Şrift:
Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçib
22.09.2022 [07:17] - Gündəm, Türk dünyası-Turan, Sağlıq
Yanvar-iyul aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 3 milyard 338 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1 milyard 217 milyon ABŞ dolları, ixracın həcmi 2 milyard 162 milyon ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu ilin yanvar-iyul aylarında Türkiyə Respublikası ilə ticarət dövriyyəsi 35, o cümlədən idxal 26,45 faiz, ixrac isə 40,35 faiz artıb.

İlk dəfə təşkil olunan Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin Türkiyə biznes subyektlərinin Azərbaycanın səhiyyə sektoruna artan investisiya maraqlarına xidmət edən davamlı platforma rolunu oynayacağına inanırıq.

Bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu ilin mayında Ankarada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq üzrə Yol Xəritəsində Biznes Forumların hər iki ölkədə mütəmadi təşkili nəzərdə tutulur: "Forumun ölkələrimiz arasında əczaçılıq və tibbi avadanlıqlar sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətini yüksək qiymətləndiririk".

T.Musayevin sözlərinə görə, hazırda xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir: "Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçib. Əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə və forumun investorlar üçün yeni imkanlar yaradacağına inanırıq. Səhiyyə sektorunda bu kimi qarşılıqlı fəaliyyətlər vətəndaşlarımızın səhiyyə sistemindən məmnunluğunun artırılmasına, əhalinin sağlamlığının yaxşılaşdırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək".
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed