - milliyesince təmin olunmuş kiçik bir erməni kantonumu? Siyasəti - milliyemiz noktayı-nazarından bizcə ikinci şəkil daha faydalı və münasib olsa gərək... Biz daha erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə deyil, kəndi siyasətimiz, türk siyasəti - umumiyesi noktayı-nazarından baxır və məsələni bu siyasət kaidəsinə həll etmək istəyirik...".

Müraciətnamənin sonuna Azərbaycanın Batum sülh konfransındakı nümayəndələri olan M.H.Hacınski və M.Ə.Rəsulzadədən başqa Əhməd bəy (Can Baba), A.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.Yusifbəyli və X.Xasməmmədov imza atmışdılar. Bu müraciətnamənin göndərilməsindən bir gün əvvəl - mayın 22-də Ə.Hüseynzadə və Ə.Ağaoğlu da Tələt paşaya və Ənvər paşaya eyni məzmunlu bir müraciətnamə göndərmişdilər (Bax: V.Qafarov "Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922-ci illər)", Bakı, 2011, səh.164).

Buradan haqlı bir sual doğur: müzakirələr zamanı Milli Şura üzvləri yaranmış vəziyyəti nəzərə alaraq bu ağır bəladan imtina edə bilərdilərmi və mümkün idimi və başqa xalqların tarixində buna oxşar bir hadisə baş veribmi? Yuxarıda göstərilən sənəddən aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar hələ cümhuriyyət yaranmamışdan əvvəl Qərbi Azərbaycan torpaqlarını ermənilərə güzəşt edilməsi haqqında öz aralarında razılığa gələ bilmişdilər. Lakin əldə olunan bu razılığa əsas verən ən başlıca arqument isə məktubdan da göründüyü kimi, Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilər tərəfindən yerli azərbaycanlı əhalinin məhv edilməsi təhlükəsi idi. Görünür, 1918-ci ilin birinci yarısında ermənilərin törətdikləri soyqırımı cinayətləri AXC-ni yaradanlarda çox ağır psixoloji təsir qoymuşdu. Bundan əlavə, ermənilərin beynəlxalq səviyyədə ABŞ, Fransa, Böyük Britaniya hökumətləri tərəfindən çox güclü şəkildə müdafiə olunması və onlardan öz maraqları naminə istifadə danılmaz bir həqiqət idi. Digər tərəfdən məsələdə Osmanlı Türkiyəsinin müəyyən hərbi dairələrinin də bu "xidmətləri"ni nəzərdən qaçırmaq olmaz. Digər xalqların tarixində bu məsələyə oxşar siyasi məsələyə - XIX əsrin əvvəlində Fransa tarixində baş vermiş mühüm bir hadisə belə bir fikir yürütməyə əsas verir ki, Milli Şura üzvləri torpaq məsələsi müzakirələri aparılarkən belə bir səhv addım atmaya bilərdilər, lakin bu səhv addım artıq əvvəlcədən planlaşdırılmışdı. Digər tərəfdən, onların əksəriyyəti Avropa və çar Rusiyası universitetlərində təhsil almış insanlar olduqları üçün Avropa tarixini və o cümlədən beynəlxalq hüquq məsələlərini çox gözəl bilirdilər. Odur ki, 1815-ci ildə Napoleon Bonapart məğlub edildikdən sonra Vyana konqresinə toplaşan qalib dövlətlərin başçıları bütün Avropanın və o cümlədən Fransanın taleyini həll etməli idilər. Fransanın ağır vəziyyətə düşdüyünü görən ölkənin xarici işlər naziri Taleyran çıxış yolu kimi legitimlik prinsipi deyilən bir diplomatik vasitədən istifadə etmək qərarına gəldi. Legitimlik prinsipinin əsas mahiyyəti ondan ibarət idi ki, qalib dövlətlər Avropa xalqlarının gələcək taleyini həll edərkən Fransanın 1792-ci ilə qədər olan təbii sərhədlərinə toxunmamalı idilər. Bu uğurlu diplomatik vasitədən istifadə edən Taleyran konqresdən əvvəl qalib dövlətlərin başçıları və xarici işlər nazirləri ilə görüşdü və demək olar ki, öz istəyinə nail oldu və beləliklə, ölkənin ərazi bütövlüyünü qoruya bildi. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların bir çoxu bu tarixi çox gözəl bilirdi. Digər tərəfdən, 1918-ci ilin may və sentyabr aylarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyət Azərbaycanın xeyrinə olduğu halda belə, onlar bundan istifadə edib İrəvan şəhərini güzəştə getməyə bilərdilər. Amma çox təəssüf! Qeyd etmək lazımdır ki, İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99.908.86 kvadratkilometr təşkil edirdi. 13.983.10 kvadratkilometr ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 7.913.17 kvadratkilometr təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. Sovet Rusiyası hökuməti Gürcüstan və Ermənistan missiyaları ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya ermənilər, ya da gürcülər təmsil edirdilər. Azərbaycanlılar isə nə ermənilərin, nə də ki, gürcülərin nümayəndə heyətlərinin tərkibinə daxil edilmirdilər. 1920-ci il avqustun 10-da İrəvan şəhərində Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi ki, "...məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər. İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində, Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi planı Leninin razılığı ilə Stalin tərəfindən hazırlanmışdı. Çünki sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da Stalin tərəfindən həyata keçirilmişdi.

1920-ci il noyabrın 4-də Stalin, Orconikidze, Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Rusiya ilə Ermənistan arasındakı müqavilənin şərtlərinə toxunularkən Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: "Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər".

İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə Stalinin bu məsələ ilə RK(b)P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq razılaşdırılmışdı. Bu qərarın özü də bir daha göstərir ki, Azərbaycan torpaqları hərraca qoyulmuşdu. V.İ.Lenindən sonra SSRİ dövlətinə rəhbərlik edən İ.V.Stalin bu hərracın təşkilatçısı kimi "Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı deyiləm" - deyə Azərbaycana öz düşmən mövqeyini bildirmişdi.

Həmin qərarın "B" bəndində yazılırdı: "Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir". Qərarın "Q" bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, "D" bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyi göstərilirdi.

Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə, Sovet Rusiyasının təzyiqi ilə "bağışlanması" istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən təntənəli "tarixi" iclasında N.Nərimanov bəyanatla çıxış etdi. Lakin qeyd etmək lazımdır ki, N.Nərimanovun bəyanatı Ermənistanda yaxın və uzaq gələcəkdə Dağlıq Qarabağla əlaqədar məsələ qaldırmaq məqsədilə verilmişdi. Çünki, İrəvanda ermənicə nəşr olunan "Kommunist" qəzetinin 1920-ci il 7 dekabr tarixli nömrəsində saxtalaşdırılmış məzmunlu yazı dərc edilmişdi. Sonralar N.Nərimanov özü bəyanatda elan edilən faktların saxtalaşdırılmasına etiraz etmişdi. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə ifadə etmişdir: "Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir". Göründüyü kimi, əgər XI Qızıl Ordunu Azərbaycanı işğal etmək üçün A.Mikoyan dəvət etmişdirsə, ondan sonra onun torpaqlarını siyasi hərraca qoyan İ.V.Stalin olmuşdur. 1920-ci il dekabrın 2-də İ.Stalinin "Azərbaycanın fatehi" adlandırdığı S.Orconikidze V.İ.Leninə və İ.Stalinə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi elan edilən kimi həyata keçirilmədi. N.Nərimanov ZSFSR İttifaq Sovetinin sədrlərindən biri olarkən Leninə yazdığı məktubda "Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana güzəştə gedir və düzəlməsi mümkün olmayan həlledici səhvdir" - deyə etiraf etmişdi.

Ermənilər Zəngəzurun ələ keçirilməsini asanlaşdırmaq və sürətləndirmək məqsədilə qəzanın onlar tərəfindən tutulan sahələrində möhkəmlənərək bölgənin digər hissələrində - Aşağı Zəngəzurda Kürdüstan yaradılması "ideya"sını irəli sürmüşdülər. Əslində əsas məqsəd Rusiyanın Azərbaycanda yenidən möhkəmlənməsini təmin etməkdən, bu niyyətlə də Azərbaycanın parçalanması və daima təzyiq altında saxlanılmasından, Zəngəzurun tədricən, hissə-hissə Ermənistana verilməsinə nail olmaqdan ibarət idi.

Zəngəzurun və digər ərazilərin itirilməsi o zamankı Azərbaycan rəhbərliyinin 1920-ci il

1 dekabr tarixli Bəyanatı ilə verdiyi vədə öz sərvətlərinin qapılarını Ermənistanın üzünə geniş açmasına dərhal əməl etməsi, hələ müharibəyə və daşnakların ərazi iddialarına son qoyulmasının, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qurtarmamış "qonşu və dost xalqa" hərtərəfli yardım göstərilməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliynə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar çıxardı. Nəhayət, uzun müzakirələrdən sonra Zəngəzur qəzasının köhnə inzibati sərhədlərdə saxlanması qərara alındı. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi.

Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi - Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi.

1938-1939-cu illərdə Ernəzir kənd kollektiv təssərüfatı Nüvədi kəndi, Tuğut kəndi isə ermənilər yaşayan Astazurla birləşdirildi, hər iki kəndin doğma yerlərindən Nüvədi, Əldərə və Astazura kəndlərinə köçürüldü.

Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə "bağışlanması" və burada Mehri rayonunun təşkili ilə Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvandan ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Şimali Azərbaycan parça-parça edildi, onunla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı.

Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə, həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Türkiyə dövlətinin razılığı olmadan Zaqafqaziya Sovetləri MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kvadratkilometr sahəsi Ermənistana verildi. Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə, Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi.

XX əsrin 40-cı illərinin ikinci yarısında mərkəzi hökumətdəki nümayəndələrinə arxalanan erməni millətçiləri azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi-etnik torpaqlarından qovulub çıxarılması və ilk növbədə, Qarabağın qoparılıb Ermənistana verilməsi tələbini irəli sürdülər. 1945-ci ilin payızında Ermənistan SSR rəhbərliyi növbəti dəfə ÜİK(b)P MK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsini qaldırdı. Azərbaycan SSR-ə o zaman rəhbərlik edən M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə (tam məxfidir qrifi ilə) ÜİK(b)P MK katibi G.M.Malenkova göndərdiyi cavab məktubunda Sovet hakimiyyəti illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırdı və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail oldu. Lakin rədd cavabı verilməsinə baxmayaraq, ermənilər 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə göçürülməsi ilə bağlı fərman verməsinə nail oldular. Xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə repartasiyası "Daşnaksütyun" partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repartasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqoryan kilsəsi də xeyir-duasını vermişdi.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürülməli idi. O zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilənlərin sayı 10.504, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.332 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-də deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir.

Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.

1953-cü ildə İ.V.Stalinin ölümündən sonra SSRİ dövləti rəhbərliyində baş verən dəyişikliyə ümid bəsləyən Erməni Qriqoryan Kilsəsi və Ermənistan SSR rəhbərliyi yenidən DQMV ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında N.S.Xruşşova müraciət etdi. 1958-ci ildə Erməni Qriqoryan Kilsəsinin başçısı II Vazgen Bakıya gəlir və o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla görüşür. Görüş zamanı II Vazgen Bakı şəhərində yerləşən erməni kilsəsi nəzdində erməni uşaqları üçün ruhani seminariyasının açılmasına, səhər və axşam kilsə zənginin vurulmasına icazə verilməsini və ən başlıcası, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin razılıq verməsini təklif edir. Azərbaycan SSR Nazirlər Sovetinin sədri S.Rəhimovdan çox sərt rədd cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şikayət edir, lakin mərkəzi hökumət qaldırılan məsələnin nə qədər təhlükəli olduğunu anlayaraq onu müzakirə etməkdən çəkinir. Qeyd etmək lazımdır ki, erməni katolikosuna verilən sərt rədd cavabı Azərbaycan SSR rəhbərliyinə mərkəzi hökumətin münasibətinin dəyişməsinə təsir etdi. 1959-cu ildə Azərbaycan SSR rəhbərliyi millətçilikdə ittiham edilərək dəyişdirildi.
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma "erməni soyqırımı"nın 50 illiyi, başkəsən Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də atəşfəşanlıqla qeyd edildi. 1967-ci ildə Ermənistan SSR-in millətçi-təcavüzkar dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq 1967-ci ildə DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Həmin il Xankəndidə bir neçə azərbaycanlı qətlə yetirildi. Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən Heydər Əliyev bu qərarın icrasını dayandırdı.

Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni Qriqoryan kilsəsinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-ni ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etdi. Qeyd etmək lazımdır ki, 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü (SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclas protokolu. 23 noyabr 1977-ci il, ¹ 61, 11-4133). Məsələdən xəbər tutan Heydər Əliyev erməni siyasi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atır. O, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın qədim tarixi" şöbəsinin rəhbəri tarix elmləri doktoru, professor İ.Əliyevə Qarabağ regionunun qədim Azərbaycan torpağı olması haqqında elmi arayış hazırlamaq barədə müraciət edir. İ.Əliyev hələ 1945-ci ildə bu məsələ ilə bağlı o zaman Azərbaycan SSR rəhbəri işləyən M.C.Bağırova belə bir elmi arayış təqdim etdiyini söyləyir və Heydər Əliyevə bu arayışı yenidən işləyərək ona təqdim etməyi təklif edir. Təklifi bəyənən Heydər Əliyev elmi arayış hazır olduqdan sonra onu Azərbaycan KP MK Bürosunda müzakirə edərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilir və həmin qərar keçmiş SSRİ rəhbəri L.İ.Brejnevə təqdim olunur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin çirkin niyyəti baş tutmur!

Əslində, Heydər Əliyevin SSRİ rəhbərliyində olan nüfuzu erməni Qriqoryan kilsəsini və erməni millətçi-separatçılarını çox narahat edirdi. Buna görə də o, 1982-ci ildə Sov.İKP Siyasi Bürosunun üzvü seçildikdən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildikdən sonra ermənilər Azərbaycan SSR rəhbərliyində yaranmış zəiflikdən istifadə edərək 1984-cü ildə Qazax rayonunun 5 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında rayon əhalisinin qəti etirazlarına baxmayaraq respublika rəhbərliyinin razılığını ala bilmişdilər. Qazax rayonu camaatı onları sakitləşdirməyə gələn Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinini qovduqdan sonra, sovet hərbiçilərinin köməyi ilə xalqın etirazı yatırılmışdı.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı və terrora səfərbərlik daha da güclənməyə başladı. 1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-aşkar şəkildə təbliğ olunurdu. Qeyd etmək lazımdır ki, bu proses M.S.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma "erməni soyqırımı"nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, H.Ə.Əliyevin, N.A.Tixonovun və A.A.Qromıkonun sərt etirazları ilə qarşılaşır. K.Dəmirçyanın təklifini bəyənən M.S.Qorbaçov H.Ə.Əliyevin kəskin etirazını gördükdən sonra onunla qarşıdurmaya getməyə cəsarət etmir, lakin onun bu mövqeyini də unutmur.

Buna görə də, M.S.Qorbaçovun 1987-ci ilin oktyabr ayının 20-də Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılmasına nail olduqdan sonra ermənilərin öz çirkin və cinayətkar niyyətlərini reallaşdırmaq ümidlərini daha da artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. A.Aqanbekyan "Humanite" qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirdi.

Moskvada ermənilərin "Milli müqəddəratı müstəqil təyin edilməsi birliyi" və "Siyasi məhbusların müdafiəsi üzrə erməni Komitəsi" də bu istiqamətdə fəal iş aparırdı. "Qarabağ" Komitəsinin Azərbaycan SSR-də, xüsusən, DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı "Krunk" adı altında açıq fəaliyyətə başlamışdı, "Miatsum" (Birləşmə - C.B.) hərəkatı genişlənirdi. 1988-ci il martın 2-də "DQMV-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi" - iri müəssisə rəhbərlərini birləşdirən "55-lər komitə"si yaradılmışdı.

1988-ci ilin fevralında ermənilər Azərbaycan SSR-in Sumqayıt şəhərində antiazərbaycan təxribatı törətdikdən sonra bunu bəhanə edərək Ermənistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından - 185 kənddən və başqa yaşayış məntəqələrindən 250 min azərbaycanlı qovuldu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfatların əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kürd və bir neçə min rus millətinə məxsus əhali Ermənistan SSR-dən çıxarıldı. Ermənistan SSR monoetnik bir qondarma "dövlət"ə çevrildi.

1991-ci il oktyabrın 18-dən 1993-cü ilin iyunun 15-dək olan dövr Azərbaycan Respublikası tarixində ictimai-siyasi və sosial-iqtisadi nöqteyi-nəzərdən çox mürəkkəb bir dövr hesab olunur. Qeyd etmək lazımdır ki, bu dövrə qədərki illər də Azərbaycan xalqı üçün asan olmamışdır. Belə ki 1988-1989-cu illərdə Ermənistanın hərbi-ideoloji təcavüzünün güclənməsi nəticəsində deportasiya olunan bütün azərbaycanlı əhali Azərbaycan Respublikasına pənah gətirdi və bu da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu. Mərkəzi hökumətin Azərbaycan xalqına qarşı yeritdiyi düşmən siyasəti nəticəsində genişlənən Ermənistanın hərbi təcavüzü onu milli-azadlıq mübarizəsinə qaldırdı. 1990-cı il yanvarın 20-də SSRİ Prezidenti M.S.Qorbaçovun əmri ilə Ermənistanın ərazi iddialarına qarşı etiraz edən Azərbaycan xalqını cəzalandırmaq üçün Bakı şəhərinə SSRİ və Azərbaycan SSR-in konstitusiyaları və respublikanın suveren hüquqları pozularaq qoşun yeridilməsi haqqında fərman verildi. Azərbaycan xalqına qarşı qanlı soyqırımı cinayəti törədildi. SSRİ dövlətinin bu cinayətinə qarşı öz ilk etiraz səsini qaldıran Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək M.S.Qorbaçovu Azərbaycan xalqına qarşı törətdiyi cinayətdə ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks-sədaya səbəb oldu. SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə etiraz olaraq Heydər Əliyev 1990-cı ilin iyulunda Sov.İKP sıralarını tərk etdiyini bəyan etdikdən sonra Azərbaycana qayıtdı. Qeyd etmək lazımdır ki, Heydər Əliyev həm SSRİ və həm də bütün dünyada çox nüfuzlu bir dövlət və siyasi xadim kimi tanınmışdı. Buna görə də onun Azərbaycan Respublikasına qayıdışı həm SSRİ rəhbərliyini və həm də Moskvanın əmri ilə oturub-duran respublika rəhbərliyini çox böyük təşvişə saldı. Ulu öndərin ölkənin siyasi mərkəzi olan Bakıda qalmaması üçün hər cür təxribatlara əl atıldı və terror aktı ilə hədələndi. Həyat üçün real təhlükənin mövcud olduğunu hiss edən Heydər Əliyev dünyaya göz açdığı Naxçıvan MR-ə getməyə məcbur oldu. O, 1990-1993-cü illərdə ağır blokada şəraitində olan Azərbaycan Respublikası Naxçıvan MR-in yaşaması, onun sərhədlərinin qorunması üçün mümkün olmayanı mümkün etdi. O, Ermənistanın hərbi təcavüzünün qarşısının alınması üçün respublika rəhbərliyinin konkret və təsirli tədbirlər görülməsini tələb edirdi. Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox sərt məzmunda çıxış etdi və Azərbaycan Respublikası dövlətinin problemin həlli ilə bağlı konkret tədbirlər proqramı olmadığını söylədi. Lakin onun irəli sürdüyü tədbirlər respublika rəhbərliyi tərəfindən qulaqardına vurulduğu üçün çox qısa bir zaman ərzində Azərbaycan xalqına düşmən tərəfindən ağır zərbələr vuruldu. 1992-ci il fevralın ortalarında erməni hərbi quldur dəstələri növbəti dəfə Qaradağlı kəndinə güclü hücuma başladılar. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə qətlə yetirib onları silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təcavüzkar Ermənistan "dövləti" Azərbaycan Respublikasına qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də "Krasnovodsk-Bakı" dəniz sərnişin bərəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azərbaycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-cu il iyulun 14-dən 1994-cü il mayın 7-nədək 206 terror aktı həyata keçirilmişdi.

Erməni quldurları Rusiya Federasiyası MN-ə məxsus Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqımı faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25-də saat 21-də erməni hərbi birləşmələri 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlükdə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.

Hadisələri ilk olaraq videolentə alan jurnalistlər Seyidağa Mövsümlü və Çingiz Mustafayev qeyd edirdilər ki, "öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi". Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular".

Erməni quldurları Rusiya Federasiyasının hərbi dairələrinin köməyinə arxalanmaqla 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparmış və nəticədə Azərbaycan Respublikasının 1.000 000-dan çox vətəndaşı öz ölkəsində qaçqına çevrildi. Hərbi təcavüz nəticəsində 100 000 nəfər yaralanmış, 50 000 şikəst olmuş, 4853 nəfər itkin düşmüş və onlardan 439 nəfəri əsirlikdə öldürülmüş, 783 nəfər isə indiyə qədər əsirlikdədir. Bütövlükdə isə "Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın 1 yanvar 2011-ci il tarixinə olan məlumatına əsasən əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərinin isə hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir ki, onlardan 149 nəfəri qadındır. Bu günədək əsir və girovluqdan 1309 nəfər azad edilmişdir. Onlardan 343 nəfəri qadın, 1056 nəfəri kişidir. Qeyd etmək lazımdır ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfərin yaşlı şəxsdən 112 nəfəri qadındır. Bundan əlavə, Dövlət Komissiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu şəxslərin yalnız 137 nəfərinin təkcə adı məlum olduğu halda, onlardan 74 nəfərin adı məlum deyildir. 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının keçmiş DQMV-nin ərazisi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı ilə Azərbaycan Respublikasına qarşı hərbi təcavüzün yeni mərhələsi başlandı. 1993-cü ilin iyulun 24-dən oktyabrın 28-dək Rusiya Federasiyasının hərbi-siyasi yardımı ilə Ermənistan Respublikası silahlı qüvvələri Azərbaycan Respublikasının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş hərbi təcavüz nəticəsində Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayonundan 60000, Qubadlı rayonundan 87900, Zəngilan rayonundan isə 39500 nəfər Azərbaycan Respublikası vətəndaşı məcburi köçkün vəziyyətinə düşdü.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi 30 aprel 1993-cü il tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 saylı qətnamələr 1992-ci ildə yaradılmış Minsk qrupunun bütün səylərinə baxmayaraq yerinə yetirilməmiş olaraq qalır.

Qeyd etmək lazımdır ki, artıq 1992-ci ildən bu müharibə beynəlxalq münaqişəyə çevrildiyi üçün həmin ilin mart ayının 24-də münaqişənin tənzimlənməsi üzrə 9 dövlətin daxil olduğu Minsk qrupu yaradıldı.

1993-cü il iyunun 4-də Azərbaycan Respublikasında baş verən hərbi-siyasi böhran ölkədə və ilk növbədə, cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirdi. Uçuruma yuvarlanan AXC-Müsavat iqtidarı ölkəni və yenicə bərpa olunmuş milli dövlətçiliyi xilas etmək üçün Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və Azərbaycan xalqının ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. 1993-cü ilin iyulundan-noyabrınadək Ermənistanın hərbi təcavüzünün genişlənməsi və nəticədə yeddi rayonun işğal olunması, əslində, daxili və xarici anti-azərbaycan qüvvələrin birgə fəaliyyətlərinin nəticəsi olaraq Heydər Əliyevə qarşı yönəldilmişdi və milli dövlətçiliyin xilas edilməsinə yol verməmək məqsədi güdürdü. Buna görə də, Heydər Əliyev ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Yeni ordu quruculuğu sahəsində atılan addımlar düşmənə ağır və sarsıdıcı zərbələr vurdu və onu 1994-cü il mayın 12-də atəşkəs müqaviləsi imzalamağa məcbur etdi.

1993-cü ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün hərtərəfli düşünülmüş xarici siyasət kursunu həyata keçirməyə başladı.

1994-cü ildə ATƏM-in Budapeşt zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin diplomatik səyi ilə münaqişənin tənzimlənməsi üzrə çox uğurlu bir qərar qəbul edildi. Qəbul edilmiş qərara əsasən münaqişə həll olunduqdan sonra münaqişə zonasına Minsk qrupuna daxil olan dövlətlərin deyil, məsələdə neytral olan dövlətlərin qoşunları yeridilməli idi. Bu, Ermənistanın və onu hərbi-siyasi cəhətdən müdafiə edən Rusiya Federasiyasının diplomatik məğlubiyyəti idi. 1996-cı il ATƏT-in Lissabon zirvə toplantısında Prezident Heydər Əliyevin səyi ilə daha uğurlu bir nəticə əldə olundu. Azərbaycan Respublikasının ərazi bütövlüyü bir daha ATƏT-in sədri adından qəbul edilən bəyanatda Ermənistandan başqa ona üzv olan dövlətlər tərəfindən tanındı. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a və RF-yə rəsmi dövlət səfərləri öz müsbət nəticələrini verməyə başladı. Məlumdur ki, ABŞ Konqresi hələ 1992-ci ilin oktyabrında "Azadlıq aktı"na 907-ci əlavəni qəbul etmişdi. Azərbaycan Respublikasının milli mənafelərinə qarşı yönəldilmiş bu mənfur qərarın qəbul edilməsinin bir səbəbi AXC-Müsavat iqtidarının uğursuz xarici siyasəti idisə, digər səbəbi ABŞ-da erməni lobbisinin fəaliyyətinin ümumi nəticəsi idi. Həmin 907-ci əlavədə Azərbaycan Respublikası Ermənistanı və Dağlıq Qarabağı blokadada saxlamaqda ittiham olunur və buna görə də müstəqilliyini elan etmiş keçmiş sovet respublikaları içərisində Konqresin qərarına görə Azərbaycan Respublikasından başqa, onların hamısına hər il ABŞ dövləti tərəfindən maliyyə yardımı göstərilirdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyləri ilə 2001-ci ildə ABŞ Prezidenti C.Buş 907-ci əlavənin Azərbaycan Respublikasına qarşı tətbiq edilməsinin hər il müvəqqəti olaraq 1 il müddətinə dayandırılması haqqında qərar qəbul edildi. Bundan əlavə, Prezident Heydər Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində İslam Konfransı Təşkilatı və AŞ PA qəbul etdikləri qərarlarında Ermənistan Respublikasını təcavüzkar bir dövlət kimi tanıdılar. Bütün bunlar Prezident Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində apardığı xarici siyasətin ümumi nəticəsi idi.

Həyata keçirilən bütün tədbirlərə baxmayaraq Ermənistanın 1988-1994-cü illərdə həyata keçirdiyi işğal nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi, 6 min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 milyon kv/m olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı, 44 məbəd, 9 məscidin məhvinə səbəb olmuşdur.

Bundan əlavə, Ermənistan Respublikası "dövləti"lə sərhədyanı rayonlara xeyli miqdarda birbaşa maddi zərər vurulmuşdur. Bu rəqəmin miqdarı 1994-cü il üçün qiymətlərlə 1.389.233.500 ABŞ dolları təşkil edir. Belə ki bu bölgələrdə yerləşən rayonların icra hakimiyyətlərinin verdikləri məlumatlara görə işğal nəticəsində vurulmuş birbaşa maddi zərər rayonlar üzrə ABŞ dolları ilə aşağıdakı kimi olmuşdur. Tərtər və keçmiş Ağdərə rayonları üzrə - 799.295.100$, Qazax rayonu - 327.529.464$, Tovuz rayonu 189.873.420$, Ağcabədi rayonu -22.420.050$, Ağstafa rayonu - 1.998.950$, Beyləqan rayonu - 3.812.500$, Gədəbəy rayonu - 44.303.800$.

Bütün mövcud təkzibolunmaz faktlar təsdiq edir ki, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən tətbiq edilən deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Şimali Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat km. ərazisini itirmiş, 1991-1993-cü illərdə 20% ərazisi işğal edilmiş, 2,5 mln. nəfər əhalisi məhv edilmişdir.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün danışıqların predmeti olmadığını dəfələrlə söyləmiş və onun mütləq bərpa ediləcəyinin əsas vəzifə olduğunu qeyd etmişdir. Lakin Ermənistanın Rusiya Federasiyasının hərbi-siyasi yardımına və digər xarici himayədarlarına arxalanaraq tutduğu qeyri-konstruktiv mövqe məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinə yol vermir. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkənin iqtisadi, hərbi qüdrətinin xeyli artmasına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası 2011-ci ildə BMT TŞ-nin iki il müddətinə qeyri-daimi üzvü seçilmişdir. Göstərilən faktlar belə bir fikri söyləməyə əsas verir ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq, Ermənistanın hərbi təcavüzünə və işğalına son qoyulacaqdır.

Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisi AXC-nin varisi olmaq hüququndan istifadə edərək 1918-ci il may ayının 29-dan 1991-ci ilə qədər Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq onun əraziləri ilə bağlı qəbul edilmiş bütün qərarları ləğv etmək səlahiyyətinə malikdir. Şübhə yoxdur ki, bu istiqamətdə atılan hər hansı bir addım Azərbaycan xalqı tərəfindən müdafiə olunacaqdır!




Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi prosesi necə baş vermişdir
Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi prosesi necə baş vermişdir










Cəbi BƏHRAMOV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed