Şrift:
Fərəc Quliyev:Bu müharibədə əvvəlki status-kvonun bərpa olunması imkanları çox məhduddur
18.06.2022 [11:26] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hətta bəzi ölkələr hazırda Ukrayna rəhbərliyini kompromisə təhrik etməyə çalışsalar belə, Ukrayna onları eşitməyəcək”

Rusiya ilə Ukrayna arasında gedən müharibə dönəmində dünyanın üç aparıcı ölkəsi sayılan Fransa, Almaniya və İtaliyanın dövlət başçıları Kiyevə səfər etməyə yalnız indi qərar veriblər. Onlardan fərqli olaraq, bir çox Avropa ölkələrinin dövlət başçıları ən risqli vaxtlarda Kiyevə təşrif buyuraraq, Ukrayna xalqına öz dəstəklərini ifadə ediblər. Böyük Britaniyanın Baş naziri Boris Consonun Kiyevə gözlənilməz səfərini bu qəbildən saymaq olar.

Hələ səfərdən öncə, xüsusilə ukraynalı təhlilçilər 3 ölkə rəhbərinin gözlənilən səfərinin əsas məqsədinin Volodimir Zelenskini güzəştə məcbur etmək olduğunu bildirirdilər. Baxmayaraq ki, Zelenski başda olmaqla, Ukrayna rəhbərliyi dəfələrlə Rusiyaya hər hansı ərazi güzəştinə getməyəcəklərini bəyan ediblər.

Bu səfərlə bağlı ən maraqlı və reallığa uyğun açıqlamanı isə Ukrayna Daxili İişlər nazirinin müşaviri Viktor Andrusiv verib: “Makron, Şolts və Draqi bizə Avropa İttifaqı üzvlüyünə namizədlik təklifi və Putinlə danışıqlar masasına oturmaq xahişi ilə gəlirlər”. Qeyd edək ki, Ukraynanın Rusiyaya danışıqlara getməsinə qarşı bəzi Avropa liderləri açıq çıxış edir. Polşa prezidenti Anjey Duda deyib ki, İkinci Dünya müharibəsi zamanı kimsə Adolf Hitlerlə danışıqlar aparıbmı?

Fransa, Almaniya və İtaliya liderlərinin Kiyev səfərinin məqsədini Ukraynaya Putinlə razılaşmaq üçün təzyiqlə əlaqələndirənlər nə dərəcədə haqlıdır?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu müharibədə əvvəlki status-kvonun bərpa olunması imkanları çox məhduddur: “ Çünki Ukraynanın bundan sonra itirəcəyi nəsə yoxdur. Donbas və Krım Rusiyanın nəzarətində qalmaqla, Ukraynanın digər əraziləri bərpa edilsə belə yenidən müharibə başlaya bilər. Nəticədə yenə dağıntılar olacaq. Ukrayna heç vaxt belə bir durumda olmayıb. Ona heç vaxt xaricdən açıq dəstək verilməyib. Rusiyaya qarşı olan qüvvələrin də istəyi budur ki, Rusiyanı bu dəfə lazımi şəkildə yumuşaltsınlar. Bəzi dövlətlər ola bilər ki, ehtiyatlı davranır. Həmin ölkələrin proseslərə təsir gücləri zəifdir. ABŞ və Böyük Britaniyanın mövqeyi isə əsasdır. Üzdə nə görünürsə-görünsün, dərin qatlarda hamısı Rusiyanın zəifləməsi istiqamətində çalışır. Artıq Avstraliya rəhbərliyi Kiyevə səfər edəcəyini bildirib. Uzaq Şərqdə Yaponiya, Avstraliya, Yeni Zelandiya və ABŞ yeni sistem yaradırlar. Ukraynanın bu cinahdan da dəstək alması çox vacibdir. Rusiya da başa düşür ki, prosesin uzanması ona ziyandır. Zelenski son çıxışında dedi ki, nəinki Donbası, hətta Krımı da geri qaytarmaq niyyətindədir. Kimin necə görünməsi prosesə təsir etməyəcək. Xatırlayırsınızsa, müharibədən əvvəl NATO və ABŞ dedi ki, onlar proseslərə qarışmayacaq. Bununla Rusiyanı rahat salıb, müharibəyə təhrik edirdilər. Hətta bəzi ölkələr hazırda Ukrayna rəhbərliyini kompromisə təhrik etməyə çalışsalar belə, Ukrayna onları eşitməyəcək. Proses Ukraynaya dəstəyi artırmaq və bunun fonunda Rusiyanı tədricən çökdürməyə hesablanıb. Avqustun sonuna doğru Rusiyaya qarşı daha sərt addımların atılacağının şahidi olacağıq. Ukraynanın ərazi məsələsində güzəşti mümkün deyil”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed