Şrift:
Fərəc Quliyev:İran artıq geri çəkilib, Rusiya da geri çəkilməyə başlayacaq
22.11.2022 [22:38] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“İran artıq geri çəkilib, Rusiya da geri çəkilməyə başlayacaq”.

Bunu Qarabağ ətrafında danışıqların dalana dirənməsi, bunun səbəbləri və Azərbaycanın hazırkı durumunu şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Azərbaycan sərt davrandıqca qarşısındakılar yumşalır:


“Danışıqların dalana dirənməsi daha çox Azərbaycana qarşı olan iki dövlətin – İranın və Rusiyanın, qismən də Fransanın hərəkətlərinin fəsadlarıdır. Əslində, Ermənistan öz fikrini ifadə etmir. Yalnız bəzi məqamlarda öz fikrini deyir. Sadəcə olaraq üzdə bir şeylər danışanda ya ehtiyatdan, ya da verdiyi sözdən gah İranın, gah Fransanın, gah da Rusiyanın sözünü danışır. Yaranmış vəziyyətdə Ermənistan faktoru yoxdur. Ermənistan artıq bir elementə çevrilib.

İran artıq geri çəkilməyə başladı, Rusiya da geri çəkilməyə başlayacaq. Azərbaycan dişli şəkildə mövqe nümayiş etdirdi. Hətta Azərbaycan Prezidenti Moskvadan göndərilən persona ilə danışmayacağıq ifadəsini aydın şəkildə işlətdi. Rusiya da başa düşdü ki, Azərbaycanla başqa dildə danışa bilməz. Ona görə də bu iki faktor zərərsizləşib.

Qalır Fransa. Fransa Rusiya ilə rəqabətdədir. Bundan əlavə, Fransa İrana qarşı ABŞ və Qərbin təzyiqlərinin artdığı zamanda İranın yanında görsənə bilməz. İstəməyərəkdən o da, neytrallaşıb. Prinsip etibarı ilə bu üç element neytrallaşdıqda Ermənistan təkləndiyinin fərqinə varacaq. Məncə, bundan sonra Ermənistan yumşaq danışmaq məcburiyyətindədir. Paşinyan çərçivə sazişindən danışmağa başlayıb. O, öz cəmiyyətlərinin nəbzini yoxlayır. Bundan sonra Ermənistan sərt dildə danışsa, Azərbaycandan kötək yeyəndən sonra öz cəmiyyətinə deyəcək ki, “sərt danışdıqca kötəkləyirlər”.

Hesab edirəm ki, yubanmalar olsa da, Azərbaycan öz yol xəritəsini həyata keçirəcək. İrana qarşı qismən yumşaq mövqe göstərilsə idi, üstümüzə gəlməkdə davam edəcəkdilər. Hesab edirəm ki, gedişat Azərbaycanın xeyrinədir. Bu duruşu və sərt mövqeni qoruyub saxlamaq lazımdır”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed