Şrift:
ATƏT-in mandatsız "missiyası" və Bakının qəti mövqeyi
28.10.2022 [06:42] - Gündəm, Siyasət
Ermənistanın Avropadakı havadarları Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmaması üçün bütün variantları işə salıb.

İrəvan isə Rusiyanı bölgədən sıxışdırmaq, Avropadakı tərəfdaşlarını regiona gətirmək və ümumilikdə Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq üçün Qərbdəki müttəfiqlərinin bütün "təşəbbüs"lərini böyük məmuniyyətlə qəbul edir.

Praqa görüşündə Avropa İttifaqının mülki missiyasının sərhədə yerləşməsinə razılıq verən İrəvan, indi də "ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası"nı regiona dəvət edib.

Hətta həmin missiya artıq Ermənistandadır. Xarici işlər naziri Ararat Mirzoyan missiyanın rəhbəri polkovnik Robetr Arkadiuş Tkaçikinlə görüşdən sonra Ermənistan XİN məlumat yayıb ki, "ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası" sərhədə təşkilatın bütün iştirakçıları ölkələrinin razılığı ilə gəlir.

Bölgədə yenidən peyda alan ATƏT və onu qəbul etməyən Bakının cavabı

Bakı nə ATƏT üzvü, nədəki İrəvanla danışıqlar tərəfi kimi missiyasının Azərbaycanla sərhədə gəlməsinə razılıq verməyib. Azərbaycan ümumiyyətlə belə bir missiyanı tanımadığını bəyan edir.

Azərbaycan XİN-nin bəyanatından sitat:

"ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası" adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək".

Nazirlik ATƏT-in bu hərəkətini birtərəfli kimi qiymətləndirib.

Sitat: "ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti, digər məsələlərlə yanaşı, tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və dövlətlərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə riayət olunmasını tələb edən hər hansı məsuliyyətli və etibarlı vasitəçiliyin və etimad quruculuğunun əsas prinsiplərinə ziddir".

Azərbaycan XİN-nin bəyanatından da aydın olur ki, Ararat Mirzoyan yalan danışır. ATƏT daxilində bu missiya ilə bağlı fikir ayrılığı var və bu məsələ barədə yekdil qərar yoxdur. Xüsusilə Azərbaycan ATƏT missiyasını tanımırsa, onların bölgəyə gəlməsinin heç bir mənası yoxdur.

Ermənistan tərəfinin yaydığı rəsmi məlumatda bildirilir ki, səfərin məqsədi ATƏT-in mandatı və təcrübəsi əsasında bir sıra sərhəd rayonlarında təhlükəsizliklə bağlı vəziyyəti qiymətləndirməkdir.

"Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca rayonlara səfər edəcək, müvafiq dövlət və yerli maraqlı tərəflərlə, həmçinin yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq".

Maraqlıdır ki, Praqada keçirilən dördtərəfli görüş zamanı əldə olunmuş razılaşmaya əsasən Avropa İttifaqının sərhədə gələn mülki missiyası demək olar ki, ATƏT-in göndərdiyi missiya ilə eyni işi görəcək.

Aİ 40 nəfərlik ekspert qrupu ilə bağlı yaydığı məlumatda mülki missiyanın məqsədi belə izah olunur: “40 ekspertin Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfdən monitorinqi, regiondakı vəziyyətin təhlili və hesabatlılıq məqsədilə göndərilir”.

Maraqlıdır ki, iki beynəlxalq təşkilatın Ermənistan sərhədinə eyni məqsədlə missiya göndərməsi nə dərəcədə məntiqlidir? Aİ missiya göndərirdisə, ATƏT niyə belə bir addım atır?

Avropa İttifaqının missiyası Ermənistanla sərhədə Azərbaycanla razılıq əsasında gəldiyi üçün onu legitim saymaq olar. Amma ATƏT-in missiyasının Azərbaycanın razılığı olmadan hansı "ehtiyacdan" bölgəyə gəldiyi şübhəlidir. Bu səbəbdən, missiya legitim sayıla bilməz.

Bəs ATƏT uğursuz vasitəçilik missiyasından niyə vaz keçmək istəmir?

ATƏT bir dəfə də olsun işğal olunmuş ərazilərə legitim missiya göndərməyib, amma mövzu Ermənistan olanda canfəşanlıq edir, hətta Azərbaycanın razılığı olmadan heyət göndərir.

ATƏT 30 ilə yaxın müddət ərzində Azərbaycanla Ermənistan arasında heç bir mübahisəli məsələni həll edib, sülhə töhvə verməyib.

Maraqlıdır ki, ATƏT hazırda sərhədəki narazılıqları aradan qaldırmaq üçün hansı diqqətçəkən təşəbbüs irəli sürə bilər?!

Ümumiyyətlə ATƏT indiyə qədər hansı mübahisəli məsələni həll edib? 30 il bölgəyə turist kimi gəlib getdilər. "Münaqişəsinin hərbi yolla həlli yoxdur" tipli standart bəyanatlarla kifayətləndilər. Sonda isə Azərbaycan işğala hərbi yolla son qoydu və bununla da ATƏT-in bölgədəki missiyasi bitdi. Azərbaycan tərəfi postmüharibə dövründə ATƏT-in bölgədəki mübahisəli məsələlərin həllində yeri olmadığını ən yüksək səviyyədə bəyan edib.

ATƏT 2014-cü ildən Ukrayna ilə Rusiya arasında yaşanan münaqişəni də həll etməyə çalışırdı. "Uğurlu" vasitəçilik missiyası Ukrayna-Rusiya münaqişəsində də iflasa uğrayıb. Hazırda davam edən müharibə bunun bariz nümunəsidir.

Təhlillər göstərir ki, ATƏT rəhbərliyinin vasitəçilik missiyası iflasa uğrayıb, heç bir işə yaramır. Amma yenə də mübahisəli bölgələrə səfər edib, hansısa "müşahidələr" aparmaqdan vaz keçmirlər. Səbəb budur ki, artıq ATƏT və ona oxşar təşkilatlar öz müstəqilliyini itirib. Ona görə də ATƏT missiyası böyük dövlətlərin təzyiqi ilə mübahisə olan bölgələrə göndərilir.

Makronun ATƏT oyunu və Bakının satılmayan maraqları

Son dövrlər Fransanın Azərbaycanla münasibətləri kəskinləşib. Paris Ermənistana xüsusi dəstək ifadə edir. Bu məqamlara və Fransanın Cənubi Qafqazdakı maraqlarına nəzər yetirsək görərik ki, ATƏT missiyasının da bölgəyə göndərilməsində əsas təsiredici qüvvə Parisdir.

Paris bölgədəki mübahisəli məsələləri həll etməkdə qəti maraqlı deyil. Fransanın əsas məqsədi Ermənistanı tək qoymamaq, Cənubi Qafqazakı mübahisələri uzadıb, bölgəyə təsir imkanı əldə etməkdir.

Bu səbəbdən, Fransa prezidenti Emmanuel Makron Praqa görüşü zamanı da Avropa İttifaqının mülki missiyasının bölgəyə göndərilməsində xüsusi canfəşanlıq etmişdi. Görünür ATƏT-ə təsir edən qüvvələr bölgədə öz məqsədlərini həyata keçirmək üçün "missiya siyasəti"ni işə salıb.

Bəs "missiya siyasəti" işə yarayacaqmı?

Proseslər göstərir ki, Azərbaycan bölgəyə göndərilən missiyalarla öz şərtlərinə uyğun şəkildə əməkdaşlıq edir.

Məsələn, Aİ mülki missiya göndərərkən Azərbaycanla razılaşdırdı. Bakı isə şərt qoydu ki, missiya yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcək və Azərbaycan onlarla öz ehtiyacları daxilində əməkdaşlıq edəcək.

ATƏT missiyası isə bölgəyə Azərbaycanın razılığı ilə göndərilməyib. Bu səbəbdən, XİN-nin açıqlamasından da görünür ki, Bakı həmin missiya ilə əməkdaşlığı nəzərdən keçirmir. Ona görə də Bakı ATƏT-in mandatsız missiyasının Azərbaycan-Ermənistan sərhədi ilə bağlı verdiyi birtərəfli rəyləri və sənədləri qəbul etməyəcək.

Onların bölgədəki fəaliyyəti və dərc etdiyi birtərəfli sənədlər isə Azərbaycanın sərhədlərin delimitasiyasında tutduğu mövqeyə heç bir təsir göstərməyəcək. Bakı beynəlxalq sərhədlər daxilində delimitasiya prosesini həyata keçirməyə niyyətlidir. Əgər xəritələrlə müəyyənləşdirilsə ki, Ermənistanın nəzarətində olan hansısa yüksəklik və ya məntəqə Azərbaycanın sərhədləri daxilinə keçməlidir, buna heç bir qüvvə mane ola bilməyəcək.

Necə ki, Markon Avropanın dəyərlərini neftə və qaza satmayacağını deyir, Azərbaycanda öz maraqlarını ATƏT-in, Aİ-nin missiyasına satmayacaq.
Bu xəbər oxucular tərəfindən 270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed