Şrift:
Kürdəmirdə ilk dəfə boks bölməsi açılacaq
08.07.2022 [06:21] - Gündəm, İdman
Azərbaycan Boks Federasiyası (ABF) bölgələrdə boks idman növünün kütləviləşməsi, inkişafı və populyarlaşması prosesini davam etdirir. Bu məqsədlə ABF-in tərkibində yeni yaradılan Çempionlar və veteranlar komitəsinin sədri Şahin İmranov və Məşqçilər komitəsinin sədr müavini Əsgər Eyvazov Kürdəmir rayonunda olub, gənclər və idman idarəsinin rəisi Süleyman Əhmədov, Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Abuşov və Namiq Ağayevlə görüşüblər.

Görüşdə rayonda bu idman növünə maraq böyük olsa da, indiyədək boks bölmələrinin fəaliyyət göstərmədiyi bildirilib. Bu isə yerli mütəxəssislərin olmamasından irəli gəlib.

Komitə rəsmiləri mövcud şəraitlə tanış olub, boks idman növünün daha da kütləviləşməsi üçün potensial və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Müzakirələrin yekununda federasiyanın təşəbbüsü ilə lazımi şəraitə malik kompleksdə boks bölməsinin açılması və buranın regional mərkəz kimi fəaliyyət göstərməsi barədə razılıq əldə edilib. Qeyd olunub ki, ABF ilk dəfə açılacaq bölməyə məşqçi təyinatı və idman obyektində rinqin qurulması üçün lazımi dəstəyi verəcək.

Qeyd edək ki, komitə rəsmilərinin ölkənin hər bir regionuna səfəri və həmin bölgələrdə boks idman növünün kütləviliyinə nail olunması üçün bir sıra tədbirlər planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed