Şrift:
Fərəc Quliyev:İranın siyasəti dəyişməyib, ancaq Azərbaycanın siyasəti dəyişib
30.11.2022 [14:01] - Xəbərlər, Gündəm, Güney Azərbaycan xəbərləri, Özəl xəbər, Fərəc Quliyev
“Güneyli-quzeyli Azərbaycan insanının duruşu bu cür davam edərsə, qıza zamanda nəticələrə nail ola bilərik”.

Bu sözləri Azərbaycanın İranda yaşayan soydaşlarımızla bağlı strateji hədəflərini açıqlamasını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

“İranın siyasəti dəyişməyib, ancaq Azərbaycanın siyasəti dəyişib. Əvvəl Azərbaycanın istəkləri ilə gücü üst-üstə düşmürdü. Vəziyyətimiz belə idi ki, zəif idik, Ermənistan Rusiyanın dəstəyi ilə ərazilərimizi işğal etmişdi. Hər tərəfdən düşmənlə əhatə olunduğumuz bir vaxtda Azərbaycan strateji hədəflərini elan edə bilməzdi. Hər kəs bilirdi ki, nə qədər İran imperiyası mövcuddur, rus imperiyası mövcuddur, Azərbaycana dinclik olmayacaq. Onlar çalışacaqdı ki, Azərbaycan zəifləsin. Bu dövlətlər Azərbaycanı bölmüşdülər. İranın verdiyi bəyanatlardan da aydın görünürdü ki, onlar Azərbaycan dövlətinin mövcudluğunda qətiyyən maraqlı deyillər. Bütün hərəkətləri və siyasətləri ilə onlar öz işlərini görürdülər. Bəzi məqamlarda bunlar üzə çıxırdı, bəzi məqamlarda pratokol qaydasında gizlətməyə çalışırdılar. İndiki halda Azərbaycan artıq fərqli bir səviyyəyə gəlib çıxıb.

Azərbaycan indi istəklərini və milli hədəflərini elan etməkdən çəkinmir. Bunu gizli, üstüörtülü, təməlləri ataraq da etmək olardı. Ancaq İran tərəfi Azərbaycana qarşı hibrid müharibəsi apardığı üçün biz adekvat davranmağa məcbur olduq. Azərbaycan Prezidentinin və dövlətinin mövqeyi, güneydəki azərbaycanlılara mesajı biz taleyin acı hökmü ilə ayrı düşmüşük, sizi işğal edən, zülm edən dövlət həm də bizim burda qazandığımız azadlığın da əlimizdən çıxmasına çalışır, ayıq olun idi. Güneyli azərbaycanlılara digər mesaj isə o idi ki, nəinki haqlarını qazanmaq üçün mübarizə aparmalısınız, həm də İranın burada oyun çıxarmasına imkan verməməlisiniz. Bir ölkənin yeraltı, yerüstü sərvətləri, coğrafi mövqeyi, industrial qaynaqları nə qədər güclü olur-olsun, insan amilindən doğru istifadə etməsən bunların faydası olmaz. Bu gün güneyli-quzeyli Azərbaycanın insan amilindən doğru istifadə etməliyik. Ona görə də Azərbaycanın ortaya qoyduğu mövqe doğrudur. İranın qoyduğu mövqeyə sərt şəkildə cavab verilməli idi, verildi, bu duruş davam etdirilməlidir. Yumşalmaq olmaz. Prosesi kimin başlatmasının fərqi yoxdur, İranda ayaqlanma var, Azərbaycan türkləri bundan istifdə etməlidir və dəstəyimizi mütləq göstərməliyik. Beynəlxalq vəziyyət də Azərbaycanın xeyrinə işləməyə başlayıb. İran ard-arda səhvlərə yol verir. Həm imperiyadır, öz daxilində vəziyyətini qarışdırıb, həm nüvə silahı əldə etmək istəyir, Rusiya-Ukrayna müharibəsində şərin yanında durur. Bütün bunlar İranın vəziyyətini həm pisləşdirir, həm də Azərbaycanın ortaya qoyduğu mövqelərdən zorən müdafiə olunmasını təmin edir. Azərbaycan bu məsələdə tutduğu kursu davam etdirməlidir”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed