Şrift:
Filarmoniyada növbəti konsert - “Şuşanın dağları, Zəfərin ulduzları”
27.04.2022 [10:52] - Gündəm, Mədəniyyət
Aprelin 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsi yeniyetmə və məktəblilərə qucaq açmışdı. Hər çıxışı gur alqışlarla qarşılanan istedadlı gənclər təkcə öz bacarıqlarını nümayiş etdirmirdilər, həm də sanki mənsub olduqları millət və Vətən qarşısında bir imtahan verirdilər. Əlbəttə, bu, bir başlanğıc idi. Qarşıda onları böyük konsert proqramları, iri salonlar gözləyir.

Filarmoniyada Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin “Şuşa İli”nə həsr olunmuş konsertinin adı da elə bu duyğuları əks etdirirdi: “Şuşanın dağları, Zəfərin ulduzları” .

Konsertdə məktəbin peşəkar, təcrübəli müəllimləri Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova, Svetlana Əliyeva və Ulduz Məmmədovanın şagirdləri çıxış edirdi.

Proqramın solistləri - Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri - Prezident təqaüdçüsü Cəmil Sədizadə, beynəlxalq müsabiqələr laureatları Əbdüləli Hüseynli, Samirə Cəfərli, Zərintac Qurbanzadə və Orxan Hüseynov idi.

Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri yer almışdı. Konsert zamanı şagirdləri Xalq artisti Rauf Abdullayevin bədii rəhbər və baş dirijor olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı müşayiət edirdi.

Gecədə çıxış edən şagirdlərin kifayət qədər yaradıcılıq təcrübəsinə malik olduqları açıq-aydın görünürdü. Təcrübə göstərir ki, mütəmadi konsertlərdə simfonik, kamera orkestri ilə çıxış edən şagirdlər səhnədə özlərini sərbəst və rahat hiss edirlər.

Konsertin iştirakçılarından biri prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Cəmil Sədizadə İspaniya, Fransa, İtaliya, Moskva, Gürcüstanda keçirilən müsabiqələrin qalibidir, Moskvada Kreml sarayının Qeorgiyev zalında keçirilən “Nəsillərin melodiyası” festivalında Rusiya Federasiyasının prezident orkestrı ilə çıxış edib.

Digər bir iştirakçı, beynəlxalq müsabiqələr laureatı Əbdüləli Hüseynli ötən il uğurlu səhnə fəaliyyətinə görə Gənclər Günü münasibətilə mədəniyyət naziri Anar Kərimov tərəfindən fəxri fərmanla təltif olunub. O, təhsil aldığı illərdə ISESCO-nun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən İslam dünyası gənc klassik musiqi ifaçılarının 7-ci Beynəlxalq festival müsabiqəsində iştirak edib, İspaniya, Rusiya, Gürcüstan və digər ölkələrdə keçirilən müsabiqələrin qalibi olub.

VII sinif şagirdi Samirə Cəfərli isə İspaniya, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilən müsabiqələrin qalibidir.

Həmçinin Zərintac Qurbanzadə, Orxan Hüseynli İspaniya, İtaliya və Rusiyada keçirilən müsabiqələrdə laureat adı qazanıblar.

Konsertdən sonra AZƏRTAC-a müsahibə verən Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin direktoru Sevil Ələkbərova deyib: “Qarabağın tacı, mədəniyyət beşiyi olan Şuşa hər birimiz üçün doğmadır. Əzəli torpaqlarımızın azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini işğaldan azad etdi. Həmin gün tariximizə Zəfər Günü kimi həkk olundu. Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa indi özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyub. 2022-ci ilin "Şuşa ili” elan edilməsi 28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən bu şəhərin tarixi şöhrətini özünə qaytaracaq.

Bugünkü konsertimiz də məhz “Şuşa İli”nə həsr olunub. Konsertin qonaqları arasında Vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid övladları da vardı. Düşünürəm ki, konsert uğurla keçdi, şagirdlərimizin ifası xoş təsir bağışladı. Proqramın çətin, mürəkkəb, maraqlı və rəngarəng tərtib edilməsinə baxmayaraq, uğurlu alındığını düşünürəm”.

Direktor daha sonra deyib: “Tədris zamanı şagirdləri aşağı siniflərdən səhnədə, yaradıcılıqda özünü ifadə etmək üçün hazırlayır, onlara peşəkarlıq vərdişləri aşılayırıq. Yeni nəslin tərbiyəsi, estetik zövqünün, dünyagörüşünün formalaşması, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi və musiqi mədəniyyətimizin inkişafı naminə bundan sonra da məsuliyyətlə çalışacaq, şagirdlərin peşəkar ifaçı kimi yetişməsi üçün ən müasir tədris üsullarını işimizə tətbiq edəcəyik”.

Mayın 15-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyinin tamam olacağını söyləyən Sevil Ələkbərova diqqətə çatdırıb ki, görkəmli bəstəkarı 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı bu günlərdə ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Bu səbəbdə də mayın 19-da Rəşid Behbudov adına Mahnı Teatrında məktəbimizin adını daşıyan görkəmli bəstəkar Rauf Hacıyevin yubileyi ilə əlaqədar tədbir keçiriləcək. Hazırda həmin tədbirə hazırlaşır və yubiley gecəsində də uğurlu çıxış etmək üçün məşqlər aparırıq...

Qeyd edək ki, altmış ildən artıq fəaliyyət göstərən təhsil ocağı istedadlı gənclərin əsas elm məbədinə çevrilib. Bu illər ərzində məktəb onlarla Prezident təqaüdçüsü, laureatlar yetişdirib. Məktəbin məzunları orta və ali ixtisas musiqi ocaqlarında təhsillərini davam etdirərək musiqi mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər. Ümid etməyə dəyər ki, bu ənənə bundan sonra da davam edəcək...
Bu xəbər oxucular tərəfindən 1757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed