Şrift:
Fərəc Quliyev:Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün qoyduğu şərtlər maksimalist deyil
06.06.2022 [20:15] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Türkiyənin məqsədi İsveç və Finlandiyanın NATO-ya daxil olmaması deyil, məqsədi qanunlara əməl edilməsi və vizyonun dəyişməsidir. Tərəflər müsbət addımlar atmaq məcburiyyətindədirlər. Gözlənilən odur ki, Türkiyəni qane edəcək addımlar atılacaq”.


Bu fikirləri İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün Türkiyənin qoyduğu şərtlər, ABŞ-nin rəsmi Ankaranı razı salmaq üçün F-16 satmağa müsbət baxması və digər məsələri şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.


Fərəc Quliyev bildirib ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün qoyduğu şərtlər maksimalist deyil:

“Türkiyə tələblərində haqlıdır. İstənilən əməkdaşlıq platforması dövlətlərin təhlükəsizliyinə, inkişafına xidmət etməlidir. Bir platformada tərəfdaşlarını seçəndə, təbii ki, onların sənə qarşı münasibətini də, vizyonunu da nəzərə alasan. Türkiyəyə qarşı sanksiyalar tətbiq ediblər, Türkiyənin daxilində terror törədən təşkilatlara yuva düzəldiblər, onlara maliyyə ayrıblar, silah-sursat veriblər. Türkiyə indiki məqamda rəsmən bildirir ki, onları terror təşkilatı kimi tanımalıdırlar. Yaxşı terrorçu, pis terrorçu bölgüsü yoxdur. İŞİD-ə qarşı ortaq mövqedən çıxış edirlər, ancaq PKK və onun törəmələrinə qarşı yanlış davranırlarsa, bu, Türkiyə üçün qəbulolunmazdır.

Hesab edirəm ki, nəinki ABŞ, İsveç və Finlandiyanın özü də Türkiyənin mövqeyini qəbul ediblər və bir sıra məsələlərə yenidən baxacaqlarını, qanunvericiliklərində dəyişikliklər edəcəklərini bildiriblər. PKK və YPG-yə maliyyə ayırmamaları və onlara ofis verməməklə bağlı müzakirələrdə müsbət işartılar var. Buna etiraz olaraq da PKK müxtəlif ölkələrdə səsini qaldırır.

İngiltərənin mövqeyi çox aydındır. İngiltərənin Baş naziri Boris Conson Türkiyənin bu məsələdə haqlı olduğunu və rəsmi Ankaranın məmnun qalması üçün addımlar atılmalı olduğunu açıq şəkildə dilə gətirir. NATO-nun Baş katibindən də eyni mesajlar gəlir. Türkiyənin ortaya qoyduğu mövqe gələcəkdə bəşəriyyətin təhlükəsizliyi üçün çox önəmlidir.

Türkiyə NATO-da ikinci ən güclü dövlətdir. İsveçin nə qədər ordusu, kontingenti var? Onlar daha çox Türkiyənin qoltuğuna sığınmaq istəyirlər.

Hesab edirəm ki, Türkiyə irəli sürdüyü şərtlərdə heç də maksimalist davranmayıb. Türkiyə şərt qoya bilərdi ki, Avropa İttifaqına üzv olmağı təmin olunsun, Yunanıstanın işğalı altındakı 10 adada silahsızlaşdırma baş tutsun. F-16-larla bağlı danışırlar, ancaq Türkiyə F-35-lərin pulu ödəyib nə təyyarələri verilər, nə də pulunu geri qaytarırlar. Bir çox məsələdə Türkiyə şərtləri elə qoyub ki, nəticə əldə olunsun”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed