Şrift:
Milli hərəkat şovinist rejimi diz çökdürəcək
21.01.2013 [11:41] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Elyar Makuyi: «Rejimin Güney Azərbaycandakı hərəkatı passivləşdirmək cəhdləri baş tutmayacaq»

«Güney Azərbaycan assimilyasiyaya qarşı savaşır, öz milli kimliyini qorumağa çalışır»

Güney Azərbaycanda son günlər milli fəalların həbsi kütləviləşib. Ona görə də bu dəfə son həbslərdən söhbət açmaq istədik. Suallarımıza əslən Xoydan olan, hazırda isə Türkiyədə yaşayan Elyar Makuyi aydınlıq gətirdi. Məlumat üçün bildirək ki, müsahibimiz 1984-cü ildə Xoyda doğulub. Orta məktəbi orada bitirəndən sonra İsfahan Universitetinə daxil olub. Ali məktəbi müvəffəqiyylə bitirsə də, siyasi fəaliyyətinə görə, təhsilini davam etdirə bilməyib. O, həmçinin Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin üzvüdür.
- Güney Azərbaycanda həbslərin intensivləşməsini nə ilə izah etmək olar?
- Bildiyiniz kimi, Güney Azərbaycanda milli fəalların həbsi çoxalıb. Məlikan (Məlikkəndi) şəhərində tanınmış iki azərbaycanlı fəal həbs edilib. İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») mülki geyimli əməkdaşları dekabrın 30-da yerli vaxtla saat 16:00-da Mehdi Kuxiyanın, saat 17:00-da isə Abbas (Oktay) Vəlizadənin şəxsi mağazalarına hücum çəkərək onları tutublar. Hər ikisinin də mağazasında və evində axtarış aparılaraq şəxsi əşyaları müsadirə edilib. Azərbaycanlı fəallar hazırda «Ettelaat»ın Məlikan şöbəsində saxlanılır. Qeyd edək ki, Mehdi Kuxiyan 4 ay əvvəl də Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardım apararkən həbs edilib və cəza olaraq iki ay mağazasının fəaliyyətinə qadağa qoyulub. Bu arada Mehdi Kuxiyan «Ettelaat»ın Təbriz şöbəsinə köçürülüb. Milli fəalın səhhətindəki problem narahatlıq doğurur. Çünki Mehdi Kuxiyan xərçəng xəstəsidir və hazırda müalicə olunur. Soydaşımız həbs olunduqdan sonra onun müalicəsi dayandırılıb və ailəsinin onu dərmanla təmin etməsinə icazə verilmir. Bundan əlavə, Təbriz şəhərində daha bir tanınmış azərbaycanlı fəal həbs edilib. Mahmud Fəzli 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmiya gölüylə bağlı məsələni müzakirə edərkən 29 azərbaycanlı fəalla birgə tutulub. Məhkəməyə qədər zəmanətlə müvəqqəti azadlığa çıxan Mahmud Fəzlinin işinə Təbriz İnqilab Məhkəməsində baxılıb və bir il həbs cəzası verilib. Qərarın icrası üçün dekabrın 31-də «Ettelaat» əməkdaşları azərbaycanlı fəalın evinə gələrək onu həbs ediblər. Başqa həbs edilən fəallar da var. Milli fəalların rejimə qarşı əzmlə mübarizə aparması İranı qorxuya salır. Bu baxımdan həbslər və təzyiqlərlə hərəkatın qarşısını almağa çalışırlar. Digər tərəfdən də rejim Güney Azərbaycanda gözlənilən aksiyalara qarşı qabaqlayıcı tədbir görmək istəyir. Bildiyiniz kimi, qarşıdan 21 fevral Ümumdünya Ana Dili Günü gəlir. Bu tarix Güney Azərbaycanda da xüsusi olaraq qeyd edilir. Ana dili günü ilə bağlı aksiyalar, tədbirlər, toplantılar keçirilir. Hər il bu ənənə təkrarlandığından bu il də ana dili gününün qeyd edilməsi gözlənilir. Ana dilinin Güney Azərbaycan və hərəkat üçün önəmini rejim də bilir. Gözlənilən aksiyaların qarşısını almaq üçün fəalları indidən həbs edirlər. Tutulan fəalların hər birinin ən azı 11-12 ay həbs cəzası var. Bu o deməkdir ki, onlar nə ana dili günü, nə də qarşıdan gələn 22 may hadisələrinin ildönümüylə bağlı keçiriləcək aksiyalara qatıla bilməyəcəklər. Həmçinin bu il nəzərdə tutulmuş prezident seçkilərində də həbsdə olacaqlar. Rejim bu cür həbslərlə hərəkatı passivləşdirmək istəyir. Amma buna nail ola bilməyəcək.
- Güney Azərbaycanda bu il fevral ayında da ana dili günü ilə bağlı tədbirlər olacaq?
- Heç şübhəsiz. Ana dili Güney Azərbaycan üçün həssas mövzulardandır. Orada 35 milyondan çox bir xalq öz ana dilində yazıb oxuya bilmir. Dil haqqımız hərəkatın əsas tələblərindən biridir. Hər il ana dili günü milyonlarla soydaşımızın rejim tərəfindən haqlarının pozulması təkrar gündəmə gəlir və ictimailəşir. Xüsusən də universitetlərdə ana dili günü hər il qeyd edilir və bu il də ediləcək. Aksiyalar da gözlənilir.
- Bəs həbslər və digər basqılar hərəkata necə təsir göstərir?
- Bu yola baş qoyan bilir ki, hansı təzyiqlərlə qarşılaşa bilər. Əgər diqqət yetirsəniz, görərsiniz ki, hər yaşda həbs edilən fəallar var. Mən bir dəfə 7-8 milli fəalla birgə həbs edildim. Hamımızın yaşı 20-23 idi. Bilirdik hansı yoldayıq. Bu hərəkatı öz əqidəsi seçən milli fəalları həbslərlə qorxutmaq olmaz. 17-18 yaşında həbs edilən milli fəal azadlığa çıxandan sonra yenə hərəkatdakı fəaliyyətinə davam edir. Demək ki, həbslər fayda vermir. Rejimin hərəkatı zəiflətmək cəhdləri nəticəsiz qalıb, bundan sonra da qalacaq. Çünki hərəkata kortəbii deyil, şüurlu şəkildə və məntiqlə qatılırlar. Hərəkatda tək kişilər deyil, mübariz qadınlar da tutulur. Kişisi, qadını, gənci, yaşlısı ilə milli azadlıq hərəkatı ayaqdadır. Biz heç zaman geri çəkilməyəcəyik. Əksinə sonunda fars-irqçi rejimi diz çökdürücəyik.
- Güney Azərbaycanda bir sıra ərazilərin adları dəyişdirilərək farslaşdırılır. Əhali tərəfindən yeni adlar necə qarşılanır?
- Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi rejimin farslaşdırma və assimilyasiya siyasətinin bir parçasıdır. Uzun illər boyu məqsədli şəkildə bu siyasətlərinə davam edirlər. Ərazilərimizin adları dəyişdirilsə də, bu yenilik sadəcə sənəd üzərində olur. Əhali isə həmin yerlərə qədim adları ilə müraciət edirlər. Qədimdən hansı ad olubsa, həmin addan da istifadə edirlər.
- Güney Azərbaycanda yaşayaraq assimilyasiya siyasətindən necə qorunmaq olar?
- Milli kökümüzə, dəyərlərimizə bağlı qalaraq və öyrənərək. Məsələn, mənim nənəmin 86 yaşı var və fars dilini bilmir. Amma öz dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi, ərazilərimizin qədim adlarını bilir. Güney Azərbaycanda onun kimi yaşlı insanlardan öyrənib milli dəyərlərimizi yaşada bilərik. Çünki yaşlı nəsil ərazilərin, şəhərlərin, bölgələrin, kəndlərin adını türkcə bilirlər. Kəndlərimizin birində 126 yaşlı bir nənə yaşayır. O, ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırımın sağ qalmış şahidlərindən biridir. Biz dostlarla gedib həmin nənədən müsahibə aldıq. Bizə baş verənləri danışdı, ermənilərin törətdiyi facilələri, uşaqların başını diri-diri kəsmələrini və başqa dəhşətli qətliamları söylədi. Onun şahidi olduğu hadisələr tariximizdir. Dediyim odur ki, yeni nəsil keçmişini araşdırmalı, öyrəndiyini paylaşmalıdır. Öz kökü üzərində duran xalq hər zaman güclü olar. Sevindiricidir ki, bizim millət oyanan millətdir. Bizim millət oyanır, oyanmağa cəhd göstərir.
- Təxminən 5-6 il əvvəlki hərəkatla indiki hərəkatı necə müqayisə edərdiniz?
- Götürək 2006-cı ili. O zaman mən tələbə idim. May hadisələrindən sonra kütləvi həbslər, hərəkata qarşı gücləndirilən təzyiqlər bizim millətin oyanmasına və hərəkatın güclənməsinə müsbət təsir göstərdi. Güney Azərbaycan assimilyasiyaya qarşı savaşır, öz milli kimliyini qorumağa çalışır. «Traktor»un oyunlarında minlərlə soydaşımız şüar verir: «Azərbaycan var olsun, istəməyən kor olsun!», «Türk dilində mədrəsə, olmalıdır hər kəsə!» və s. Bu kimi milli və siyasi məzmunlu şüarlar da oyanışdan xəbər verir.
- Bəs hərəkatda qadınlar necə iştirak edirlər?
- Rejimin yürütdüyü siyasət nəticəsində ölkədə qadınların heç bir hüquqları yox idi. İranda ilk dəfə olaraq Güney Azərbaycanda qurulmuş Milli Hökumətin dövründə qadınlara səsvermə haqqı tanındı. Artıq qadınlarımız səhnəyə gəldilər. Bu gün hərəkatı dəstəkləyən çox sayda qadın var. Tələbə qızların Güney Azərbaycanda ciddi fəaliyyəti var. Qadınlarda kişilərlə çiyin-çiyinə mübarizə aparırlar.
- Bəs qadınlar da həbs edilirlərmi?
- Həbs edilənləri olur. Məsələn, ötən il may hadisələrinin ildönümündə Əfsanə Toqir həbs edildi. Amma kişilərlə müqayisədə qadın fəallar daha azdır.
- Güney Azərbaycanda milli düşüncəli insanlarla assimilyasiya olunmuş türklər arasında qarşıdurmalar olur?
- Məni həbsdə işgəncə edən assimilyasiya olunmuş türk idi, fars deyildi. Mən onlara deyirdim ki, bu Azərbaycan həm sənindir, həm də mənimdir, biz ana dilimizdə danışırıq. Amma onları rejim manqurtlaşdırdığı üçün milli düşüncələri anlamırdılar.
- Bəs deyəndə ki, biz qardaşıq, eyni qanı daşıyırıq, heç ürəklərinə toxunmurdu?
- Düşünürəm ki, Təbrizdə, Ərdəbildə, Zəncanda və s. olan «Ettelaat» əməkdaşlarının ürəklərinə hardasa toxunurdur. Belə olmasaydı, bizi fars məmurlarının əlinə verərdilər. Məncə, onlar da bir basqıda qalıblar. Onlar özləri də məcazi mənada həbsdədirlər. Biz onları da xilas etməliyik. Onlar da rejimin məhbəsindədirlər. Bizi vurmağa, işgəncə etməyə məcburdurlar.
- Hansı məcburiyyətdən doğur?
- Zamanında bilmədən satılıblar.
- Bəs «Ettelaat»da çalışan məmurlara qarşı ictimai münasibət necədir?
- Qınaq obyektinə çevrilirlər. İnsanlar onları sevmirlər. Onlar adətən, camaatdan harada işlədiklərini gizlədirlər. Amma bilinəndə insanlar yaxşı baxmırlar. Ona görə də istintaq zamanı bizi gözübağlı danışdırırdılar ki, tanımayaq.
- Sizə işgəncə edənlərdən tanıdığınız və azadlığa çıxanda rastlaşdığınız məmur olub?
- Bəli olub. Küçədə rastlaşdıq. Məni görən kimi o da tanıdı, yolunu dəyişib getdi. Ailəsi yanında idi, mən onu görəndə güldüm. Demək istədim ki, sən dünən mənə işgəncə verirdin, ancaq bu gün yenə azadlıqda gəzirəm. Düşünrəm ki, onlar xoşbəxt və azad insanlar deyillər. Ailələrinin, övladlarının yanında gözləri kölgəlidir. Birdən uşağı soruşsaydı ki, bu kimdi sənə gülüb getdi? Nə cavab verəcək? Deyə biləcək ki, işgəncə vermişəm? O zaman çox rəzil bir duruma düşürlər.

Turqut
Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed