Şrift:
Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib
05.05.2022 [09:49] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tarixi binalarından olan, siyasi və ictimai tədbirlərin keçirildiyi Meridian Beynəlxalq Mərkəzində (Meridian İnternational Center) “Azərbaycan Mədəniyyət Gecəsi” adlı caz konserti keçirilib.

Tədbirdə ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti, ABŞ siyasi-ictimai dairələrinin, diplomatik korpusun, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və yerli amerikalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim zəngin mədəniyyətə malik Azərbaycanda musiqiyə verilən dəyərdən, milli musiqimizin qorunub saxlanılması ilə yanaşı, müasir və dünya musiqisi, o cümlədən caz musiqisinin ölkəmizdə geniş yayılmasından bəhs edib və bu sahənin peşəkarlarından söhbət açıb.

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olan musiqidən bəhs edib və dünya caz həftəsinə təsadüf edən tədbir kontekstində ölkəmizdə caz ənənələri, onun tarixi, xüsusilə də 1960-70-ci illərdən başlayaraq Azərbaycanın Qafqazın caz mərkəzinə çevrilməsi, Vaqif Mustafazadə, Əzizə Mustafazadə kimi əvəzedilməz caz ifaçılarının yetişməsini vurğulayıb. A.Kərimov Qarabağın tarixən Azərbaycanın musiqi mərkəzi olması, bir sıra mötəbər musiqiçilərin məhz burada yetişməsini xüsusi qeyd edib.

Caz konsertində uzun illərdir ABŞ-da yaşayıb fəaliyyət göstərən peşəkar caz ifaçısı Əminə Fiqarovanın rəhbərlik etdiyi caz qrupu Azərbaycan musiqisinin motivlərindən ilhamlanaraq improvizə edilmiş etno-caz janrında musiqilər ifa edib. Konsertdə Vaqif Mustafazadənin əsərləri üstünlük təşkil edib. Musiqiçilərin özünəməxsus tərzdə ifa etdiyi “Laçın” musiqi parçası isə konsert iştirakçıları tərəfindən xüsusilə bəyənilib və alqışlarla müşayiət olunub.

Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 1884 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed