Şrift:
Yaponiya G7 xarici işlər nazirlərinin görüşünü Karuizavada keçirməyi planlaşdırır
29.08.2022 [06:42] - Xəbərlər, Sosial
Gələn ildən “Böyük Yeddilik” (G7) ölkələrinə rəhbərlik edəcək Yaponiya hökuməti bu qurumun xarici işlər nazirlərinin görüşünün gələn ilin aprelində Naqano prefekturasının Karuizava kurort şəhərində keçirilməsini planlaşdırır.

Bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Həmçinin G7 liderlərinin sammitinin 2023-cü ilin aprelində Hiroşimada təşkil olunacağı da qeyd edilir.

Bildirilir ki, diplomatik idarələrin rəhbərlərinin görüşünün əvvəlcə Narada keçirilməsi nəzərdə tutulurdu. Lakin cari ilin iyulunda sabiq Baş nazir Şinzo Abe bu şəhərdə qətlə yetirildikdən sonra təhlükəsizlik baxımından həmin plandan imtina edilib.

Kauizava şəhəri isə paytaxt Tokioya yaxın yerləşməsi, buraya sürətli qatarlarla cəmi bir saatdan bir qədər çox vaxt sərf etməklə çatmağın mümkünlüyü və beynəlxalq tədbirlərin təşkilində təcrübəyə malik olması nəzərə alınaraq seçilib. Həmçinin bu şəhər 2016-cı ildə G7 ölkələrinin nəqliyyat nazirlərinin və 2019-cu ildə G20 ölkələrinin ətraf mühit və energetika nazirlərinin görüşlərinə ev sahibliyi edib.

Bununla yanaşı, G7 ölkələri maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin görüşünün Yapon dənizi sahillərində yerləşən Niiqata prefekturasında keçiriləcəyi də qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 1567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed