Şrift:
Mərkəzdən köçürülənlərin konpensasiya problemi
18.01.2013 [11:52] - Sosial
Rövşən Talıbzadə: «Mənzil Məcəlləsində göstərilir ki, ədalətli bazar dəyəri ödənilməklə hər bir kəs yaşadığı yerdən köçürülə bilər»

Vüqar Bayramov: «Kompensasiyanın ödənilməsi tariflərinə yenidən baxılmalıdır»

Bakının mərkəzində 1500 hektar ərazidəki evlər söküləcək. Müfəssəl planlaşdırma layihəsinə əsasən həmin ərazilərdə söküntü və abadlaşma işləri 2030-cu ilə qədər həyata keçiriləcək. Belə bir məlumatla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev çıxış edib. Şöbə müdirinin sözlərinə görə, söküntü və abadlaşma işlərinin aparılması nəzərdə tutulan ərazilər Sovetski, Milli Dram Teatrının arxası, Papanin və Kubinka kimi tanınan ərazilərdir. O bu yerlərdən hansında işin daha tez aparılacağını söyləməyin çətin olduğunu da bildirib: «Məsələn, Qış Bulvarında nəzərdə tutulan müddətdə işlər yerinə yetirilmədi. Bir ildir ki, həmin ərazidə işlər başlayıb. Yaxud Kubinkada söküntü və abadlaşmanın daha tez aparılması nəzərdə tutulurdu, ancaq metro çəkilişilə əlaqədar Papanin adlanan ərazidə işlər daha tez başladı».
Komitə sədri söküntüdən sonra adı çəkilən ərazilərdə hündürmərtəbəli binaların tikintisinə icazə verilməyəcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin ərazilərdə 5-7 mərtəbədən hündür binaların tikintisi aparılmayacaq.
Belə görünür ki, 2030-cu ilə qədər paytaxtın geniş bir ərazisindəki evlər söküləcək. Şəhərin görkəminin qədim memarlıq ənənələrinə toxunmadan dəyişdirilməsi yaxşı haldır. Amma burada bir məqam var. O da sökülməsi gözlənilən 1500 hektarlıq ərazidə yaşayan sakinlərlə bağlıdır. Buradakı evlərin sökülməsi müqabilində sakinlərə kompensasiya ödənilməlidir. Maraqlısı odur ki, ödəniləcək bu kompensasiyanın həddi əhalinin maraqlarına nə dərəcədə cavab verəcək? Əvvəlki təcrübələr göstərir ki, bir sıra hallarda sökülən mənzillərin müqabilində burada yaşayan sakinlərə heç də əraziyə müvafiq olaraq kompensasiya ödənilməyib. Belə hallar isə haqlı olaraq vətəndaşların narazılığına gətirib çıxarır. Digər tərəfdən, sökülməsi gözlənilən sözügedən ərazilərdə elə mənzillər var ki, daha müasir şəkildə təmir edilib, bir çox mənzillər isə ya təmirsizdir, ya da sadə üslubda təmir edilib. Belə halda mənzillərin hər birinə ayrı-ayrılıqda qiymət qoyulmalıdır. Bu məqamın da baş tutacağı bir qədər şübhəli görünür. Söküntü prosesində bu kimi məsələlərin həlli vacibdir ki, sonradan vətəndaşlar narazı qalmasınlar. Hətta yeni yerlərə köçən sakinlər sonradan təzə mənzilinin təmiri üçün də əlavə pul xərcləməli olur.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin eksperti Rövşən Talıbzadənin fikrincə, cözügedən ərazidə söküntü işləri aparılarkən qiymətləndirmə zamanı hər bir mənzilə fərdi qaydada yanaşmaq lazımdır: «Sökülərkən mənzillərin qiymətləndirilməsi məsələsi doğrudan da gündəmdə olan məsələdir. Sökülərkən hər bir mənzilə standart olaraq 1500 manat qiymət qoyulması doğru yanaşma deyil. İstər sənədli, istər sənədsiz evlər olsun, istərsə də evin konstruktisiyasından, yəni təmirli və ya təmirsiz, habelə yerləşmə məkanından asılı asılı olaraq mənzillərin hamısını eyni standart qiymət tətbiq oluna bilməz. Bu sahədə fəaliyyət göstərən dövlət qurumları hər bir mənzilə, yaşayış yerinə fərdi şəkildə yanaşmalıdır. Onun təmirli olub-olmamasından, konstruksiyasından asılı olaraq fərdi yanaşma tərzi sərgilənməlidir. Bundan ötrü isə müstəqil qiymətləndirmə şirkətlərinin iştirakı ilə tender keçirilməlidir. Qiymətləndirmə şirkətləri də 1500 hektarlıq ərazidəki mənzillərin hər birinə fərdi qaydada yanaşma ilə evlərin qiymətləndirilməsini həyata keçirə bilər. Mənzil Məcəlləsində də göstərilir ki, ədalətli bazar dəyəri ödənilməklə hər bir kəs yaşadığı yerdən daha yaxşı yerə köçürülə bilər. Minimum halda isə ən azından əvvəlki yaşayış yerinə müvafiq yerlə təmin edilməlidir».
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə prosesin ədalətli şəkildə həlli üçün beynəlxalq təcrübəyə istinad edilməli olduğunu söylədi: «Son köçürmələr zamanı mənzilə görə vətəndaşlara təklif olunan qiymətlər hər kv.m üçün 1500 manat məbləğindədir. Bu isə mənzil sahiblərinin böyük əksəriyyətinin narazılığına səbəb olub. Problem ondan ibarətdir ki, söküntü işləri şəhərin mərkəzi yerlərində olub. Buradan köçürülən vətəndaşlar isə adətən verilən kompensasiya müqabilində şəhər mərkəzindən kənarda mənzil ala biliblər. Çünki verilən kompensasiyanın məbləği şəhər mərkəzində mənzil almağa kifayət etməyib. Digər problem isə söküntünün aparıldığı evlərin adətən həyət evləri olması ilə bağlıdır. Həyət evlərinin böyük qismi isə heç də tam şəkildə rəsmən sənədləşməyib. Vəsait ödənilən zaman yalnız rəsmi sənədləri olan hissə nəzərə alınır. Bu da mənzil sahiblərinin daha az vəsait almasına gətirib çıxarır. Avropa standartına görə vətəndaş uzun müddət hər hansı bir ərazidə yaşayıbsa, kompensasiya ödənilən halda rəsmi sənədi olanlarla yanaşı, olmayanlara da bu haqq tanınır. Əslində həmin mənzil sahəsinin rəsmiləşməməsində vətəndaşdan daha çox, həmin işə məsul qurumlar günahkardır. Bu baxımdan vətəndaşa kompensasiya ödənilən zaman ölkəmizdə də rəsmi və qeyri-rəsmi mənzil sahəsinin hamısına kompensasiya ödənilməlidir. Kompensasiyanın ödənilməsi tariflərinə də yenidən baxılmalıdır. Ukraynada köçürülmə zamanı bütün şəhərlər üzrə qiymətləndirmə məsələsində minimumlar müəyyənləşdirilib. Müvafiq qurumlar hökumətin müəyyənləşdirdiyi həmin minimumdan aşağı qiymət ödəyə bilməz. Azərbaycanda da Bakı rayonları üzrə qiymətləndirmə məsələsində minimumlar müəyyənləşməlidir. Minimumlar da ona əsaslanmalıdır ki, şəhər mərkəzində iki otaqlı mənzilə sahib olan şəxs yaxın ərazidə də iki otaqlı mənzil ala biləcək məbləğdə vəsaitlə təmin olunsun. Deməli, kompensasiyalarla bağlı yeni meyarlar müəyyənləşməlidir».
Rüfət Sultan
Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed