Şrift:
Azərbaycanın hava məkanını pozan təyyarələr vurulacaq.
19.01.2013 [12:10] - Sosial
Nazirlər Kabineti "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

"Aviasiya haqqında" qanuna, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanmış qaydalarda hava hərəkətinin təhlükəsizliyi, ölkənin hava məkanından istifadəsi ilə əlaqədar məsələlər əksini tapıb. Sənəddə Azərbaycanın ərazisi üzərindəki hava məkanında dövlət sərhədi boyunca xüsusi rejim şəraitində istifadə edilən, eni 13,5 mil/25 km təşkil edən sərhədboyu zolaq təyin edilib.

Normativə əsasən, aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya Hava Hərəkətinin Təşkili Vahid Sisteminin zonasında yerləşən aerodromun dövlət aviasiyası üçün istismarına dair təlimat Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı tərəfindən, mülki və eksperimental aviasiya üçün isə Dövlət Mülki Aviasiya Adminstrasiyasının (DMAA) direktoru tərəfindən təsdiq edilir. Aerodrom rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya birgə bazalı aerodromun istismarına dair təlimat, aeroqovşaq rayonunun sərhədləri HHQ komandanı və DMAA-nın direktoru tərəfindən təsdiq edilməlidir. Qaydalara əsasən, aerodromlar haqqında zəruri məlumatlar Müdafiə Nazirliyinin DMAA ilə birgə dərc etdirdiyi aeronaviqasiya məlumatlarına dair sənədlərdə əks olunmalıdır.

Sənəddə Azərbaycanın hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər. Zəruri hallarda, DMAA dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanlarının təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında hava məkanından istifadə qadağandır.

Qaydalara əsasən, radiolokasiya tanıma sistemi ilə təchiz olunmuş Azərbaycanın bütün hava gəmiləri (o cümlədən, beynəlxalq uçuşlar yerinə yetirən hava gəmiləri) ölkənin hava məkanında uçuşlar yerinə yetirərkən, onların radiolokasiya tanıma qurğuları işə salınmalıdır. Hava məkanında tanınmamış hava gəmiləri və digər maddi obyektlər peyda olduqda, müstəsna hallarda "Çətir" siqnalı verilir. Bu siqnal havada olan bütün hava gəmilərinin (qaydaları pozan hava gəmiləri ilə mübarizə üçün cəlb edilən və axtarış və xilasetmə funksiyalarını yerinə yetirən hava gəmiləri istisna edilməklə) dərhal eniş etməsi və ya qeyd edilən rayondan çıxması tələbini nəzərdə tutur.

Azərbaycanın hava məkanından istifadə qaydalarının pozulması halları da müəyyən edilib. Sorğu (cədvəl, qrafik) göndərmədən, HHQ orqanlarını xəbərdar etmədən, sorğu qüvvəyə minməzdən qabaq və qüvvədə olma müddəti bitdikdən sonra hava məkanının istifadə edilməsi, müvafiq operativ orqanının icazəsi olmadan hava məkanından istifadə edilməsi, uçuşları idarəetmə orqanlarının və yaxalayan-qırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi, nəzarət məqsədləri üçün uçuş yerinə yetirən hava gəmiləri, xüsusi icazə alınmadan qadağan olunmuş zonanın və məhdud zonanın hava məkanından istifadə edilməsi və s. hava məkanından istifadə qaydalarının pozulması hesab edilir.

Hava məkanının istifadəçisi hava hərəkətinin uçuşu ilə bağlı olan pozuntunu dayandırmaq barədə uçuşları idarəetmə orqanının əmrini yerinə yetirmədikdə, HHQ-nin operativ növbətçi komanda məntəqəsinin qərarına əsasən növbətçi təyyarələr (helikopterlər) havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edə bilər. Hava gəmisi tərəfindən məcburi qaydada yerə enmək barədə tələbə əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.

Azərbaycanın hava məkanına daxil olarkən, radiorabitədən istifadə etməyən hava gəmisinin dövlət sərhədini keçməsi qadağan edilir. Qaydalara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ilə razılaşdırılmadan təbii dövlət qoruqlarının üzərindəki hava məkanının istifadəsi 6600 fut (2013 metr) həqiqi hündürlükdən aşağı qadağandır. Səsdən iti sürətlə uçuşlar üçün xüsusi icazə lazımdır. Hava gəmilərinin səsdən iti sürətlə uçuşları üçün hava məkanının 36400 fut (11102 m) eşelondan yuxarı hissəsi istifadə edilməlidir.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed