Şrift:
Ulu Öndərin atdığı ilk addımlardan biri müasir ordu quruculuğunun əsasını qoymaqdan ibarət olub
10.05.2022 [09:52] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vahid mərkəzdən idarə olunan və təhlükəsizliyimizə, suverenliyimizə və müstəqilliyimizə zəmanət verə biləcək real qüvvəyə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mümkün oldu. Müstəqilliyi əldə etməzdən əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanda xalqımızı ərafında səfərbər edə biləcək şəxsiyyətin respublikanın rəhbərliyində olmaması bizim ölkəmizin ağır siyasi və hərbi böhranla qarşılaşması ilə nəticələnmişdi. 1992-1993-cü illərdə müxtəlif siyasi qüvvələrə tabe olan əlahiddə taborların formal olaraq tabe olduqları komandanlıq tərəfindən idarə edilməsi faktiki mümkün deyildi. Əksər hallarda peşəkar zabitlər ordu ilə əlaqəsi olmayan mülki şəxslərin tabeliyində xidmət edirdilər. Müdafiə məqsədilə yerli özünümüdafiə taborlarının qarşılıqlı fəaliyyətini təşkil etmək ən müşkül məsələlərdən biri idi.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bildirib.

O deyib ki, bəzən nizami ordu hissələri yerləşdiyi sərhədyanı cəbhə bölgəsindəki mövcud olan siyasi qüvvələrin təsiri altına düşürdü. İdarəetmədə mövcud olan və sadalanan neqativ proseslər sonunda Azərbaycan tərəfinin böyük ərazi itkiləri ilə nəticələnirdi. Əksər hallarda böyük çətinliklərlə azad edilən əraziləri qoruyub saxlamaq mümkün olmurdu. Buna görə isə kimsə məsuliyyət daşımırdı. Kriminal keçmişə malik insanlara yüksək vəzifələr və hərbi rütbələr verilməsinə, saxta baş zabit rütbələri daşıyan tabor komandirlərinə, orduda xidmət etmədən alay komandiri vəzifəsinə təyin olunanlara belə rast gəlirdik. Bu xaotik vəziyyətdən istifadə edən Ermənistan silahlı qüvvələri isə əvvəl Qarabağda yaşayan azərbaycanlı əhalimizə qarşı soyqırımı törətməyə nail oldular. Sonra isə Qarabağ və ətraf rayonlarımızın ərazilərini işğal etdilər. Ümumiyyətlə ölkəmiz müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya idi. Belə bir mürəkkəb vəziyyətdə Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması və müstəqil ordu quruculuğu istiqamətində tarixi addımlar atması həm silahlı qüvvələrimizin böhranlı vəziyyətdən çıxmasına, həm də ordunun ümumilikdə siyasi proseslərdən kənarlaşdırılması ilə nəticələndi.

“Peşəkar hərbiçi, böyük siyasətçi və görkəmli dövlət xadimi olan Heydər Əliyevin atdığı ilk addımlardan biri müasir və güclü ordu quruculuğunun əsasını qoymaqdan ibarət oldu. Sovet illərində ölkəmizə rəhbərlik edən Heydər Əliyev SSRİ-nin müxtəlif respublikalarında hərbi təhsil alan peşəkar kadrların ölkəyə qaytarılması və orduya cəlb edilməsi üçün bir çox məqsədyönlü fəaliyyətlər həyata keçirdi. Zamanında Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirən peşəkar milli kadrların orduda vəzifələrə təyin edilməsinə üstünlük verilməsinə başlanıldı. Qədim hərbi təhsil müəssələrimizdən olan Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində ciddi islahatlar aparıldı. Məktəbi adı sonralar dəyişdirilərək Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbi adlandırıldı. Müxtəlif siyasi hərbi qüvvələrə aid olan əlahiddə taborlar ləğv edilərək vahid hərbi hissələrdə birləşdirildi. Baş qərargahdan başlayaraq bütün hərbi hissə və birliklərdə ştat strukturu dəyişikliyi aparıldı. Ordunun təminat və təchizatında müsbət dəyişikliklər müşahidə olundu. Ordu quruculuğu sahəsində atılan inqilabi addımlar altı aydan sonra ilk bəhrəsini verməyə başladı. Dahi şəxsiyyət Heydər Əliyevin çağırışı və genişmiqyaslı səfərbərlik tədbirləri nəticəsində ordumuzun hərbi hissələrinin əksəriyyəti tam kompleksləşdirildi, - deyə hərbi ekspert vurğulayıb.

Ə.Verdiyev qeyd edib ki, böyük sərkərdə Heydər Əliyevin komandanlığı ilə silahlı qüvvələrimizin müxtəlif qoşun növlərindən ibarət yaradılan hərbi qruplaşması 1994-cü ilin ilk günlərində Horadiz əməliyyatını uğurla həyata keçirdi. Füzuli və Cəbrayıl rayonları ərazisində Azərbaycan ordusu böyük bir ərazini, o cümlədən Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq mərcanlı kəndini düşməndən tamamilə azad etdi. Bu qələbə isə xalqımızda və ordumuzda Ali Baş Komandana və zəfərimizə qəti inam yaratdı. Bu nailiyyətdən ruhlanan ordumuz sonrakı dövrlərdə dahi şəxsiyyətin xeyir-duası ilə bir çox xüsusi əməliyyatları da uğurla həyata keçirməklə düşmənə sarsıdıcı zərbələr endirdi. Horadiz zəfəri məruz qaldığımız məğlubiyyət sindromunun sındırılmasında, erməni ordusunun hücumlarının dayandırılmasında və onların geri çəkilməyə vadar edilməsində, düşmənin çoxsaylı canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində müstəsna rol oynadı. Məhz Horadiz döyüşlərində ordumuzun qələbə qazanmasından sonra mənfur düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu. Sonrakı dövrdə Ulu Öndər ordu quruculuğunda həm Türkiyə, həm NATO ilə əməkdaşlığın inkişafına diqqəti artırıb. Atəşkəs imzalanmasından bir neçə ay sonra Ümummilli Lider NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün sülh naminə tərəfdaşlıq çərçivə sənədini imzaladı. O çərçivə sənədi əsasında Azərbaycan hərbi qulluqçuları bəzi NATO təlimlərində, xarici dövlətlərdə keçirilən təlimlərdə iştirak etdilər. Bu gün zəfərlərimizin əldə olunmasında iştirak edən bir çox peşəkar zabit kadrların məhz Ümummilli Liderin Türkiyə ilə hərbi, hərbi-texniki və hərbi-təhsil sahəsində üstünlük verdiyi əməkdaşıq proqramının iştirakçıları olduğunu xatırlatmaq yerinə düşər.

“2012-cı ildən başlayaraq silahlı qüvvələrimizin fəaliyyətləri uğurlu 2016-cı ilin aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz hadisələri ilə müşayiət edildi. Son nəticədə isə Horadiz zəfəri ilə başlayan Azərbaycan Ordusunun uğurları 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbə ilə nəticələndi. Bu Zəfərin əldə edilməsinin ən başlıca səbəbi isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı vəzifəsində fəaliyyətə başladığı ilk gündən görkəmli siyasi xadim Heydər Əliyevin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri, ənənələri, uğurları məqsədyönlü və planlı şəkildə davam etdirməsi, o cümlədən ordu quruculuğu işini prioritet vəzifə elan etməsi ilə birbaşa bağlıdır. Hazırda məhz bu siyasətin nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Silahlı qüvvələrimizin Vətən müharibəsindəki döyüş təcrübəsi bir çox inkişaf etmiş ölkələrin hərbi və elmi mərkəzləri tərəfindən öyrənilir və araşdırılır”, - deyə ekspert söyləyib.

Ə.Verdiyev əlavə edib ki, 2020-ci ilin Vətən müharibəsində qazanılmış tarixi Zəfər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin güclü, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərindəki milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Bu gün Azərbaycanın ərazi bütövlüyü, Şuşada qürurla dalğalanan milli bayrağımız, milli dövlətimiz, müstəqilliyimiz, dünya xalqları arasında layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mübarizənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed