Şrift:
Qəbələdə Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
08.09.2022 [07:45] - Gündəm, Sosial
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.

Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki rayonun Seyidqışlaq kəndindən olan Vətən müharibəsi şəhidi Əsəd Zeynallının ailəsi icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən ziyarət edilib. Görüşdə ailəni narahat edən məsələlər öyrənilib, onların həlli nəzarətə götürülüb, ailə üzvləri ilə mənəvi-psixoloji söhbət aparılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhid Əsəd Zeynallı 1999-cu il avqustun 12-də Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, 44 günlük Vətən müharibəsində Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhadətə qovuşub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 1817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed