Şrift:
Fərəc Quliyev:Parlament və ictimai müzakirələrdən sonra qəti fikrimizi bildirəcəyik
08.09.2022 [13:04] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı məlum olub. Layihəyə əsasən bir sıra dəyişiklilər nəzərdə tutulur.

Yeni layihədə partiya təsisçiləri olan 200 nəfərin azı 20 il Azərbaycanda yaşaması nəzərdə tutulur. Bundan başqa, partiyanın qeydiyyata alınması üçün üzvlərin sayının əvvəlki 1000 nəfərdən yeni layihədə 10 min nəfərə qaldırılması nəzərdə tutulur. Ardıcıl iki dəfə prezident və parlament seçkilərində iştirak etməyən siyasi təşkilatın qeydiyyatını ləğv oluna bilər. Həmçinin siyasi partiyaların Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan edilir. Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab ediləcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, siyasi palitrada münasibətlərin tənzimlənməsi üçün yeni qanuna ehtiyac var:

"Köklü şəkildə yeni qanun layihəsinin işlənməsi təklif olunub. Hesab edirəm ki, partiyalar tərəfindən verilən təkliflərin əksəriyyəti layihədə nəzərdə tutulub. Partiyalararası, habelə iqtidar-müxalifət münasibətlərində, parlament və cəmiyyətdə partiyaların gücü məsələsilə bağlı olaraq belə bir qanunun qəbulu vacibdir. Bu layihə partiyanın özünə, onun konsepsiyasına, baxışlarına münasibətin aydınlaşdırılması üçün bu bir çıxış nöqtəsidir. Gələcəkdə proporsional və ya qarışıq seçki sistemi olacaqsa, cəmiyyətdə partiyaların gücünün artacağını güman edirəm. Layihədə bizi qane edən, etməyən müddəalar da ola bilər. Amma bu, son variant deyil. Parlament və ictimai müzakirələrdən sonra qəti fikrimizi bildirəcəyik”.

Rüfət Sultan/qaynarinfo.az
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed