Şrift:
Fərəc Quliyev:Bütün ərazilərimizdə mülki idarəetməni təmin etməliyik
14.12.2022 [14:27] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Azərbaycanın bir qrup QHT təmsilçisinin keçirdiyi etiraz aksiyası davam edir. Hazırda Laçın dəhlizində avomobillərin gediş-gəlişi dayandırılıb.

Qeyd edək ki, Azərbaycan Qeyri-Hökumət təşkilatlarının (QHT) bugünkü aksiyasının əsas səbəbi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ətraf mühitlə bağlı vəziyyətin, həmçinin "Qızılbulaq", "Dəmirli" qızıl və mis-molibden yataqlarında həyata keçirilən faydalı qazıntıların qeyri-qanuni istismarı ilə ətraf mühitə vurulan mümkün ziyanla bağlı monitorinqin keçirilməsi tələbidir.

Aksiya iştirakçıları ilk növbədə Rusiya sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüş tələb edirlər. Verilən son məlumata görə, Volkov görüşə razılıq verib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentilə əldə olunan razlığa əsasn Azərbaycan tərəfi "Qızılbulaq", "Dəmirli" qızıl və mis-molibden yataqlarında həyata keçirilən faydalı qazıntıların qeyri-qanuni istismarı ilə ətraf mühitə vurulan mümkün ziyanla bağlı monitorinqin keçirilməli idi.

Lakin erməni separatçıları monitorinq keçirən qrupun əraziyə gəlişinə maneə olub. Bu zaman rus sülhməramlıları isə prosesi sadəcə seyr etməklə kifayətləniblər.

Halbuki, razılığa əsasən onların monitorinq qrupunun təhlükəsizliyini təmin etməli idilər. Azərbaycan öz yuridiksiyasında olan istənilən ərazisində monitorinq keçirməkdə azaddır. Bu mənada "Qızılbulaq", "Dəmirli" qızıl və mis-molibden yataqlarında monitorinq keçirməyə də tam haqqımız çatır.

Əks təqdirdə, görünən odur ki, separatçılar ərazimizdə ekoloji tarazlığı pozmaqda, sərvətlərimizi talamaqda davam edəcəklər.

Yaranmış vəziyyətdə Rusiya sülhməramlılarının hərəkəti onların bir neçə gün əvvəl əldə edilən razılığa göz yumduqlarının, onu saya salmadıqlarının bariz nümunəsidir. Belə vəziyyət sülhməramlıların öz vəzifələrinin öhdəsindən gələ bilmədikləri və ya ümumiyyətlə gəlmək istəmədikləri anlamına gəlir.

Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyir ki, könüllü, ya da zorən öz ərazilərimizdə mülki idarəetməni təmin edəcəyik:

“Ərazidə yaranan bu şərait heç də yeni deyil. Bu Rusiya sülhməramlılarının uzun müddətdir davam edən özbaşınalığının nəticəsidir. Azərbaycan tərəfi bu aksiyalarla anlatmalıdır ki, Rusiya sülhməramlıları mandatsız olaraq burada qonaqdır və onlar yalnız etnik münasibətlərdə gərginlik olarsa, tərəfləri sakitləşdirə bilər.


Yoxsa, ermənilərə dayaq durmaq, mülki idarəetməyə müdaxilə etmək, Laçın dəhlizindən istədiklərini buraxmaq, bunlar mümkün deyil. Azərbaycan tərəfi tədricən ərazi üzərində öz suverenliyini təmin etməlidir. Rusiya bu məsələlərə müdaxilə edə bilməz. Belə dirəniş olmasa qarşı tərəf daha iri cinayətlər törədə bilər. Ya könüllü şəkildə, ya da zorən öz ərazilərimizdə mülki idarəetməni təmin etməliyik”.

Rüfət Sultan/Bizim.Media
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed