Şrift:
Şinzo Abenin dövlət səviyyəsində dəfn mərasimi sentyabrın 27-də Tokioda keçiriləcək
20.07.2022 [06:29] - Xəbərlər, Sosial
İyulun 8-də silahlı hücum nəticəsində qətlə yetirilən Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin dövlət səviyyəsində dəfn mərasimi sentyabrın 27-də Tokionun “Budokan” idman arenasında keçiriləcək.

Bu barədə iyulun 20-də NHK telekanalı hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Bu ərəfədə “Yomiuri Shimbun” qəzeti dəfn mərasiminə bir çox dövlətlərin başçılarının qatılacağı barədə məlumat yayıb.

Xatırladaq ki, Ş.Abenin dövlət səviyyəsində dəfn mərasimi barədə Baş nazir Fumio Kişida iyulun 14-də keçirilən mətbuat konfransı zamanı bəyan edib. F.Kişida bildirib ki, Ş.Abe Yaponiya hökumətinə ən uzun müddət – səkkiz il səkkiz ay rəhbərlik etmiş yeganə Baş nazir olub.

Yaponiyada II Dünya müharibəsindən sonra dövlət səviyyəsində dəfn mərasimi yalnız bir dəfə, 1967-ci ildə sabiq Baş nazir Şiqeru Yoşida vəfat edərkən təşkil olunub.

Şinzo Abenin dəfn mərasimi iyulun 12-də Tokionun Zogogi məbədində buddist ənənələrinə uyğun olaraq keçirilib. Həmin mərasimdə sabiq Baş nazirin yaxınları ilə yanaşı, tanınmış dövlət xadimləri, diplomatlar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed