Şrift:
“Technest” daha 50 məzunu əmək bazarına yola salır
25.07.2022 [10:23] - Gündəm, İqtisadiyyat
Azərbaycan-İsrail Təhsil Mərkəzində “UX/Uİ”, “QA”, “Full/Stack” ixtisasları üzrə təhsil almış 50 gənc Məzun Günündə iştirak edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində bildirilib ki, “Technest” Təqaüd Proqramı çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc bu gün məzun olub.

Azərbaycan-İsrail Təhsil Mərkəzində keçirilən Məzun Günündə ölkənin bir sıra nüfuzlu şirkət və müəssisələrinin məsul əməkdaşları iştirak ediblər.

Məzunlar tərəfindən komanda şəklində innovativ layihə təklifləri auditoriyaya təqdim olunub.

Tədbirdə çıxış edən “Technest” Təqaüd Proqramının layihə rəhbəri Fatimə Ələkbərova bu gün daha 50 istedadlı gəncin məzun günündə iştirak etdiyini və bu məzunlardan artıq 10 nəfərinin tədris müddəti zamanı işlə təmin olunduğunu deyib: “Məqsədimiz Azərbaycanda İKT sahəsində peşəkar insan kapitalının formalaşmasına töhfə verməkdir. Çox şadam ki, “Technest” təqaüdçüləri çox qısa müddətdə böyük şirkətlərin diqqətini cəlb edə biliblər. Təbii ki, burada əsas meyar keyfiyyətli təhsildir”.

Qeyd edilib ki, “UX/Uİ” ixtisası üzrə təhsil alan mütəxəssislər veb-platformaların və mobil tətbiqlərin vizual cəhətdən dizayn edilməsi, həmçinin menu strukturunun yığılması prosesini həyata keçirirlər.

“QA” üzrə ixtisaslaşan məzunlar isə veb-layihələrin istifadədən öncə onların keyfiyyətə nəzarətini, həmçinin sisteminin funksiyalarının düzgün işləməsini və məhsulun müştəri gözləntilərinə cavab verməsini təftiş edir.

“Full/Stack” üzrə təhsil almış mütəxəssislər istənilən veb -platformada həm “FrontEnd”, həm də “BackEnd” funksiyalarını icra etməklə yanaşı, bunu istifadəçiyə çatdıra biləcək təqdimat bacarıqlarına da yiyələnmiş olurlar.

Sadalanan ixtisaslara əmək bazarında tələbat böyük olduğundan “Technest” təqaüdçüləri tanınmış şirkətlərin böyük diqqətini cəlb edir.

Tədbirdə iştirak edən “Pasha Life”, “Azercell”, “Azintelekom” MMC, “Kapital Bank”, “Smart Solution”, “TİM Consulting”, “CyberNet”, “Agile Solution”, “BestComp” və digər şirkətlərin məsul əməkdaşları məzunların innovativ layihə təklifləri ilə yaxından tanış olublar.

Diqqətə çatdırılıb ki, cari ilin sonuna qədər “Technest” təhsil proqramı çərçivəsində 120 məktəbli, 1500 tələbə və məzunun bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/Uİ” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alması nəzərdə tutulub.

Tədbirdə məzunlara sertifikatlar verilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması istiqamətində dövlət-özəl sektor tərəfdaşlığı əsasında “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy”, “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi ilə də yaxından əməkdaşlıq edir.
Bu xəbər oxucular tərəfindən 1801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed