Şrift:
bp Cəbrayılda “Şəfəq” günəş elektrik stansiyasının inşasına 2023-cü ildə başlayacaq
20.10.2022 [07:32] - Gündəm, İqtisadiyyat
Hazırda bp şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir. Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir.
Bu, energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş bugünkü məqaləsində deyilir.

Məqalədə qeyd edilir ki, bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır. Bu model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək.
"Beləliklə, bərpa olunan enerji növlərinin Azərbaycanda xarici investisiya hesabına inkişafı artıq reallıqdır. 710 meqavatlıq bu layihələrdən əlavə bu il biz xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə etdik. 10 qiqavatlıq bu bərpa olunan enerji istehsal gücləri nəinki miqyasına, həm də on milyardlarla dollar “yaşıl” investisiya vəd etdiyinə görə regionda bir ilkdir. Həmçinin bu layihələrin əvvəlcə 2 QVt-ı, daha sonra 4 QVt-ı Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalını nəzərdə tutur ki, bu da Azərbaycanda ilk belə yenilikdir. Daha aydın təsəvvür yaratmaq üçün deyə bilərik ki, bu layihələr mövcud ümumi istehsal güclərindən 2756 MVt-dan çoxdur, bərpa olunan enerji güclərinin isə təqribən 8 qatına bərabərdir. Bu meqa layihələr Azərbaycan Prezidentinin “yaşıl” enerji kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisi, ölkəmizin investorlar üçün cəlbediciliyinin nümayişi, enerji sistemimizə böyük töhfədir. Bu meqa güclərin yaradılması Azərbaycanın enerji sisteminin bərpa olunan enerjiyə transformasiyası, “yaşıl enerji” üzrə hədəflərini yeniləməsi, eləcə də bu enerji növü üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır", - nazir qeyd edib.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed