Şrift:
İran hökumətindən daha bir vandalizm: Bəhai qəbristanlığı dağıdıldı
28.04.2022 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Həmədan şəhərində yerləşən bəhai qəbristanlığı dağıdılıb.

Bu barədə İnsan haqları təşkilatları məlumat yayıb. “Gülüstan-i Cavid” qəbristanlığında baş verən hadisə İran hökumətinin razılığı əsasında həyata keçirilib.

Bəhai Beynəlxalq İcmasının Cenevrədə yerləşən nümayəndəliyinin sözçüsü Simin Fəhəndej məsələ ilə bağlı verdiyi açıqlamada bu hərəkəti pisləyib və bunu bəhailərə qarşı yürüdülən ayrı-seçkilik siyasətinin daha bir nümunəsi adlandırıb.

O, bunu zalimcə əməl adlandıraraq ölülərə qarşı hörmətsizliyi və onları təhqir etməyi Tehran rejiminin bir başa istəyi və siyasi kursunun nəticəsi olduğunu deyib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.
Bu xəbər oxucular tərəfindən 2786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed