Şrift:
Qarabağda start götürən “Mingəçevir Reqatası-2022” başa çatdı
24.10.2022 [07:07] - Gündəm, İdman
Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planında yer alan “Mingəçevir Reqatası-2022” beynəlxalq turnirinə ilk dəfə Qarabağda start verilib. Oktyabrın 21-də Suqovuşanda reqatanın təntənəli açılış mərasimi olub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ardınca iştirakçı ölkələrin təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və bildirib ki, AKAF işğaldan azad edilmiş ərazilərdə artıq ikinci beynəlxalq turnirini keçirir. İlk yarışa - may ayında keçirilən və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022”nin 1-ci mərhələsinə də Suqovuşan ev sahibliyi edib.



İştirakçılara uğurlar arzulayan F.Əliyev qeyd edib ki, reqata 1970-ci ildə ümumittifaq statusu alıb. Yarış müstəqilliyin bərpa edildiyi illərdən sonra da təşkil olunub. Pandemiya səbəbindən bir müddət turnirin keçirilməsinə ara verilmişdi. Sevindirici haldır ki, bu yarış Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.



Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferdi çıxış edərək ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına minnətdarlığını bildiriblər.



Azərbaycanın Respublikasının gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş ərazilərdə ilk dəfə məhz AKAF-ın təşkilatçılığı ilə beynəlxalq turnirin keçirildiyini qeyd edib: “Artıq ikinci dəfədir ki Suqovuşanda toplaşmışıq. Beynəlxalq turnirlərin təşkili Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həmin ərazilərdə aparılan quruculuq işlərinin nəticəsində mümkün olub. Digər federasiya nümayəndələrinin açılış mərasiminə qatılması və birlik nümayiş etdirməsi sevindirici haldır”.



F.Qayıbov reqatanı açıq elan etdikdən sonra mərasimdə iştirak edən Vətən Müharibəsi iştirakçılarını və qaziləri salamlanıb.



Rəsmi hissə başa çatdıqdan sonra avarçəkənlərin iştirakı ilə nümunəvi çıxışlar olub.



Turnirin birinci günündə Suqovuşanda kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər baş tutub. Reqatanın növbəti iki günündə yarışlar Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Avarçəkənlər 500 metr məsafədə kayak və kanoe, 500-1000-1500 metr məsafədə isə akademik növdə mübarizə aparıblar.



Yekun nəticələrə əsasən Azərbaycan komandası yarışı 5 qızıl, 11 gümüş, 10 bürünc olmaqla ümumilikdə 26 medalla başa vurub. Bu nəticə ilə idmançılarımız yalnız Türkiyə komandasından geri qalıb. Qalib idmançılar diplom və medallarla mükafatlandırılıblar.



Ümumi komanda hesabında Polşa akademik avarçəkmədə, Türkiyə isə kayak və kanoe növlərində qalib olub. Hər iki ölkənin təmsilçilərinə kubok və reqatanın rəmzi xatirə medalı təqdim edilib.



Qeyd edək ki, reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı iştirak edib.
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed