Şrift:
Fərəc Quliyev: “Sumqayıtda baş verən yanğın Rusiyanın təxribatı ola bilər”
29.04.2022 [15:59] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərindəki "Azərsun Sənaye Parkı”nda yanğın baş verib. Yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.

Bu, son vaxtlar baş verən birinci hadisə deyil. Son aylar Bakı şəhərinin mərkəzində fəaliyyət göstərən gecə klubunda partlayışın baş verməsi, müxtəlif bölgələrdəki meşə yanğınları bunların təxribat ola biləcəyi ehtimalını irəli sürməyə əsas verir. "Azərsun Sənaye Parkı”nda ərzaq ehtiyatının saxlanıldığı anbarın yanaraq sıradan çıxması müəyyən şübhələr yaradıb.

TNS-in əməkdaşı bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə söhbətləşib.


Partiya sədri bildirib ki, bu məsələyə son nöqtəni müvafiq strukturlar qoyacaqlar. Araşdırmaların nəticəsindən sonra tam qənaət formalaşacaq.

“Biz indi fərziyyələr irəli sürə bilərik. Azərbaycanın bugünkü vəziyyəti, böyük güclərin burdakı maraqlarının toqquşması onu göstərir ki, Azərbaycana ən müxtəlif üsullarla təzyiq etməyə çalışacaqlar. Ona görə də cəmiyyətimiz belə mümkün təxribatların qarşısının alınmasına hazır olmalıdır, hər zaman diqqətli olmalıdır”, - partiya sədri bildirib.

Fərəc Quliyevin sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi bölgədə yeni siyasi konstruksiya formalaşdırıb: “Azərbaycanın son vaxtlar Ukraynaya real, normal və adekvat münasibəti açığı heç Rusiyanın xoşuna gəlmir. Azərbaycan Ukraynanın ərazi bütövlüyü tanıyır, Krımın Ukrayna ərazisi olduğunu bildirir, qondarma respublikaları tanımır. Bundan başqa, ölkəmiz Ukraynaya humanitar yardım göstərir, SOCAR Ukraynada təcili yardım və yanğısöndürən avtomobillərə pulsuz yanacaq paylayır. Bu siyahını uzatmaq mümkündür. Rusiya bunu ifadə etməsə də, Azərbaycanın bu davranışları şimal qonşumuza xoş gəlmir”.

Partiya sədri deyib ki, Qarabağla bağlı danışıqlar prosesinin, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının iki ölkənin özünün öhdəsinə buraxıması, Avropa İttifaqının bu məsələlərdə bir az önə çıxması da Rusiyanı qıcıqlandırır.

“Bəzən bunu açıq şəkildə də bəyan edirlər. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Zaxarovanın dünənki bəyanatı da bunu göstərir. Açığı məndə belə bir təəssürat yaranır ki, bütün bunlar təsadüf olmaya da bilər. Bu günlərdə Ukraynaya humanitar yardım göndərildi. Bu humanitar yardım elə “Azərsun”un məhsulları idi. Hesab edirəm ki, bu versiya da aydınlaşdırılmalıdır”, - o vurğulayıb.

Fərəc Quliyev hüquq-mühafizə orqanlarımıza güvəndiyini bildirib.

“Hətta belə bir versiya sonda təsdiqlənməsə belə, bütün partiyalar, qeyri-hökumət təşkilatları cəmiyyətlə işləməyi bacarmalı, insanlar səfərbər olmalıdır. Hər kəs ayıq-sayıq olmalı, öz zavodunu da, meşəsini də qorumalıdır. İnsanlar şübhəli nəsə gördükdə mütləq hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Çünki şərait və vəziyyət elədir ki, Rusiya düşdüyü vəziyyətə görə, hər yerdə 5-ci kalonu işə salıb təxribatlar törədə bilər. Oxşar təxribatlar Moldovada da baş verib. Rusiyanın ağır vəziyyətindəki hərəkətləri ölən əjdahanın quyruğunu ora-bura vurmasına bənzəyir. Bütün bunlar onu göstərir ki, biz sayıq olmalıyıq. Müxtəlif versiyalar ola bilər, texniki nasazlıqlar baş verə bilər. Bunlar qorxulu deyil. Ancaq təxribat versiyası da ola bilər. Bu, bizim ərzaq təhlükəsizliyimizə də zərbədir. İndi ərzaqla bağlı bütün dünyada problemlər yaranır. Belə bir dövrdə bizim ərzaq anbarımızın sıradan çıxması çox ciddi məsələdir. Ən müxtəlif versiyalar ola bilər, ancaq mən təxribat versiyasını da istisna etmirəm”, - partiya sədri əlavə edib.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed