Şrift:
Fərəc Quliyev:Dünyanı artıq yeni bir düzən gözləyir
11.08.2022 [11:57] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib. Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.

Görünən odur ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyətinin prezidentlərinin görüşü diplomatik əlaqələri gücləndirəcək. Həmçinin, bunun Şimali Kiprlə Azərbaycanın qarşılıqlı təmsilçilik məsələsində irəliləyiş olacağının proqnozlaşdırmağa da imkan verdiyini demək mümkündür. Hətta gələcəkdə Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması məsələsi də gündəmə gələ bilər.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, dünyanı artıq yeni bir düzən gözləyir:

“Əslində baş verən qlobal hadisələr və müharibələr yeni dünya düzənini yaradacaq. Yeni ittifaqlar və bloklar yaranır, o cümlədən yeni münasibətlər formalaşır. Azərbaycan və Türkiyənin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatı yarandı. Bu da yeni dövrün çağrışı və trendidir. Elə yeni dövrün çağrışına uyğun olaraq biz də Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərdə yeni formada addımlamağa başlamalıyıq. Biz artıq Qarabağ məsələsini həll etmişik. Bu məsələ həll olunana qədər Şimali Kipr Türk Cümhuriyyətinə münasibətlərdə bir az ehtiyatlı davranmaq istəyirdik, amma artıq bu məsələ geridə qalıb”.

O hesab edir ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyəti ilə çox dərin inteqrasiya olmalıdır:


“Ölkə Prezidentimizin də görüşdə ifadə etdiyi kimi, bütün sahələrdə münasibətlər yüksək səviyyəyə qaldırılacaq. Əlbəttə ki, mən yaxın zamanda Azərbaycanın da digər Türk respublikalarının da Şimali Kipr Türk Cümhuriyyətini tanıyacağına inanmaq istəyirəm”.

Partiya sədri vurğulayıb ki, Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanıması çox vacib məsələdir:

“Hesab edirəm ki, artıq risklər minumumdur. Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində hər bir sahədə əməkdaşlıq qurmuşuqsa, bu məsələdə tərəddüd etməli deyilik. Şimali Kipr Türk Cümhuriyyəti hamımızın bağrımıza basdığımız və sahib çıxmalı olduğumuz “Yavru Türk Cümhuriyyəti” adlanan yerdir. Həmçinin, Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə, xüsusilə Aralıq dənizi siyasətində böyük bir faktordur. Azərbaycan və Türkiyə özünün xarici siyasətini birgə müəyyənləşdirdiyindən və ortaq gələcəyini birgə qurmaq istədiyini bəyan etdikdən sonra artıq Şimali Kipr Türk Cümhuriyyətinı münasibətlər tamamilə dəyişməlidir və dəyişir. İnanıram ki, gələcəkdə də Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinə münasibəti necədirsə, Azərbaycanın da ona olan münasibəti elə olacaq”.

Elmir/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed