Şrift:
UFAZ-da “ActInSpace 2022” beynəlxalq hakatonu keçiriləcək
16.11.2022 [12:46] - Gündəm
Azərbaycan-Fransız Universitetində (UFAZ) noyabrın 18-dən 19-dək “ActInSpace 2022” beynəlxalq hakatonu keçiriləcək.

Bu barədə UFAZ-dan məlumat verilib. Bildirilib ki, UFAZ Fransanın Kosmik Araşdırmalar üzrə Milli Mərkəzi və Avropa Kosmik Agentliyinin təşkil etdiyi kosmik proqramlara həsr olunan beynəlxalq “ActInSpace” hakatonuna 3-cü dəfə ev sahibliyi edir. Daha əvvəl keçirilən yarışlarda olduğu kimi, bu dəfə də “ActInSpace” Azərbaycan müsabiqəsinin əsas tərəfdaşı kimi “Azərrkosmos” çıxış edir.

“ActInSpace” eyni vaxtda 5 qitədə 34 ölkə və 66 şəhərdə təşkil olunacaq. İştirakçılar fərqli sahələri təmsil edir və komanda şəklində verilən problemi 24 saat ərzində həll etməlidirlər. Bu yarışmanın məqsədi patentlər, proqram təminatı, verilənlər bazası və ya kosmik infrastrukturlara əsaslanaraq sahibkarlığın inkişaf etdirilməsi və kosmik tərəfdaşlar ilə insanlar arasında əlaqələri möhkəmləndirməkdir.

“ActInSpace Azərbaycan” yarışmasında müxtəlif universitetlərdən 150-dən artıq tələbə (32 komanda) iştirak etmək üçün qeydiyyatdan keçib. Yarış ərzində fərqli sahələri təmsil edən 20-dən artıq mentor iştirakçılara dəstək olacaq.

Qalib komanda fevral ayında Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.

“Azərkosmos”la yanaşı, Fransanın Azərbaycandakı səfirliyi, Step IT Academy və “C’est Bon” keytrinq şirkəti də tədbirə dəstək verir.
Bu xəbər oxucular tərəfindən 107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed