Şrift:
Azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsi açıqlanıb
17.11.2022 [10:45] - Xəbərlər, Gündəm, Siyasət
10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 hektar ərazi təmizlənib, 76 810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bunlardan 13 211-i tank əleyhinə mina, 26 899-u piyada əleyhinə mina, 36 700-i isə partlamamış hərbi sursatlar olub: "Təəssüflər olsun ki, İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkib, onlardan 44 nəfəri həyatını itirib".

Vüqar Süleymanov əlavə edib ki, Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə təhlükəsiz həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan beynəlxalq minatəmizləmə qurumlarının potensial imkanlarının öyrənilməsi, təcrübə və nəticələrin dəyərləndirilməsi, habelə, minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün əməkdaşlıq imkanları ANAMA-nın əsas diqqət etdiyi sahələrdəndi
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed