Şrift:
Əbülfəz Elçibəyin sevdiyi şairlər və şeirlər - MARAQLI
11.01.2013 [13:02] - Türkün şanlı tarixi
Vaqif Bayatlı Odər: “Üçümüzü – Ramiz Rövşəni, Vaqif Səmədoğlunu və məni lap çox sevərdi”

Azərbaycanın eks-prezidenti Əbülfəz Əlçibəy alim, siyasi xadim olmaqla yanaşı, həm də poeziya bilicisi və vurğunu idi. O, poetika məsələlərini çox dərindən mənimsəmiş, bir şərqşünas alim kimi qədim və orta dövr Şərq ədəbiyyatının həvəskarı kimi tanınırdı. Ömrünün son çağlarında ən çox oxuduğu şair türkiyəli Nəcib Fazil Kısakürək idi. Kısakürəyin şeirlərindəki vətəndaşlıq ruhu, vətənə, insana, soy-kökə bağlılıq, insan və təbiət təzadı, torpağa bağlılıq və bu bağlılığın insan “qanına hopması “ və s. Elçibəyi özünə çox cəlb edirdi.

“İnsan şu- Su misalı, dayanmadan akar ya,
Bir yandan akan benim, o bir yandan Sakarya!

Su akar enislerden hep basamak – basamak
Benimse alın yazım yokuslarda susamak!”

O, Nəcib Fazilin “ Sakarya türküsü” adlı şeirindən götürülmüş bu misraları dönə-dönə təkrarlayardı. Buradakı poetika – insan və çayın eyniləşdirilməsi, çayın axma surətinin insanın daxili aləmiylə uyğunlaşdırılması, suyun saf suya bənzədilməsi Əbülfəz bəyə xüsusi ləzzət verərdi. Şeirin ümumi məzmunu ilə onun ruhi aləmində böyük bir oxşarlıq var idi.

Azərbaycan ədəbiyyatında isə XX əsrin əvvəllərində sevdiyi şair Məhəmməd Hadi idi. Hadinin “Türkün nəğməsi”, “Ümid insanın ruhudur” adlı şeirləri Əbülfəz Elçibəyi məftun edirdi:

Yoxdur zərəri keçsə də fəqr ilə həyatım
Kim olduğunu bildirəcək bil ki, məmatım.
Fərdayi üfulumda bu qövr ağlayacaqdır
Lakin gözümü dəsti-əcəl bağlayacaqdır.

Əbülfəz Elçibəyin həm hansısa bir el şənliyində, ya da dostlar məclisində dediyi şeirlər onun ruhunun əksi idi. O, şeirlərdə də vuruşan, çarpışan bir insan ruhu yaşayırdı.

Çağdaş ədəbiyyatımızda isə mərhumun sevdiyi əsas 3 şair var idi: Ramiz Rövşən, Vaqif Səmədoğlu və Vaqif Bayatlı Odər. Ramiz Rövşənin şeirlərində orijinallıq, sözün yeni üfüqlər açması, Vaqif Səmədoğlunun şeirlərində elitarizm onu çox qane edirdi. Vaqif Bayatlı Odərin şeirləri isə onun ruhunun güzgüsü idi sanki.

Vaqif Bayatlı mərhum eks-prezidentlə bağlı xatirəsi:

“Mən onun həm sevimli şairi, həm də sevimli dostu idim. Şeirlərimdən elə məqamda elə sitatlar gətirirdi ki, adam lap heyran olurdu. Elçibəy poeziyanın incəliklərini bilirdi. Məclislərdə bəzən türk klassiklərindən, bəzən Azərbaycan lassiklərdən, bəzən isə çağdaş şairlərimizdən şeirlər deyərdi. Üçümüzü – Ramiz Rövşəni, Vaqif Səmədoğlunu və məni lap çox sevərdi. Onunla çox tez-tez görüşərdik. Çox təəssüf ki, Türkiyəyə yanına xəstə ikən gedə bilmədim. Mənimlə danışanda ağladı. Yanında görmək istəyirdi. Amma görüşümüz bir daha baş tutmadı“.

Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 1120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed