Şrift:
Azərbaycanın Avronest PA-da nümayəndə heyəti Xankəndi aeroportundan istifadə məsələsi ilə bağlı bəyanat verib
15.01.2013 [09:00] - Xəbərlər, Siyasət
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağın separatçı rejimi tərəfindən Xankəndi (Xocalı) aeroportunun istifadəyə verilməsi barədə yayılan məlumata cavab olaraq bəyanat verib. Bu barədə bazar ertəsi nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib.

"Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Mövcud beynəlxalq hüququn normalarına əsasən, silahlı təcavüz və işğal vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni sayıla bilməz. Azərbaycan tərəfinin icazəsi olmadan işğal altında olan ərazilərdə hər hansı bir fəaliyyətin həyata keçirilməsi mövcud beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Azərbaycan Respublikasına münasibətdə dövlət suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin kobud şəkildə pozulmasıdır", - bəyanatda deyilir.

Avronest PA-da Azərbaycan nümayəndə heyəti bildirir ki, beynəlxalq ictimaiyyətin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması və bu məqsədə çatmaq üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti formalaşdırmaq istiqamətində səylər göstərdiyi bir zamanda, işğalçı rejimin qanunsuz olaraq Xankəndi (Xocalı) aeroportunu istismara verməsi cəhdləri təxribat xarakteri daşıyır və Ermənistan tərəfinin münaqişənin nizamlanmasında maraqlı olmadığını sübuta yetirir.

"Qeyd edilənlərlə bağlı bəyan edirik ki, işğalçı rejimin Xankəndi (Xocalı) aeroportunu istismara verməsi cəhdləri tərəflər arasında etibarsızlıq atmosferinin gərginləşməsinə yol açır, danışıqlar prosesinə dağıdıcı təsir göstərərək, Dağlıq Qarabağın statusunun dəyişdirilməsinə dair iddiaların reallaşdırılmasına və işğal cinayətlərinin beynəlxalq səviyyədə qanuniləşdirilməsinə xidmət edir", - bəyanatda deyilir.
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed