Şrift:
Pakistanlı rəssam: Yaratdığım əsər Pakistanla Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq
01.09.2022 [07:30] - Xəbərlər, Mədəniyyət
Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində gənc rəssamlar Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər etdikdən sonra öz təəssüratlarını Şuşa şəhərində kətan parça üzərinə köçürməyə başlayıb

layihə iştirakçısı pakistanlı Cazib Ceykob Şuşada çəkdiyi ilk rəsmi Pakistan-Azərbaycan dostluğuna həsr edib.

O deyib: “Şuşaya səfərim zamanı böyük bir mədəniyyət ocağını kəşf etdim. Ancaq Şuşanın mərkəzi meydanında güllələnmiş heykəlləri görəndə çox mütəssir oldum. Dahi Üzeyir Hacıbəylinin heykəli vandalizm aktına məruz qalmışdı. Bu məni çox kədərləndirdi. Qərara gəldim ki, rəsmdə Pakistanda çox məşhur olan bəstəkar və şair Jameel Siraj ilə Üzeyir Hacıbəylinin portretini yaradım. Mən onları Şuşa qalasının önündə təsvir etmişəm. Musiqi insanları bir araya gətirdiyi üçün düşünürəm ki, yaratdığım əsər Pakistanla dost Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq”.

Gənc rəssam muğamla Pakistan milli musiqisi arasında oxşarlığın olduğunu da vurğulayıb: “Şuşada qalarkən muğamı dinlədim və bu musiqi həmən məni özünə çəkdi. Azərbaycan tarının səsi mənə Pakistan milli musiqisində tez-tez istifadə etdiyimiz rübabı xatırlatdı. Hiss etdim ki, bizim ortaq mədəni irsimiz var. Bu alətlər o qədər bir-birlərinə oxşayır ki, mən onları özümə doğma bilirəm.

Rəsmdə sarı rəngi seçməyimə səbəb, qurub çağı gəzintiyə çıxmağım oldu. Günəşin son şəfəqlərində Şuşa sanki sarı rəngə boyanmışdı və mən qərara gəldim ki, budəfəki əsərimi sarı rəngə boyayım”,- deyə Cazib Ceykob əlavə edib.

Qeyd edək ki, gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed