Şrift:
Qurban Qurbanov: Ağır rəqibə qarşı oynayırdıq
24.08.2022 [06:04] - Xəbərlər, Sosial
"Komandamdan razıyam. Ağır rəqibə qarşı oynayırdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə olsa da, ikinci yarıda rəqib cüzi səhvlərimizdən istifadə etdi. Oyunlarımızla Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Qeyd edim ki, futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm.

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a müsahibəsində bildirib.

O, qeyd edib ki, komandasının üzvləri məğlubiyyətə görə çox üzgündürlər: “Onlara dəstək olmağa çalışdım. İrəliyə baxmaq lazımdır. Futbolçularımla fəxr edirəm”.

Məşqçi onu da qeyd edib ki, Avropa Liqasını Çempionlar Liqasından ayırmır. Çünki orada da Çempionlar Liqasında oynamağa layiq komandalar var.

50 yaşlı mütəxəssis komandasında rəqabətin yaxşı olmasını istədiyini vurğulayıb. Həm Abdullah Zubir, həm də Şahruddin Məhəmmədəliyevdən razı olduğunu bildirən baş məşqçi onu da qeyd edib ki, məğlubiyyəti kiminsə üstünə atmaq istəmir: “Futbol səhvlər üzərində qurulub. Elə vaxtlar olub ki, hamı Şahruddinin adını qışqırıb. Üslubuma tam uyğun qapıçıdır. Eyni zamanda gənc qolkiperlərimiz də var və onları hazırlayırıq”.

Qurban Qurbanov yeni transferlər etmək istədiklərini də söyləyib. Bildirib ki, danışıq apardıqları oyunçular olsa da, hələ heç biri ilə anlaşmayıblar. O, ikinci hissədə Riçard Almeydanın zədələndiyinə görə, oyuna davam edə bilmədiyini və bəlkə onun meydanı tərk etməsinin də məğlubiyyətdə rolu olduğunu söyləyib.

Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 1475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed