Şrift:
Ağdamın “Qarabağ” klubu mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək
24.08.2022 [06:00] - Xəbərlər, İdman
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olub.

"Dusan Arena"da oynanılan matçda "Viktoriya"nın start heyətində Yindrjix Stanek, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Tomaş Xori, Con Moskera, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel və Libor Holik yer alıblar.

Ağdam təmsilçisinin heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov çıxıblar.

Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi matçda ilk hissə “Qarabağ”ın üstünlüyü ilə başa çatıb. Matçın 38-ci dəqiqəsində “Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib – 1:0.

İkinci hissəyə meydan sahibləri daha fəal başlayıblar. Oyunun 58-ci dəqiqəsində Yan Kopits, 73-cü dəqiqəsində isə Yan Klimentin vurduğu qollar Plzen təmsilçisini hesabda önə keçirib. Beləliklə, görüş “Viktoriya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu turnirdə mübarizəni dayandırıb. Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed