Şrift:
“Superbet Chess Classic”: Şəhriyar Məmmədyarov ABŞ təmsilçisinə məğlub olub
10.05.2022 [09:46] - Gündəm, İdman
Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin beşinci turunun oyunları keçirilib.

Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ABŞ idmançısı Fabiano Kauana ilə qarşılaşıb. Görüş şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Bu təmsilçimizin turnirdə ikinci məğlubiyyətidir.

Qeyd edək ki, şahmatçımız birinci turda ABŞ-ın digər şahmatçısı Uesli Soya uduzub, növbəti üç görüşdə macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa) və yerli idmançı Boqdan Daneel-Dyak ilə heç-heçə edib.

Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.
Bu xəbər oxucular tərəfindən 1178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed