Şrift:
Güneyli alim may ayında edam edilə bilər
05.05.2022 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə İranın "İsna" xəbər agentliyi "etibarlı qaynaq"a istinadən xəbər verib.

Bunun İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin İsveçdə mühakimə olunması və İsveç prokurorluğunun onun barəsində ömürlük həbs cəzası istəməsinə cavab olaraq ediləcəyi ehtimal edilir.

Qeyd edək ki, professor Ə.Calali İsveç vətəndaşıdır, o İranda "Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub.

Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib.

Deyilənlərə görə, o, Avropa ölkələrinə qarşı SEPAH-ın casusluq layihələrinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

Bundan əvvəl BMT azərbaycanlı aliminin səhhəti ilə bağlı İran hökumətinə xəbərdarlıq edib, həmçinin müxtəlif ixtisaslar üzrə 121 nobel mükafatı laureatı onun azadlığa buraxılmasını tələb edib.

Ə.Calali İranda tibb universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb.

O, 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.

Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir.

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edilib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub.

Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.

Azərbaycanlı alimın "cinayət işi" İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan bədnam "dosye"lərdən biridir.

Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 3396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed