Şrift:
Dr. Qulamrza Səbri Təbrizi:Tehran rejiminin çöküşü sürətlənir, “Güney Azərbaycanın öz istiqlalına qovuşması artıq real faktora çevrilməkdədir”
17.01.2013 [11:36] - Güney Azərbaycan xəbərləri, Müsahibə
“Təbii olaraq xalqların diktator rejiminə “yox” deməsi dalğası İrana da sirayət edəcəkdir”
“Dünyanı idarə edən liderlər haqlı olaraq sual verirlər ki, 75 milyonluq ölkə əhalisinin sayının 35 milyonu ana dilində təhsil almaqdan, milli-mədəni təsisatlarına sahib çıxmaqdan niyə məhrum ediliblər”

Güney Azərbaycan məsələsi tədricən beynəlxalq xarakter və mahiyyət daşımaqdadır. Bu yöndə hətta bir sıra siyasi və ictimai təşkilatlar Güney Azərbaycanın müdafiəsinə qalxmışlar. Tehran rejiminin dünya birliyi tərəfindən tamamilə blokadaya alınması da zatən, Orta Şərqin ən strateji mərkəzi olan bu ölkədəki diktator rejimininin çöküşünü sürətləndirməyə başlamışdır. Azərbaycan Türkü ötən iki yüzillik tarixi və ictimai, siyasi və sosial mənada yenidən özünün hüquq və azadlıqlarını necə bərpa edəcək və bu yöndə hansı mərhələləri aşmalı olacaq? İndi bu və digər suallar həm Quzey, həm də Güney Azərbaycanda, eləcə də bütün Türk Dünyasında hər kəsin maraq dairəsindədir. Bu yöndə Edinburq Universitetinin professoru, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri Qulamrza Səbri Təbrizi ilə söhbət etdik və onun fikirlərini öyrənməyə çalışdıq.

– Qulamrza müəllim, indiki halda beynəlxalq səviyyədə Güney Azərbaycana olan marağın artmasının səbəbi nədir?



– Bilirsiniz ki, Orta Şərqdə baş verən sosial inqilabların əsl səbəbi iyirmi birinci yüzilin əsas siyasi prioritetlərindən biridir. Bu, dünyada demokratiyanın coğrafi miqyasının daha da genişlənməsi deməkdir. Demokratiya və vətəndaş cəmiyyətinin yaranması, insan haqlarının qorunması sadəcə Qərb dövlətləri sərhədləri daxilində məhdudlaşmamalıdır. Bu proses uzun illər dövlət totalitarizminin sərt şəkildə tüğyan etdiyi ölkələrə də sirayət etməyə başlamışdır. Buna görə də diktator rejimləri bir-birinin ardınca süquta uğramağa doğru səmtini almaqdadır. Soyuq Savaş bitdikdən sonra, bir baxın nə qədər ölkələrdə demokratik siyasətə üstünlük verilmişdir. Elə götürək postsovet ölkələrini. Macarıstan, Polşa, Rumıniya, Çexiya, Slovakiya, Litva, Estoniya, Latviya, Makedoniya, Serbiya, Kosovo, Bolqarıstan, Çernoqoriya, Bosniya-Hersoqovina, Xorvatiya, Azərbaycan, Ukrayna və Gürcüstanda demokratik rejimlər qurulmuşdur. İndi Orta Şərq ölkələri də həmin dalğanın qoynundadır. Artıq İraq, Pakistan, Əfqanıstan, Liviya, Əlcəzair, Misir, Tunis, kimi ölkələrdə qanuni yolla prezident, parlament və yerli bələdiyyə seçkiləri keçirilir. Həmin dövlətlərdə müxtəlif siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları sərbəst şəkildə seçkilər yolu ilə demokratik mühiti inkişaf etdirməyə çalışırlar. Bütün bunlar əslində Orta Şərq dövlətləri üçün məzmunca yeni proses deməkdir. Mən uzun illər BBC televiziyasının Orta Şərq ölkələri üzrə xüsusi icmalçısı kimi həmin mövzulara çox yer vermişəm və hər dəfə Qərbə məxsus cəmiyyətləri inandırmağa çalışırdım ki, demokratik proseslər inkişaf edərsə, bu ölkələrdə cəmiyyətlərin radikallaşması, hədsiz dərəcədə mövcud olan yoxsulluq və digər problemlər də öz-özünə həll ediləcəkdir. İndi həmin ölkələr məhz bizim proqnozlarımız əsasında hərəkət etməyə başlamışlar. Təbii olaraq xalqların diktator rejiminə “yox” deməsi dalğası İrana da sirayət edəcəkdir. Mənim 20-30 il öncə irəli sürdüyüm konsepsiyalar indi özünü doğrultmaqdadır. Elə buna görə də Güney Azərbaycan məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu faktı Tehran rejimi də çox yaxşı anlayır. Onların ötən 35 il ərzində milyonlarla insana verdikləri vədlər kağız üzərində qalmışdır. Güney Azərbaycan Türkləri isə artıq öncələr olduğu kimi də yaşamaq istəmirlər. Bunun qanuni şəkildə yüzlərlə səbəbi var.

– Bu səbəbləri sadalaya bilərsinizmi?

– İlk öncə onu qeyd edim ki, Güney Azərbaycanda insanların həyat şəraiti İranın digər bölgələrindən fərqli olaraq qat-qat ağırdır. Əhalisinin sayı beş yüz min nəfər olan Şiraz şəhərinin illik büdcəsi üç milyon əhalisi olan Təbrizdən altı dəfə artıqdır. Şirazın iri sənaye müəssisələri belə yoxdur. Ancaq, qatı fars şovinizminin elmi və mədəni mərkəzi olduğu üçün Şiraza Tehran rejimi müstəsna hüquq vermişdir. Güney Azərbaycanın Zəngan, Xoy, Səlmas, Sulduz, Həmədan, Savə, Ərdəbil, Meşkin, Sərab, Urmu, Mərənd, Soyuqbulaq, Sayınqala, Makı, Culfa, Kəleybər, Marağa, Miyanə, Xalxal, Bicar, Binab, Əhər, Nəmin, Qəzvin, Əraq, Rəzqan, Xürrəmdərə, Sirdan, Əsədabad, Gülpənbə, Şəbüstər, Germi, Bostanabad, Piranşəhər, Qoşaçay, Tikantəpə, Sarıdaş, Bukan, Üşnü, Çaldıran, Çaroymaq, Miyanə, Vərziqan, Heris, Əhər, Mahnişan, Tarım, İcrud, Takistan, Xudabəndə, Buyin, Aybəy, Əsədabad, Bahar, Nəhavənd, Toysərkan, Göyrəng və digər şəhərlərində faktiki olaraq bu gün sənaye təsisatları tamamilə dağınıq vəziyyətdədir. İşsizlik baş alıb gedir. Demək olar ki, kəndlərdə əhalinin sayı sürətlə azalmaqdadır. Bu da təbii olaraq, Güney Azərbaycanda sosial-iqtisadi mühitə çox mənfi təsir göstərir. İndi faktiki olaraq, İranın daxili milli gəlirlərinin böyük əksəriyyəti kütləvi şəkildə silahlanmaya və farslara məxsus ərazilərin sosial-iqtidsadi durumunun sabit durumda saxlanılmasına yönəlmişdir. Digər yandan isə ölkənin son bir ildə milli gəliri 45 faiz azalmışdır. İran bir tərəfdən də qonşu Türkmənistan, Türkiyə və Azərbaycan kimi türk respublikaları ilə açıq şəkildə düşmənçilik siyasətini aparır. Bu üç türk dövlətinin İrandakı soydaşlarının ağır sosial-iqtisadi güzəranı və gözlənilən daha ağır fəlakətli durumla bağlı çox ciddi şəkildə narahatlıqları vardır. Bunu açıq şəkildə bəyan etməsələr də, proseslərin arxa tərəfində bütün bunlar çılpaqlığı ilə hər gün görünməkdədir.

– Bəs bütün problemlərin həlli yolunu nədə görürsünüz?

– Biz GAMAC təşkilatı olaraq, hər bir bölgənin özünə məxsus sosial-iqtisadi həyat tərzinin qurulması, milli və mədəni hüquqların bərpa edilməsində görürük. Bu barədə dəfələrlə öz münasibətlərimzi bildirmişik. Hollandiyanın Amsterdam, Almaniyanın Berlin və Türkiyənin Ankara şəhərlərində son vaxtlar GAMAC təşkilatı olaraq çox məhsuldar səviyyədə konfranslarımızı keçirərək Güney Azərbaycandakı prosesləri təhlil etmişik. Bu gün isə biz Güney Azərbaycanda insan hüquq və azadlıqlarına, ana dilində təhsilə, mədəni hüquqlara əməl olunmasını tələb edirik. Əslində bunun əsas səbəblərindən biri kimi Quzey Azərbaycanın bir dövlət olaraq özünün 20 illik müstəqillik tarixində əldə etdiyi uğurların hər bir Azərbaycan Türkünün qürur mənbəyinə çevrilməsi sayəsində baş vermişdir. İndi bizlər xaricdə sadəcə diaspor rolunu daşımaqla işimizin bitdiyini hesab etmirik. Bütün milli diaspor təşkilatlarımız Güney Azərbaycanda milli dilin rəsmi hüquqi şəkildə işlədilməsilə bağlı problemləri irəli sürməklə həm də bu prosesi beynəlxalq mövzuya çevirə bilmişik. Bu gün BMT səviyyəsində bizimlə görüşlərdə dünyanı idarə edən liderlər dəhşətə gəlirlər. Onlar çox haqlı olaraq sual verirlər ki, 75 milyonluq ölkə əhalisinin sayının 35 milyonu ana dilində təhsil almaqdan, milli-mədəni təsisatlarına sahib çıxmaqdan niyə məhrum ediliblər. Biz bu görüşlərdə açıq şəkildə bildirirk ki, Güney Azərbaycan xalqı hər hansı bir silahlı mübarizəni məqbul hesab etmir. Dinc və demokratik yolla milli-mədəni hüquqlarına sahib çıxmaq istəyir. Tehran rejimi isə Ana Yasada təsbit olunan bu hüquqları tələb edənlərə səkkiz il həbs cəzası verir. Buna örnək olaraq Səid Mətinpurun adını çəkirik. Onun kimi yüzlərlə, minlərlə insan İran rejiminin həbsxanalarında işgəncələrə məruz qalır.

– Professor, GAMAC-ın belə bir aktiv şəkildə həm Güney Azərbaycanda gördüyü işlərə, həm də xaricdəki fəaliyyətlərinizə bir sıra təşkilatların adından narazılıqlar da ifadə olunmaqdadır. Bunu necə xarakterizə edərdiniz?

– Bütün zamanlarda xeyirxah məqsədlərlə iş görənlərə qarşı belə çamurlar çox atılmışdır. O insanlar sözdə bizləri “qorxaqlıq”da ittiham edirlər ki, onlar bizim uğurlarımıza məqsədli şəkildə kölgə salmaq istəyirlər. Halbuki, elə bizim təşəbbümüzlə tarixdə ilk dəfə olaraq BMT səviyyəsində Güney Azərbaycandakı durumu araşdırmaq üçün xüsusi komissiya yaradılmışdır. ABŞ Dövlət Konqresində Güney Azərbaycan haqqında xüsusi dinləmələr aparılmaqdadır. Biz artıq Avropanın nəhəng ölkələrinin də Güney Azərbaycana olan maraqlarını artıra bilmişik. Unutmaq olmaz ki, GAMAC-da xalqımızın qüdrətli aydınları birləşmişlər. Əhməd Obalı, Sadiq İsabəyli, Maşallah Rəzmi, Əyyub Qaneyi, Araz Süleymani, Nadir Tarək, Əli Məhəmmədi, Səttar İslami, Fəraməz Quluzadə, Araz Muğanlı kimi görkəmli ziyalılar GAMAC-ın rəhbərliyində təmsil olunurlar. Bizim təşkilatın İsveç, İngiltərə, Almaniya, ABŞ, Kanada, Hollandiya, Avstriya, Belçika, Türkiyə, Finlandiya, Norveç, Fransa və digər ölkələrdə artıq güclü şəkildə təşkilatlanmış təmsilçiliklərimiz vardır. Güney Azərbaycanın bütün şəhərlərində GAMAC-ın çox güclü stukturları yaranmışdır. Bizə qarşı təbliğat aparanlara məsləhətimiz budur ki, zəhmət çəkib ya milli davamızda bizimlə birgə addımlasınlar, ya da boş yerə enerjilərini sərf etməsinlər. Mən düz 60 ildir Güney Azərbaycanın milli davasında ömrümü həsr etmişəm. Ən azından mənim kitablarımı oxusunlar, məruzələrimi, müsahibələrimi izləsinlər. Bu yolda malımı və canımı fəda etmişəm. Bunu hər zaman özümə milli borc hesab etmişəm.

– GAMAC-ın proqramında belə bir qeyd də vardır ki, istənilən milli təşkilatla birgə əməkdaşlıq çərçivəsində mübarizəyə qapılarınız açıqdır.

– Elədir ki, var. Ötən ayın 11-də BMT Baş katibi Pan Ki Muna Güney Azərbaycandakı milli hüquqlarla bağlı Azərbaycan Milli Demokartik Birliyi, Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) adından bütün milli siyasi təşkilatlar bir araya gələrək rəsmi müraciət imzaladılar. Bu son illərin ən uğurlu addımlarından biri oldu. Güney Azərbaycan uğrunda milli davanı aparan bütün təşkilatlar həmrəylik nümayiş etdirdilər. Biz açıq şəkildə bildirdik ki, fars mərkəzli rejimlər qismində həm pəhləvilər, həm də indiki mollakratiya hakimiyyəti 35 milyonluq bir millətin milli hüquqlarını tanımaq istəməmişlər və ana dilində təhsil almaq, milli-mədəni təsisatları yaratmaq kimi bəşəri hüquqları tanımağı qətiyyətlə rədd etmişlər. Bu rejimlər Güney Azərbaycana qarşı assimliasiya və sömürgə siyasətini aparmışlar. “Vahid İran milləti” şüarı adı altında bütün xalqlara qarşı farslaşdırma strategiyasını tətbiq etmişlər. Belə bir siyasətə etirazlarını bildirənləri isə dar ağaclarında edam etmişlər, sürgünlərə göndərmişlər, ya da həbsxanalarda onlara işgəncələr vermişlər. Bütün bunlar beynəlxalq hüquqda da qeyd olunduğu kimi dövlət siyasətinin tərkib hissəsi olaraq irqçilik deməkdir. Biz faktiki olaraq Güney Azərbaycanın bütün siyasi qüvvələri adından BMT Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200 A
(XXİ) saylı Qətnaməsi ilə qəbul olunmuş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynalxalq pakta əsasən, BMT-nin nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində Azərbaycan Türklərinin iştirakı ilə ana dilində təhsil almaq və milli-mədəni təsisatların rəsmi status alması münasibətilə referendumun keçirilməsini tələb etməklə yanaşı, həm də bu məsələnin BMT-yə üvz dövlətlərin gündəliyinə çıxarılmasını irəli sürdük. Tehran rejimi tərəfindən təcavüzə məruz qalmış 35 milyondan çox bir millətin milli, siyasi, mədəni hüquqlarının tanınması və bəşəriyyətin tərəqqisinə xidmət edəcək bir milli-demokratik dövlətdə yaşamaq istəyimizin dünya dövlətləri tərəfindən dəstəklənməsi təklifini ortaya qoymuşuq.
Söhbətləşdi: Ənvər YUSİFOĞLU
Birinci hisənin soni:
http://hurriyyet.net/2013/01/tehran-rejiminin-cokusu-surətlənir/

Ikinci hise:
Qulamrza Səbri Təbrizi: “Güney Azərbaycan heç zaman öz milli istiqlalına qovuşmaq üçün bunca yaxın olmamışdır”
“Güneydə milli mübarizə silahlı formada deyil, mədəni və etnoloji hüquqların tanınması müstəvisində baş verməkdədir”
Orta Doğuda diktator rejimləri çökdükcə, əsas diqqət indi də İrana yönəlmişdir. Burada problemin digər ölkələrdən daha fərqli olması Qərb ölkələrinin siyasi mətbəxində min dəfələrlə ölçülüb-biçilməsi məxfi saxlanılsa da, Güney Azərbaycan faktorunun nə qədər real güc olmasının artıq fərqindədirlər. Çünki Tunis, Əlcəzair, Misir, Liviya, Suriya və digər ölkələrdə baş vermiş inqilabi proseslərdə dominant xalq dövlətin təməlində duran xalqların gücü və iradəsi sayəsində olmuşdur. İranda isə dominantlıq sosial və iqtisadi, mədəni və ictimai baxımdan toplumların sayı, coğrafi mənzərəsində tamamilə fərqlidir. Burada hər bir toplumun baxışlarında ictimai münasibətlərin yeni mərhələsi ortaya çıxmışdır. Proseslərin necə və hansı məcrada inkişaf edəcəyini isə proqnozlaşdırmaq hələ ki, qeyri-müəyyəndir. Ömrünün 50 ilindən çoxunu Güney Azərbaycan məsələsinə həsr etmiş Edinburq Universitetinin professoru, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri Qulamrza Səbri Təbrizinin bu barədə fikirlərini öyrənməyə çalışdıq.

- Qulamrza müəlllim, son illər İranda daxili siyasi və sosial proseslər qaynamağa başlamışdır. İstər ölkə daxilində, istərsə də xaricdəki geniş miqyaslı diaspor, sosial təbəqələr müəyyən dərəcədə aktivlik göstərsələr də, digər Orta Doğu dövlətlərindən fərqli olaraq, burada hələ ki, istənilən nəticələr baş vermir.

- Bunun bir sıra səbəbləri var. Misir, Tunis, Əlcəzair, Sudan, Yəmən, Liviya, Livan, Oman, Pakistan və digər ölkələr üzrə uzun müddət mən İngiltərənin BBC TV kanalında bir mütəxəssis kimi siyasi icmalçı olaraq çıxışlar etmiş, verilişlər aparmışam. Orta Doğuda indiki inqilabi proseslərin baş verəcəyi haqqında hələ 25-30 il öncə proqnozlar da vermişdim. Bu prosesin hansısa siyasi hərəkatlar və liderlərin səviyyəsində deyil, daha çox sosial inqilabi hərəkatlar müstəvisində olacağı fikrini irəli sürmüşdüm. Həmin ölkələrdə hər şeyin heç də Qərbin strateji mərkəzlərində hazırlanmış reseptlər əsasında deyil, yerli daxili enerjinin və xalqların yeni inkişaf prosesində baş verəcək urbanizsiya dəyələrinə önəm verilcəyini də açıq şəkildə söyləmişdim. O zaman mənim fikirlərimə Orta Doğu siyasətinə klassik mənada yanaşanlar, bir qədər ironik formada münasibət göstərən opponentlər öz iradlarını belə söyləmişdilər. İndi onların bəziləri ilə London, Kopenhagen, Paris, Amsterdam, Berlin və digər şəhərlərdə yüksək səviyyəli dairələrdə rastlaşanda gözlərindən görürəm ki, əvvəlki baxışlarında xeyli dəyişikliklər yaranmışdır. Şəxsən mən 50 ilə yaxındır ki, İran siyasətində Güney Azərbaycan faktoruna önəm verilməsini ardıcıl şəkildə təbliğ etmişəm. ABŞ başda olmaqla Qərb ölkələrində indi başa düşürlər ki, Güney Azərbaycan faktoru olmadan İranda sosial, ictimai və siyasi proseslər heç zaman inkişafa doğru getməyəcəkdir. Bir baxın, İranda reformistlər qismində çıxış edən Yaşıllar Hərəkatı iki-üç illik mübarizəsindən sonra heç nəyə nail ola bilmədilər. Çünki Güney Azərbaycan bu prosesə dəstək vermədi. İlk dəfə idi ki, İranda bütün xalqlar bir araya gələrək mövcud rejimin dəyişməsi üçün ümidlə ayağa qalxdılar. Güney Azərbaycan çox möhtəşəm səviyyədə milli iradəsini ortaya qoydu. Azərbaycan Türkünün milli, siyasi, sosial, iqtisadi və mədəni hüquqları anlamında şərtləri var idi. Yaşıllar Hərəkatı Güney Azərbaycanın bu tələblərinə susqunluqla cavab verdi. Nəinki Güney Azərbaycanın özündə, eləcə də diasporumuzda bizim milli çıxarılarımızla bağlı modern fars şovinizminin intişar tapdığını və strateji hədəfdə yağışdan çıxıb, yağmura düşməmək barədə haqlı fikirlər irəli sürüldü. Bax belə bir ərəfədə biz GAMAC-ı yaratdıq. İndi Güney Azərbaycanın əsas strateji hədəfi milli istiqlala gedilən yolu səbr və təmkinlə inkişaf etdirməklə buna nail olmağı irəli sürmüşük. Çünki bizim dəyərləndirmələrimiz də, çağdaş dünya siyasətində və regional coğrafi, kulturoloji və etnogenoloji şərtlər də bunu tələb edir.

- Professor söylədiyiniz bu fikri tamamilə yeni bir yanaşma, həm də ərəb dünyasına, eləcə də parn-urdu xalqlarının vahid strategiyasına alternativ Türk Dünyası coğrafiyası kimi də başa düşmək olarmı?

- Tamamilə haqlı dəyərləndirmədir. Bizim demək istədiyimiz də budur. Hər bir xalqın, xüsusilə də super-etonsların tarixən coğrafi yayılma arealı vardır. Bu toplumlar minillərdir həmin coğrafi məkanda özlərinin yaşam tərzinə sahibdir. Onlar özlərinin etnik və mədəni dəyərlərini, kimlik və sosial mənada birgəyaşayış şəraitini formalaşdırıblar. 1925-cü ildə İranda minillər hakimiyyətdə olmuş türkün mədəni, siyasi və sosial mənada dominantlıq təşkil edən rolunu azsaylı fars kultu üzərində paniranizm doktrinasına bağlamaqla Qərb ölkələri çox böyük yalnışlıqlara yol verdi. 19-cu yüzillikdə Qərbdə elmi, strateji və qlobal mənada “Hind-Avropa” nəzəriyyəsi əsasında Orta Doğu siyasətinə önəm verilmişdir. Elə buna görə də Türk Qacar xanədənlığına qarşı Rusiya, Fransa, ABŞ, İngiltərə, Almaniya vahid strategiya ilə yanaşırdı. Pəhləvilər sülaləsinin ömrü isə 53 il davam etdi. Bu yanlış siyasət 1978-ci il 23 Bəhmən İnqilabının nəticəsində devrildi. Super-güc rolunda çıxış edən Qərb paniranizm xəstəliyi adı altında hakimiyyətə iddialı klerikalları dolayı yolla dəstəklədi. 35 ildir İranda siyasi rejimin başında duran mollakratiya əslində paniranizm və fars şovinizmi anlayışından məharətlə istifadə etməklə pəhləvilərin ortaya qoyduğu “VAHİD İRAN MİLLƏTİ” doktrinasını gerçəkləşdirə bilmədilər. Bunun nə qədər yanlış olduğunu indi-indi Qərbdə anlamağa başlamışlar. İranın etnoloji və kulturoloji mənada dominantlıq edə biləcək gücünün daha çox türklərə məxsus olması tədricən etiraf olunmağa başlamışdır. Qatı fars şovinist siyasətinin humanizm anlayışından uzaq olması, bunun daha çox digər xalqlara qarşı faşistcəsinə xarakter alması belə, mənşəcə farslara yaxın olan bəluc, lor, gilək, talış xalqlarının dərin hiddətinə səbəb olmuşdur. Digər yandan ərəb və kürd xalqları da fars şovinizminin boyunduruğu altında yaşamaq istəmədiklərini açıq şəkildə milli iradə olaraq irəli sürməyə başlamışlar. Belə bir dönəmin qarşısını almaqda klerikal rejimin gücü qalmamışdır. Öncələr ölkənin milli gəlirləri sayəsində xüsusi cəza orduları yaratmaqla bunun qarşısını almaq üçün müəyyən addımlar atılırdısa, indi dünya gücləri tərəfindən İrana qarşı embarqoların tətbiq edilməsi nəticəsində rejim artıq laxlamağa başlamışdır. Hər bir toplum 1923-cü ildən başlanılan və bu günə kimi davam edən onların milli kimliklərinin inkarına qarşı milli iradələrini ortaya qoymağa başlamıdır. Güney Azərbaycan bu prosesdə ən böyük coğrafi, milli və sosial güc rolunda çıxış edir. Bir tərəfdən 75 milyonluq qos-qoca Türkiyə, digər yandan 20 ildir dövlət mütsəqilliyinə qovuşmuş Azərbaycan və Türkmənistanın mövcudluğu Güney Azərbaycanın strateji önəminin daha da güclənməsinə səbəb olmuşdur. Təqribən milli diasporumuzun sayının 3 milyona çatması, onların öz milli təşkilatlarını yaratması, dünyanın hər yerində bizim millət olaraq vahid etnos şəklində səfərbərliyimiz üçün möhtəşəm gücə çevrilməmiz kimi başa düşülməlidir. Diqqətlə müşahidə etdikdə görəcəksiniz ki, Güney Azərbaycan siyasi mənada deyil, daha çox maarifçilik və milli düşüncə istiqamətində inkişaf etməyi strateji hədəf seçmişdir. Çünki Güneydə milli mübarizə silahlı formada deyil, mədəni və etnoloji hüquqların tanınması müstəvisində baş verməkdədir. Öz milli hüquqlarını tələb etməyi bacarmayan xalqın sosial və iqtisadi hüquqlarının təsbit edilməsi həmin toplumun birbaşa məğlubiyyəti deməkdir. Bunu Güney Azərbaycanda və eləcə də İranda bir zamanlar baş vermiş solçu baxışların əsas aparıcı güc rolunda çıxış etməsi və sonucda aparılan mübarizənin məğlubiyyətlə üzləşməsi tarixi də sübut edir. Biz onu da açıq şəkildə qeyd edirik ki, Güney Azərbaycan məsələsini hansısa dünya gücünün istəyi ilə deyil, Türk Dünyasının tərkib hissəsi kimi qəbul edilməsini milli iradəyə çevirməyə çalışırıq. Bu proses zatən tarixən belə olub. Onu da bilmək lazımdır ki, fars şovinizminə önəm verməklə Orta Doğu strategiyası heç zaman normal məcrada inkişaf etməyəcək. Çünki fars şovinizmi, paniranizm qavrayışı dini və ideoloji müstəvidə digər xalqları özünün mədəni təsir dairəsi altında saxlamağa xidmət edir.

- Güney Azərbaycanla bağlı indiki siyasi təşkilatlanma prosesi Sizi qane edirmi?

- Əlbəttə qane edir. Ola bilər ki, siyasi təşkilatlanma prosesində müəyyən yanlışlıqlar da olsun. Bunu milli faciəyə çevirməməliyik. Azərbaycan Respublikasının özündə belə, bir sıra tarixi təcrübələrin olmasına baxmayaraq, milli səfərbərliyin istənilən səviyyədə omaması ucbatından Qarabağımız işğal olundu. Azərbaycanda bunun mahiyyətinə indi-indi varılmaqdadır. Çünki sovet rejimi xalqımızın yaddaşından bu möhtəşəm anlayışın mümkün qədər yuyulması üçün dərin siyasət yürütmüşdü. Güney Azərbaycanda milli səfərbərliyimizə qarşı daha qəddarcasına dərin siyasətlər aparılmışdır. Pəhləvilər rejimi qatı fars şovinizmi, solçular paniranizm, klerikallar isə dini-ideoloji müstəvidə bu siyasəti yürütmüşlər. Tarixi milli faciəmizin ən dəhşətli məqamlarından biri də odur ki, elə bu qatı fars şovinizmi və paniranizm ideologiyasının başında milli satqınlarımız dayanmışdılar. Məni bu gün ən çox sevindirən faktor isə Güney Azərbaycanda, həm də diasporumuzda əsas strateji yanaşmanın milli hədəflərimizin üzərində köklənməsidir. Quzey Azərbaycanda isə əsl milli dövlətçiliyimizin təməl prinsiplərinin inkişaf etməsi, ən azından Qafqazda super-gücə çevrilməsi Güney Azərbaycanla bağlı proqnozlaşdırdığımız proseslərin daha möhtəşəm səviyyədə inkişaf etməsinə səbəb olmuşdur. Biz milli maariflənmə ilə yanaşı, insan haqları, bəşəri hüquqlar səviyyəsində artıq bir sıra uğurlar əldə etməkdəyik. Siz diqqətlə Tehrandakı prosesləri izləsəniz bunu təsdiq edə bilərsiniz. Mollakratiya rejiminin addım-addım çökməsi, tamamilə iflasa uğraması prosesi hər ötən gün ərzində daha da dərinləşməkdədir. Rejimin devrilməsi üçün bütün xalqlar öz milli təşkilatlarını gücləndirməklə hərəkətə keçmişlər. Güney Azərbaycanda milli sosiallaşma prosesinin bu günkü inkişaf mərhələsi bizi qane edir. GAMAC bir təşkilat olaraq bütün ictimai və siyasi təşkilatları öz sıralarında birləşdirmək üçün yeni addımlar atmağa başlamışdır. Biz 50 ildir Güney Azərbaycanın qlobal siyasi proseslərdə ən aktual sahə olmasını nəhayət dünya güclərinə inandıra bilmişik. Artıq BMT səviyyəsində Güney Azərbaycanla ciddi şəkildə maraqlanmağa başlamışlar. Çünki mollakratiya rejiminin çöküşündən sonra regionda coğrafi baxımdan yeni dəyişikliklərdə nələrin baş verəcəyi, ictimai, sosial mənada Güney Azərbaycanın öz istiqlalına qovuşması artıq real faktora çevrilməkdədir. Güney Azərbaycan özünü təbii resursları, iqtrisadi imkanları sayəsində inkişaf etdirmək gücünə malikdir. Farslara məxsus regionlar isə bundan tamamilə məhrumdurlar. Bu prosesin dərinləşməsi istiqamətində bizlər öz kəfənimizi çoxdan əynimizə geyinmişik. Güney Azərbaycan indiki kimi heç zaman öz milli istiqlalına qovuşmaq üçün bunca yaxın olmamışdır. Bu tarixi məqamı dəyərləndirərək biz milli istiqlalımız uğrunda daha əzmlə mübarizə aparırırq.


Söhbətləşdi: Ənvər YUSİFOĞLU
Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed